Axtarış...

Mənzil sahiblərinin cibinə girən MTK-ların öz başınalığından XİLAS YOLU - Ekspert açıqladı

Mənzil sahiblərinin cibinə girən MTK-ların öz başınalığından XİLAS YOLU - Ekspert açıqladı


“MTK-nın bina sakinlərindən xidmət haqqı tələb etməməsi üçün mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılmasına ehtiyac var”.

Bunu Yenicag.az-a açıqlamasında son zamanlar mənzil-tikinti kooperativləri (MTK) tərəfindən sakinlərdən “kommunal xidmət”ə görə haqq tələb edilməsi hallarının artmasına və sakinlər tərəfindən bu tələbin birmənalı qarşılanmamasına münasibət bildirən “Unipirice” Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert qeyd edib ki, əgər yaşayış binasında mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaranmayıbsa, bu halda kommunal xidmətə görə mənzil-tikinti kooperativlərinin (MTK) haqq tələb etməsi normaldır:

“Bu, qanunvericiliyə uyğundur. Xüsusilə də binanın baxımlılığı, mühafizə sisteminin təşkili, sanitar işlər və içməli suyun davamlı olaraq mənzillərə çatdırılması ilə bağlı müəyyən xidmətlərə görə MTK tərəfindən xidmət haqqı alınır. Mənzillər 51%-dən artıq dolursa, bu halda MTK öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə təhvil verməlidir. Cəmiyyət isə kommunal xərclərin və xüsusən də binanın idarə edilməsi ilə bağlı ya bələdiyyə ilə müqavilə bağlamalı, ya hər hansısa şirkətə müraciət etməli, ya da binanın sakinlərinin bir nəfəri təyin etməsi ilə idarəetməni həyata keçirə bilərlər. Çünki ən azı 6 aydan sonra xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə məlumat verilməlidir. Məlumdur ki, çoxmənzilli binaların idarə olunması bir sıra xərclər tələb edir. Bu xərclərin ödənməsi olmadıqda kommunal məsələsi problem yarada bilər”.

MTK-ların kommunal haqqı tələbindən sakinlərin narazı olmasına münasibət bildirən ekspert vurğulayıb ki, heç bir xüsusi xidmət təqdim etməyən əksər binalarda sakinlərdən alınan ödənişlərin məbləği bahadır. Halbuki xidmət haqqının məbləği binada müəyyən olunan xidmət sahələrinə uyğun təyin olunmalıdır:

“Əgər binada qarşılanma sistemi, mühafizə sistemi və insanların istirahəti üçün hansısa xidmətlər mövcuddursa, bu halda qiymət xidmətlərdən asılı olaraq dəyişə bilər. Premium klass olan binalar var ki, burada xidmət haqqı bahadır. Elə binalar var ki, hovuz, kinoteatr və bu kimi digər xidmətlər fəaliyyət göstərir. Lakin heç bir xidmət göstərilmədiyi təqdirdə sakinlərdən yüksək xidmət haqqının tələb olunması qeyri-məqbuldur. Bu cür binalarda 1 kvadratmetr üçün xidmət haqqı 20 qəpikdən yuxarı olmamalıdır. Əsas məsələ odur ki, bir çox MTK-ların su anbarları olmalıdır. Yəni, “Azərsu” suyu birbaşa mənzillərə çatdırmır, anbara verir. İldə ən azı bir dəfə bu anbarların təmizlənməsi həyata keçirilməlidir. Bəzən anbarlarda çat yaranır və su itkisinə səbəb olur. Bu fonda tələb olunan xərc binanın sakinləri arasında bölünür. Bu gün binalarda əsas problem xidmət haqqının həddindən artıq tələb olunmasıdır. Bu gün 20 qəpikdən başlayaraq 2 manata qədər xidmət haqqı tələb edən MTK-lar var. Bu vəziyyətin qarşısını almaq və ədalətli idarəetmə üçün binalarda mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılmalıdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz