Axtarış...

İranla bağlı səfər təəssüratlarım, gördüklərim və eşitdiklərim

Yəqin heç vaxt ağlıma gəlməzdi ki, haçansa babamın tez-tez mənə nisgillli bir dillə nəql etdiyi ölkədə səfərdə olacaq, bu diyara sözün həqiqi mənasında vurulacağam. Bizə yaxın qonşu, dost və qardaş ölkə İranda iki dəfə olandan bir müddət sonra onun adət-ənənələri, bu ölkədə İslama verilən böyük dəyər, ümumilikdə unudulmaz səfər təəssüratlarım haqqında yazmağı qərara aldım.

Mən 1963-cü il, martın 17 -də Bakıya ən yaxın yaşayış ərazisi olan Qobu qəsəbəsində dünyaya göz açmışam. Anamın atası Əli babam Ərdəbil -Sarab tərəfdən idi. Ötən əsrin əvvəllərində ailəsi onu 13-14 yaşlarında ikən Bakıya təhsil almağa göndərmisdi. 7 qardaşın sonuncusu olan Əlini gözlərindən uzağa qoymaq istəmədikləri üçün onu Avropa və ya Rusiyaya göndərməmis, yaxın saydıqları Bakıda oxumağını məsləhət bilmişdilər. Əli babam o vaxt Bakıda yeni açılmış gimnaziyada oxuyur, ailəsi, qardaşları isə ona tez- tez baş çəkirdilər. Sovet hökuməti qurulandan bir neçə il sonra İrandan olanları İrana deportasiya edirlər. Sərhədlər bağlandı, ailələr bir -birindən ayrıldı, gediş-gəlişə son qoyuldu. Babam isə o vaxt içərişəhərli Küşvərə vurulub onunla evlənmiş, Bakı qeydiyyatına düşmüşdü. Buna görə geri qayıtmır, dəmiryolu yetişdirən texnikumu bitirib Biləcəri deposunda işə girir. Bir neçə il sonra vəzifə pillələrində sürətlə irəliləyərək Depo rəisi təyin olunur. Uzun ömür sürsə də daim İranda qalan ailəsinin, xüsusən ana- atasının, qardaşlarının və qohumlarının xiffətini çəkirdi. 86 yaşında dünyasını dəyişən zaman da son nəfəsində onların adını çəkdi. Hələ institututda təhsil alırkən ona söz vemişdim ki, işə girən kimi onu İrana aparacam. Sözümü tuta bilməsəm də, onun yurd həsrətinə mənəvi anlamda, mən son qoydum.
İranla bağlı səfər təəssüratlarım, gördüklərim və eşitdiklərim
Bir gün redaksiyaya İran səfirliyindən İslam İnqilabının ildönümü münasibətilə Tehranda keçirələcək beynəlxalq konfransa rəsmi dəvət gəldi. Redaksiyada bilirdilər ki, mən babamın son nəfəsində belə dilindən düşməyən o yerləri görməyi çox arzulayıram. Ona görə də nümayəndə heyətinin tərkibinə mənim də adımı daxil etdilər. O gecə sevincimdən gözümə yuxu getmədi. Səfər hazırlıqlarından sonra gecə reysi ilə İran İslam Respublikasının təyyarəsində Baki hava limanından ayrıldıq. Pəncərələrdən heç nə görünmürdü. Aşağıda zülmət qaranlıq hökm sürürdü. Stüardessaların mehriban və səmimi davranışı, ləziz yeməklər, sərin içəcəklər heç nə görməməyin məyusluğunu xoş əhvalla əvəzlədi. 50 dəqiqə çəkən uçuşun sonuna yaxın Naxçıvanın və Təbrizin sayrışan işiqları bizi duyğulandırdı. Tehran hava limanından müasir rahatlığı olan avtobusa əyləşib yola düşdük. Limandan başlayan rahat yol bizi tez bir zamanda paytaxta gətirib çıxardı.

Tehrana yaxınlaşdıqca işıqlı küçələr, yaşıl parklar, yaraşıqlı binalar, səliqəli xiyabanlar insanı məftun edirdi. Tehranın digər məkanlarını da seyr ederkən vurğunluğumu gizlədə bilmirdim. Daha sonra öyrəndim ki,Tehran paytaxt olmaqla yanaşı, həm də xarici sərmayədarlar üçün kapital qoyuluşunda mühüm rol oynayır. Nəhəng zavod və fabriklər, çoxsaylı ofislər sanki uzaqdan istehsalın yüksək səviyyədə olmasını bəyan edirdi.Tehran ,eyni zamanda, əhalisinin çoxluğu, müxtəlifliyi ilə də fərqlənirdi. Ancaq bu fərqlilik ən uyğun bir nöqtədə eyniləşmişdi: İslama bağlılıqda, ibadətdə və dinimizin atributlarına sayğı və hörmətlə yanaşmada. Tehran barədə təəssüratlarım o qədər zəngindir ki, düşünürəm yazmaqla bitməz. Parklarda insanların yaşıl qazonlar üzərində ailəlikcə nahar etmələri və təbiətdən zövq almaları üçün yaradılan şərait xüsusilə xoşagələndi.

İranla bağlı səfər təəssüratlarım, gördüklərim və eşitdiklərim
Səhər otelin restoranına enib səhər yemeyi yedik. Çox zəngin mətbəx ənənəsinə malik iranlıların səhər yeməyində sağlam qidalanmaya üstünlük verildiyi göz önündə idi. Dünyanın dörd bir tərəfindən gəlmiş müsafirlər ürəkləri nə çəkirdisə özləri götürüb masalarına gətirirdilər. Öyrəndik ki, bütün ərzaqlar-süd, yumurta, süd məhsulları, tərəvəzlər ekoloji baxımdan sağlamdır və ərzaqlar yerli fermerlər vasitəsilə tədarük olunur, xaricdən idxal edilmir. Səhər yeməyindən sonra Azərbaycan nümayəndə heyəti üçün ayrılmış avtobusa əyləşib beynəlxalq konfransın keçirildiyi mərkəzə yollandıq. İclas salonunda fərqli ölkələrdən təşrif gətirmiş yüzlərlə insan toplanmışdı. Ərəbistandan, Fələstindən, Afrikadan, Avropanın müxtəlif ölkələrindən gələn müsəlmanları bir amal birləşdirirdi-İslami dəyərlərə bağlılıq. Ali dini rəhbər Seyid Əli Xamenei ağanın konfrans iştirakçılarına ünvanlanmış məktubu oxunduqdan sonra çıxışlar başladı.

İclas salonundan foyeye keçərkən İran və digər ölkə KİV qonaqlardan müsahibə götürməyə başladı. Bizim heyəin üzvləri və o cümlədən mən də İran, Türkiyə və digər -ölkələrin mediasına müsahibələr verdim, Azərbaycanın haqq işini, Vətənimizin azadlığı və suverenliyi uğrunda apardığımız mübarizə, sülh danışıqlarının boş yerə uzadıldığını, ATƏT-in Minsk qrupunun onillərdir heç bir konkret nəticəyə nail olmadığını və torpaqlarımızı müharibə yolu ilə almaqdan başqa çarəmiz qalmadığını diqqətə çatdırdım.(Zaman bizim haqlı olduğumuzu gostərdi.) İkinci gün konfrans sektalarda davam etdirildi və Türkiyə nümayəndələri ilə birgə keçirilən müzakirələrə qatıldıq. Sələhiyyətlilər rəsmi Tehranın qonsuları ilə sülh və anlaşma şəraitində yaşamaq, ticarət və mədəni ələqələri daha da genişləndirmək məqsədilə Türkiyə ilə danışıqları intensivləşdirdiklərini , Türkiyə mediası, QHT sektoru ilə əlaqələri arıtrmaq niyyətləri barədə məlumat verdilər, atılacaq konkret addımlar sadalandı.


Nahardan sonra, mətbuat konfransı təşkil edildi. İranın keşmiş XİN rəhbəri, hazırda Ali dini rəhbərin dəftərxana müdiri cənab Əli Vilayəti müxtəlif ölkələrdən gələn iştirakçıların və media nümayəndələrinin çoxsaylı suallarını cavablandırdı. Mən də cənab Vilayətiyə tərcüməçi vasitəsilə ölkədə qadın hüquqlarının qorunması və təhsil sahəsinin durumu ilə bağlı sual ünvanladım. Onun əhatəli və dolğun cavabı təkcə bizim deyil , bütün iştirakçıların ürəyincə oldu. Vilayəti bildirdi ki, İslam inqilabından bəhrələnən ən böyük təbəqə qadınlar və uşaqlardır:” İran İslam İnqilabının ən əsas nailiyyətlərindən biri də İran qadınlarının qanunverici və məhkəmə hakimiyyəti sistemində fəaliyyətinin genişlənməsidir.İran qadınları inqilab zamanı öz sözlərini dedi. Şah əleyhinə olan mitinqlərdə qadınılar aktiv iştirak edirdilər. Qadınlara qarşı olan qeyri-bərabərliyə, qanunsuzluqlara və onların ölkənin ictimai-siyasi həyatından təcrid edilməsinə qarşı ciddi etirazlar baş qaldırmışdı. Şah rejiminə qarşı mitinqlərdə qadınların hicab geyinərək küçələrə çıxması onların nəinki dini dəyərlərə hörmətini ifadə edirdi, həmçinin belə geyim forması şah rejiminə qarşı və qərb həyat tərzinin və mədəniyyətinin əleyhinə etiraz simvolu idi. İnqilabdan sonra İran dövlətinin yeni Konstitusiyasının qəbulu üçün keçirilən referendumda da İran qadınları ölkənin gələcək siyasi quruluşunun müəyyən edilməsində və İslam dəyərlərinə əsaslanan yeni idarəetmə modelinin yaradılmasında ciddi fəaliyyət göstərdilər.

Ölkənin dini liderləri dəfələrlə diqqətə çatdırblar ki, “İslam nöqteyi-nəzərindən kişilər və qadınlar insan cəmiyyətindəki bütün fəaliyyətdə eyni hüquqlara malikdirlər. Təsadüfi deyil ki, ”İnqilabın rəhbəri Xomeyninin “Əgər qadın tələb edilən fiziki keyfiyyətlərə, istəyə və vaxta malikdirsə, o, istənilən ictimai fəaliyyətlə məşğul ola bilər və ölkənin yenidən qurulması qadınlara münasibətdə, onun cəmiyyətdə yerinin müəyyən edilməsində düzgün yanaşmanı tələb edir” fikri indiyə qədər qadınlara münasibətdə əsas priotitet olaraq qalır. 1990-cı ildən indiyə qədər qadınların ictimai-siyasi və sosial-iqtisadi fəaliyyətinin genişləndirilməsinə, onların vətəndaş və siyasi hüquqlarının müdafiəsinin təmin edilməsinə yönələn xeyli sayda qanunlar qəbul edilib.
İranla bağlı səfər təəssüratlarım, gördüklərim və eşitdiklərim
2005-ci ildə Mədəni inqilabın Ali Şurası “ İslam rejimi şəraitində qadınların hüquq və vəzifələri Xartiyası” adlı sənəd qəbul etdi. Bu xartiyanın əsas müddəaları 2006-cı ildə qəbul edilən “Qadınların hüquq və vəzifələri haqqında Qanuna” daxil edildi. Bu qanun qadınların ailədə, sosial-iqtisadi və maliyyə sferalarında əsas məsələlərini tənzimləyir.İranın 20 illik perspektiv planında bütöv bir bölmə qadınların sosial həyatda rolunun möhkəmlənməsinə və onların qanuni hüquqlarının tam təmin edilməsinə həsr edilib.


1979-cu ildə təhsil sisteminin islam dəyərləri əsasında yenidən qurulması dini dəyərlərlə yaşayan ailələrdən olan qızların məktəb və universitetlərə qəbuluna daha geniş şərait yaratdı. Belə ki, son 30 ildə qadınlar arasında savadlılıq dərəcəsi 35. 5 %-dən 80% qədər artdı. Hətta şəhər əhalisi içərisində bu rəqəm 88% çatır. Bu gün demək olar ki, qızların 100% ibtidai siniflərdə təhsilə cəlb edilib. Bütün abiturientlərin 60%, tələbələrin isə 50%-i qızlardır. Dini Mərkəz hesab edilən Qumda rektoru qadın olan və xüsusi olaraq qadınlar üçün nəzərdə tutulan dini universitet təsis edilib. Digər universitetlərdə qızlar oğlanlarla birgə təhsil ala bilərlər. Əgər inqilabın ilk vaxtlarında qadınlar üçün bir neçə ixtisasa yiyələnmək qadağan idisə, 1989-cu ildə mədəni inqilabın Ali şurasının qərarı ilə bu qadağalar aradan götürülüb. İran qadınlarının təhsil və elm potensialının artması nəticəsində onların ictimai-siyasi aktivliyi də xeyli yüksəlib. İranda qadın hüquqlarını müdafiə edən siyasi təşkilatlar və çoxlu sayda qadın jurnalları fəaliyyət göstərir. Yaxın Şərqdə ilk dəfə qadın informasiya agentliyi məhz İranda fəaliyyət göstərməyə başlayıb. İran qadınları idmanla çox geniş spektrdə məşğul olurlar. İran Konstitusiyasına, Mülki Məcəlləsinə və Əmək Qanununa görə qadınlar iş seçimində kişilərlə eyni hüquqludurlar. Lakin bəzi istisnalar var ki, onlar da qadınların sağlamlmlığını qorumaq məqsədilə onların ağır fiziki əməklə məşğul olmasına qadağa qoyur. Rəsmi olaraq qadınlara hamiləlik və doğuşla bağlı 90 gün məzuniyyət nəzərdə tutulur.

Qadınların siyasi fəaliyyəti, xüsusilə seçki prosesində qadınların aktivliyi, onların qanunverici hakimiyyətdə təmsilçiliyini durmadan artırır. Seşkilərdə qadınlar kişilərdən daha aktiv iştirak edirlər. Onlar öz seşki hüquqlarına daha məsuliyyətlə yanaşırlar. Artıq İran parlamentində bir çox qadın millət vəkilləri fəaliyyət göstərir. Onlar ölkədə qadın hüquqlarının qorunması, qadınların maraqlarının müdafiəsi sahəsində deputat fraksiyası formalaşdırıblar. Qadınların əmək və sosial vəziyyətinin yaxşılaşdırılması, qadınlar üçün iş vaxtlarının azaldılması, gənc analara dövlət yardımının göstərilməsi və sair sahələrdə qanunvericilik aktlarının hazırlanmasında qadın millət vəkilləri yaxından iştirak edirlər. Artıq İran qadınları ölkə prezidenti vəzifəsinə də öz namizədliklərini vermək hüququna malikdirlər.

İranla bağlı səfər təəssüratlarım, gördüklərim və eşitdiklərim
Nazilə Atakişiyeva
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz