Axtarış...

Ortaq mənəvi dəyərlər - Novruz ənənələri

Ortaq mənəvi dəyərlər - Novruz ənənələri


Ortaq mədəniyyət və məişətə malik İran və Azərbaycan xalqlarının qədim tarixi, müştərək dili, adət-ənənələri var. Müştərək şairlərimiz, yazıçılarımız əlaqələrimizin inkişafında mühüm rol oynayıb və indi də oynayırlar. Ortaq mənəvi dəyərlər toplusunda milli-dini bayramlar da mühüm yer tutur ki, onlardan biri də Novruz bayramı və onun minilliklərə söykənən adət-ənənələridir.

Novruz Yeni il bayramıdır. Farsca adı da Yeni gün deməkdir. Bu bayram hər il eyni vaxtda - martın 20-də və ya 21-də - Yaz Günəş qarşıdurması günündə qeyd edilir. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir. Qədim İran imperiyasından qalma bu bayramı Şərq xalqlarının əksəriyyəti zaman keçdikcə öz milli bayramları kimi qəbul ediblər. Xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayaraq bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq Iran, Azərbaycan, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayıblar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Bu, bir daha göstərir ki, Novruz bayraminin kökü qədim irandan gəlməklə, sonralar digər xalqlara da yayılıb. Hədislərin birində deyilir ki, İslamın ilk illərində bu bayram haqqında Allahın son elçisindən sual edilib və peyğəmbərimiz tərəfindən Novruzun qeyd edilməsinə narazılıq göstərilməyib. Əksinə bayramın adət-ənənələri haqda iranlı Salmandan öyrənərkən "kaş ilin hər günü Novruz olaydı" deyib. Hazırda bir çox ölkələrdə, o cümlədən, İran və Azərbaycanda bu bayram dövlət səviyyəsində qeyd edilir. Qədim dövrlərdən bəri xalqlarımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib.

Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Qədim Vavilona da bu bayram nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı b.e.ə. 505-ci ildə yaranıb. Novruzun İslamdan əvvəl yaranmasını Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da öz əsərlərində təsdiq ediblər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini və başqalarını qeyd etmək olar. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər də çox qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz İranın qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramını bəziləri ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (əfsanəvi İran şahları Kəyumərs, Cəmşid və başqaları) adı ilə bağlayır. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs edərək Novruz bayramının təbiətin oyanması , əkinçilik təsərrüfatının başlanması ilə bağlı bayram olduğunu qeyd edib. Nizamül Mülk (XI əsr) "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edib. Novruzun gəlişi klassik şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirdə də təsvir və tərənnüm edilir. Ümumilikdə Novruz İranda, Azərbaycanda və Mərkəzi Asiyada çox təntənəli şəkildə keçirilir.

Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilib və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranıb. Əski inamlara görə, bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirillir". Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır.

Birinci su çərşənbəsidir. Yəni, bahara doğru çayların buz bağlayan yerləri əriyib sulara qarışır. Torpaq yavaş-yavaş islanmağa başlayar. Qızlar bulaqlardan sərin, şirin su gətirər, evin ətrafına çiləyər, üzlərini yuyardılar. İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalanır. Həmin axşam hər ailə üzvünün adına bir dənə şam yandırılar, xonçalar düzəldilər. Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı , təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Axırıncısı isə torpaq çərşənbəsidir. Torpağı uca Yaradan - Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də, ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Çərşənbələrin içində ən vacibi axırıncı - axır çərşənbə axşamıdır və əsas qəziyyələr onda başlanır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. süfrəyə gətirilər. Süfrədə bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə aid şam, boyadılmış yumurta qoyulur. Süfrədə yeddi növ yemək olmalıdır. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar. Adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Xalqlarımız qədimdən bəri səməni göyərtməklə, növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamışlar. Amma qəyd edək ki, İran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində də “s” hərfi ilə başlayan 7 nemət olmalıdır. Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.İran və Azərbaycanda insanlar bu bayramı həmişə öz evlərində, ailələrində qeyd ediblər. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" - meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) qeyd etmək olar. Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur.

Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan". Amma doğma evini məhz bayram axşamında tərk edən babam üçün bu müddət 7 il deyil, ömürlik olub. Mənim anamın atası, Əli babam uşaqlığının Novruz xatirələrini bizə nisgilli səslə danışar, İranda, öz ailəsi ilə birgə keçirdiyi şənliklərdən kədərlə söz açardı. O, ötən əsrin əvvəllərində, yeniyetmə yaşlarında İranın Sarab viləyətindən Bakiya oxumağa gələndə ağlna da gəlmirmuş ki, təhsilini başa vurub geri qayıtmaq istədiyi gün icərişəhərdən olan varlı bəy qızı Kişiləri görüb bir könüldən min könülə qıza vurulacaq və getməkdən vaz keçəcək, evlənib Bakıda qalacaq, ömrünün sonuna kimi ailəsini-valideynlərini, bacı-qardaşlarını görməyəcək, bu həsrətlə dünyasını dəyişəcək. Babamın ailəsi imkanlı imiş, böyük taxıl zəmiləri, bağları varmış. Onu Avropaya uzaq olduğuna görə göndərməyib yaxın, dili bir, dini bir qardaş ölkəyə oxumağa yola salmışdılar. Onlar haradan biləydilər ki, tezliklə sərhədlər bağlanacaq, doğmalar bir-birindən ayrı düşəcək , sevimli övladları Əlidən heç bir xəbər ala bilməyəcəklər. Babam danışardı ki, Novruz qabağı atası hacı Məmmədbağır ağa onlara- 7 qardaş, 2 bacıya, anasına, nənəsinə və bütün qohumlara Tehrandan bahalı paltarlar, bəzək və zinət əşyaları alıb gətirər, bibiləri, xalaları, əmiləri və dayıları onlara bayram hədiyyələri verər, axşamlar isə yaşıdları ilə qohum evlərinə gedib bacadan tirmə şal sallayıb bayram payı toplayardılar. O, qızların su çərşənbəsində bulaqdan səhənglə su gətirməsindən, od çərşənbəsində uşaqların və boyuklərin ocağın üstündən atılmasından, nənəsinin kirkirədə qovrulmuş buğdanı üyüdüb onlara şərbətli qovut hazırlamasından, bayram axşamı anasının süzdüyü plovun ətrinin bütün məhəlləyə yayılmasından, uşaqlarla oynadığı oyunlardan, at capmalarından söhbət açarkən gözlərim önündə canlı və əlvan bir mənzərə canlanardı. Babamın gözlərindən isə həsrət yaşları süzülərdi.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil olunub, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.

Mehriban qonsu, dost və qardaş iranlılarla azərbaycanlılar üçün olduqca əziz sayılan bu bayram münasibətlə hər iki xalqı təbrik edir, onlara yeni ildə sulh və bol ruzu arzu edirik.


Ortaq mənəvi dəyərlər - Novruz ənənələri







Nazilə Atakişiyeva
Text-to-Speech

DİNLƏ






Şərh yaz