Əslən Şəmkir rayonundan olan, eləcə də 2010–2020-ci illərdə dördüncü və beşinci çağırış 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilən xanım Sahibə Qafarovanın Əliyaqublu kənd sakinlərini aldatdığı, seçicilərinə yalan vədlər verdiyi üzə çıxıb.
"Demokratik.Az" saytının məlumatına görə, Parlamentimizin spikeri son seçki dövründə təbliğat-təşviqat üçün səfər etdiyi Əliyaqublu kənd mədəniyyət klubunu, kəndin uçub-dağılan və qapısı bağlı saxlanılan kasad kitabxanasını yaddan çıxarıb, lakin bu "mədəni daxmalar" təmir olunmaları üçün həsrətlə onun yolunu gözləyir.
Kənd sakinlərinin sözlərinə görə, Sahibə Qafarova ötən ilin yanvarında Şəmkirdə bir sıra görüşlər keçirib, eləcə də onların kəndinə də gələrək problemlərlə maraqlanıb. Və gedərkən də kəndin əsas problemləri kimi SSRİ dönəmindən qalma mədəniyyət klubunun və təmirə ehtiyacı olan kiçik kitabxana binasının təmirini öz üzərinə götürüb. Təbii ki, şirin vədi seçkiqabağı təbliğatda onun işinə yarıyıb. Kənd seçicilərinin də səsverməsi ilə Sahibə Qafarova növbədənkənar parlament seçkilərindən də qalib ayrılıb. Lakin, aradan 2 il ötür, spiker deputat millətvəkilliyi səlahiyyətlərinə aid olmasa da, Əliyaqublulara verdiyi adi vədi yerinə yetirmir. Hansı ki, onun bircə zəngi, bircə tələbnaməsi kifayət edər ki, aidiyyatı qurumlar qəflət yuxusundan ayılıb Şəmkirdə olan bir sıra tarixi-mədəniyyət evlərinin təmir-bərpa işlərinə start verə, sənədlərdə cari təmir adı altında yürüyən qələtlərə son qoyula...
Kənd sakinlərinin müraciətləri əsasında adıkeçən mədəniyyət ocaqlarında olduq. Hər iki binaya qarşı müşahidə olunan deqradasiya doğrudan da üzücüdür. Kənd Mədəniyyət EVİ (klubu) bir inzibati otaqdan və sovet hakimiyyəti dönəmini xatırladan zaldan ibarətdir. Üfunətli və kirli binanın şadara dam örtüyü, çürük taxtadan olan şüşəsiz və cırılıb süzülən, pərdəsiz pəncərələri, yararsız döşəmə və tavanı ölkənin iqtisadi-sosial inkişafını, hökumətin mədəni dəyərlərə sayğısını təkzib edir. İçəridə divarlardan asılan toz-torpaqlı, əcnəbi kişi portretləri adama deyir ki, bu kənddə hələ də şura hökumətidir, ya da büdcəsi boş qalmış müstəqillik illərimizin xaos dövrüdür.
Zalda ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin də baxımsız şəkillərinə rast gəlinir. Lakin, klubun işə çıxmadan maaş alan əməkdaşları dövlət qurucularının şəkillərinin, digər məlumat lövhələrinin haradan və necə asılmasını belə düzgün müəyyən edə bilməyiblər.
Burada mədəni tədbirlər keçirilməsi üçün minimum şərait belə yoxdur. Bircə divarın əhəngi ağarır, natəmizlikdən təbii rənglər də tündləşib. İçəridə heç bir avadanlığa, musiqi alətinə, monitora, milli geyimə, heç olmazsa pianino və ya nağara-balabana rast gəlmirsən. Sadəcə, yeni inventarlaşdırma siyasətindən o aydın olur ki, bir küncə qalaqlanan 40 illik köhnə standart stullar hələ də Şəmkir Mədəniyyət Şöbəsinin kağızları üstündə mövcudluğunu qoruyub saxlayır. Binanın içi-çölü təmir görməsə də, kluba yeni stulların verilməsi əslində buranın idimini bir az daha pozur. Çünki, ucuz və yarımüasir oturacaqlar ala-yarımçıq düzülüb, ya təminat az olub, ya da böyük ehtimalla kəndin başbilənləri stulların yarısını öz evlərinə daşıyıblar. Klub müdirinin ayda-ildə baş çəkdiyi boş iş otağı isə ümumiyyətlə standartdan kənardır.
Klubun qarşısındakı Əliyaqublu kənd kitabxana filialı da uzun mçüddətdir özünə fatihə oxuyub ağlayan bircə oxucu axtarır. Azı 30 ildir təmir görməyən, qapı-pəncərələri kimi qıfılı da sovetdənqalma kitabxananın halına üzülsən də, bunca klassikaya heyran olursan. Düşünürsən ki, bəlkə də burada çalışan bütün işçilərə büdcədən maaş elə ona görə verilir ki, köhnə idimi qoruyub saxlasınlar. Bəlkə də bilmirik, ruscanı yaxşı bilən spikerimiz yaxın gələcəkdə Şəmkirin deputatı olaraq yaxasına Rusiya medalı taxdıracaq ki, nə var, SSRİ dönəmindən bizə miras qalan daxmaların olduğu kimi qorunub saxlanmasına alqış deyir. Təbii ki, bu ironik yanaşma deputatın vədindən küsən Əliyaqublu sakinləri üçün təsəlli üçündür.
Sirr deyil ki, xalqların və millətlərin formalaşmasında ən mühüm rol oynayan amil mədəniyyətdir. Azərbaycan kimi ölkələrdə isə mədəniyyətin inkişafı təkcə şəhərlərdə deyil, kəndlərdə də təşəkkül tapmalıdır. Bunun üçün isə Şəmkirin Əliyaqublu kəndinin timsalında, bütün ucqar kənd mədəniyyət müəssisələrinin təmiri və yenidən qurulması, eləcə də fəaliyyətlərində müasir dönüş və dinamikanın qurulması olduqca vacibdir.
Xanım Sahibə Qafarova vədini unudub qaçsa da, bir kəndin deyil, əslində ölkənin mədəni inkişafına bilavasitə cavabdehlik daşıyan şəxslərdən biri də məhz parlamentin spikeridir. İnanırıq ki, S.Qafarova seçicilərinə vədinin fonunda ölkə mədəniyyətinin acınacaqlı durumunu yada salacaq...
Osman Nərimanoğlu
Demokratik.Az