Axtarış...

"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram" - ŞOK İDDİA

"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram" - ŞOK İDDİA

“Biz Siyəzən rayonunun Məşrif kəndində dağlıq ərazidə yaşayırıq. Keçən il oktyabr ayının 14-də oğlum Elməddinin şəhid olması xəbəri gəldi və onun nəşini gətirib bizə təhvil verdilər. Amma bizə oğlumun kimliyini təsdiq edən heç bir sənəd vermədilər. Biz şəhidimizi qəbul etdik, bununla belə axtarışlara çıxdıq ki, həqiqətənmi dəfn etdiyimiz şəhid mənim oğlumdur? Hərbi prokurorluqdan gəlib məzarı açdılar və təsdiqləndi ki, həqiqətən də həmin məzardakı mənim oğlumdur. Onlar bizə bildirdilər ki, biz şəhidimizin məzar yerini dəyişdirəcəyik, çünki bura dağların başıdır. Təsəvvür edin ki, bizim yaşadığımız köhnə kənd olub və 4 ildə ikinci şəxsdir ki, həmin ərazidə dəfn edilir. Çünki gəlişli-gedişli bir yer deyil. Onlara bildirdim ki, bizim İcra başçımız rayonda şəhidlər xiyabanı yaratmayıb, bütün şəhidlər dağların başında dəfn olunub. Bizim məscid tikməklə bağlı bir söhbətimiz oldu. İcra hakimiyyətindən bizə dedilər ki, məscid tikdir və övladını da gətir orada dəfn et”.

Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi şəhidi, xüsusi təyinatlı Elməddin Məhərrəmovun atası Şahlar Məhərrəmov bildirib. O deyir ki, üstündən 1 il 2 ay keçməsinə baxmayaraq, oğlunu tikdirdiyi məscidin ərazisində dəfn edə bilmir və hələ də şəhidin məzarının üstü götürülməyib.

“Siyəzən rayon İcra başçısı Novruz Novruzovla görüşdük, onlar bizə məscidin tikilməsi üçün müəyyən olunan ərazini də göstərdilər. Öz hesabıma böyük bir məscid tikdirmişəm. Məsciddə 10 günlük tamamlanma işləri qalıb. Elməddindən də başqa 40-a yaxın şəhidimizin, Polad Həşimov da başda olmaqla mərmərdən məzarlarını hazırlatdırmışam ki, oğlum burada tək qalmasın. Onsuz da rayonda şəhidlər xiyabanı yoxdur, bura elə insanların ziyarətgah yeri olsun. Mənim bir oğlum var idi, dedim ki, heç bir şey istəmirəm, amma məscidi tikdirəcəyəm. 300 min pul xərləyib məscid tikdirmişəm, nəyim var satıb onun tikintisinə sərf etmişəm. Məscidi oğlum üçün tikdirdiyim üçün ona “smeta” çıxartdırmadım. Amma layihəni icra edən şəxs deyir ki, məscidin 1 milyon 200 mindən çox “smeta” dəyəri var. Çoxu gəlib kömək edib, heç onları hesablamıram. Özüm də birinci qrup əliləm. Elməddinin 3 yaşı olanda belim sınıb, gəzə bilmirəm, hələ də sürünürəm. Mənim oğlum xüsusi təyinatlı idi, dövlətimiz ona Zəfər günü “Bayraq” ordeni verdi. Bu orden balaca bir orden deyil. Bundan əlavə də ölkə başçısı onu 5 medalla təltif edib. Amma görün nə olub da. İcra başçısı məscidin tikintisini saxladıb, gündə polisi üstümə tökür. Mən bu İcra başçısı Novruz Novruzovun əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram. Mənə deyir ki, məscidin sənədləri veriləcək, amma oğlunun məzarını nə rayona gətirirəm, nə də məscidin ərazisində dəfn etməyə icazə verirəm. O elə dağların başında qalacaq. Amma halbuki hərbi prokurorluqdan da, icradan da məscidin burada tikilməsinə icazə verib, bu addımımızı təqdirəlayiq bir hal kimi qiymətləndirmişdilər. İcazə olmayan yerdə bir daşı daş üstə qoymaq olar sizcə?! Yəni biz bu qədər ozbaşına olduq ki, icazəsiz götürüb məscid tikdik?! Yaxşı, əgər qanunu pozmuşuqsa məscid tikilməyə başlayanda niyə etirazınızı bildirmədiniz, indi tikilib qurtarıb deyirsiniz ki, qanun pozmuşuq?! 2 aydır məsciddə azan da verilir. İcra başçısı mənə qarşı qərəzli mövqe tutur.

Ümumiyyətlə, o, rayonda şəhidlərimiz üçün heç nə etməyib. Onun şəhidlərimizə zərrə qədər də hörməti yoxdur. Kəndin mərkəzində şəhidlərimizin fotolarının görüntüləndiyi bir monitor var. O monitorun ərazisində eşşəklər yatır, bir “reşotka” qoymayıb ki, ora qurd-quş, heyvanat girməsin. 2 ay bundan əvvəl də mən məscidin açılışını edə bilərdim, amma başçının üzündən edə bilmədim. Mənim yuxarı dövlət qurumlarından heç bir şikayətim yoxdur, onların hamısından razıyam. Bir neçə gün öncə həmin problemlə bağlı Müdafiə Nazirliyinə getmişdim, orda da dedilər ki, “Bayraq” ordeni alan xüsusi təyinatlı şəhidimizə qarşı bu cür münasibət yolverilməzdir. Fəxri xiyabanda dəfn olunan şəhidimiz Cəbrayıl Dövlətzadə mənim oğlumun “pekaşniki” olub. Oğlum elə-belə əsgər olmayıb. Oğlumun göstərdiyi igidliklər bu İcra başçısına çatmır. Bir həftə bundan öncə isə deyirlər ki, məscidi kəndin örüş sahəsində tikdirmisiniz. Ay vicdansız! Özünüz ölçüb, yeri vermisiniz, icra başçısı da 3-4 dəfə tikintidə şəxsən iştirak edib. Allah bu zülmü götürməz! Siz gəlib gözünüzlə görməsəniz, bəlkə də mənim dediklərimə inanmazsınız. Sizdən, baş redaktorunuzdan xahiş edirəm, Siyəzənə, Məşrif kəndinə şəxsən özü gəlib, məsələ ilə yerində məşğul olsun və həllinə kömək etsin. Bir gün əziyyətinizdən şəhidə görə keçib, gəlin əraziyə baxın. İnanın Allaha, dəhşətə gələcəksiniz! Mənim bundan sonra itirəcəyim heç nə yoxdur, dağ boyda övladımı itirmişəm. Oğlum qalıb dağ başında, tikdirdiyim məscidin ərazisində onu dəfn edə bilmirəm. Bütün şəhid valideynləri övladlarının məzarını onun xatirələri, yadigar əşyaları ilə bəzəyir, mən isə hələ də övladıma baş daşı qoya bilmirəm”, - deyə şəhidimizin atası bildirib.
"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram" - ŞOK İDDİA
"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram" - ŞOK İDDİA
"İcra başçısının əlindən zülm çəkirəm, təzyiqdən başımı tutub yaşayıram" - ŞOK İDDİA
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz