“Sabiq deputat Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyev qanunsuz həbs həyatı yaşayır. Qərəzli həbsinin əsl səbəbi də məhz Hüseyn Abdullayevlə qohum olmasıdır”.
Bunu “Yeni Sabah”a etdiyi müraciətdə Bayraməliyev Tural Aslan oğlunun nümayəndəsi Samir Zeynalov deyib. O, bildirib ki, T. Bayraməliyev artıq 3 ildir ki, qanunsuz həbs həyatı yaşayır: “O, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin baldızı, sabiq gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızına məxsus 824.156,55 manat əmlakı dələduzluq yolu ələ keçirməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Ramella Allahverdiyevanın çıxardığı 05 avqust 2020-ci il tarixli hökm ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilib. Sözügedən hökm Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası (sədrlik edən hakim Əmir Bayramov) tərəfindən qəbul olunmuş 23 fevral 2021-ci il tarixli qərarla qüvvəsində saxlanılıb”.
S. Zeynalov deyib ki, həmin qərardan kassasiya şikayəti verildiyindən hazırda iş, Ali Məhkəmənin cinayət kollegiyasının hakimi İlkin Rəcəbovun icraatındadır: “Lakin şikayətin və iş materiallarının 18 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmasına baxmayaraq, hələ də işə baxılmanın tarixi təyin olunmayıb. Bu isə Cinayət Prosessual Məcəlləsinin 419-cu maddəsinin 3-cü bəndinin tələbinə ziddir”.
S. Zeynalovun sözlərinə görə, müdafiə etdiyi şəxsin həbsinin bir səbəbi var, o da Hüseyn Abdullayevlə qohum olmasıdır: “Zərəçəkmiş şəxs qismində tanınmış Salehli Şədiyyə Arif qızı bildirib ki, o, 23 iyun 2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi 16 ünvanında yerləşən “AGBANK” ASC-in Elmlər filialından qeyd olunan tarixli müqavilə əsasında illik 22 faiz olmaqla, 24 ay müddətinə 450,000 manat kredit vəsaiti əldə edərək həmin vəsaiti bankın qarşısında T.Bayraməliyevə birgə iş görmək məqsədilə verib.
Qeyd edim ki, həmin kredit müqaviləsi üzrə Tural Bayraməliyev zamin qismində tanınıb və Şədiyyə Salehli ilə bərabər kredit müqaviləsinin təminatı olaraq özünə məxsus daşınar və daşınmaz əmlakları girov qoyub.
Beləliklə hər iki şəxs kreditor qarşısında birgə məsuliyyət daşıyıblar. Birgə biznes ortaqlığından irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədilə Tural Bayraməliyev təsisçisi və direktoru olduğu “Daş Çınqılı Servis” MMC adlı şirkətdə Şədiyyə Salehlini 15% pay sahibi edib və 1 il müddətində hər ay ona 10,000 manat pul ödəyib.
Bununla belə sözügedən kredit müqaviləsi üzrə cari ödənişlərin həyata keçirilməsi məqsədilə T.Bayraməliyev ümumilikdə Şədiyyə Salehliyyə 230,000 manatdan çox vəsait ödəyib ki, həmin məbləğin 100,000 manatını sonuncu öz şəxsi ehtiyacları üçün xərcləyib”.
S. Zeynalov iddia edir ki, təkcə bu arqumentləri sadalamaq kifayət edər ki, Tural Bayraməliyevin əməllərində cinayət tərkibinin olmadığını müəyyən etmək mümkün olsun. “Daha maraqlı və diqqəti cəlb edən məqam isə ondan ibarətdir ki, Şədiyyə Salehli sözügedən kredit müqaviləsinin təminatı olaraq ipoteka müqaviləsi bağlanılarkən evli olduğu halda subay olduğuna dair etibarsız şəxsiyyət vəsiqəsi təqdim edib, notarisuda ərizə verərək subay olduğunu bildirib və evli olduğunu qəsdlə gizlədib.
Göründüyü kimi saxta sənəddən istifadə etdiyi üçün Ş.Salehlinin əməlində CM-in 320-ci maddəsinin tərkib əlamətləri var. Həmçinin birgə nikah faktını gözardı etmiş notariat ofisinin və Ş.Salehliyə “subay” statusu ilə şəxsiyyət vəsiqəsi vermiş Yasamal RPİ-nin vəzifəli şəxslərinin əməllərində də cinayət tərkibi var. Şədiyyə Salehlinin əməlində dələduzluq cinayətinin əməli vardır... (Bakı Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(103)-2919/2021-ci il tarixli qətnaməsinə istinadən)
Qeyd olunan məhkəmə işinə dair nəzərinizə çatdırım ki, Şədiyyə Salehlinin həyat yoldaşı Süleymanov Rasim Xalid oğlu cavabdehlər “AGBANK” ASC və Şədiyyə Salehliyyə qarşı mülki müstəvidə məhkəmədə iddia qaldıraraq “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbini irəli sürüb. İddia tələbi Yasamal rayon məhkəməsində təmin edilsə də, uzun sürən məhkəmə proseslərindən sonra Bakı Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilib, iş üzrə yeni qətanmə qəbul olunub. Və məhz həmin qətnamədə Şədiyyə Salehlinin yuxarıda qeyd olunan qanunsuz əməlləri təsvir edilib.
Göründüyü kimi, əslində Şədiyyə Salehli özü sözügedən kredit müqaviləsinin rəsmiləşməsində maraqlı olub, bu məqsədlə saxta sənəddən belə istifadə etməkdən çəkinməyib. Bütün bunlara baxmayaraq, çox təəssüflər olsun ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva təqsiri olmadığını bildiyi halda gənc bəstəkar Tural Bayraməliyevi sifarişlə məhkum etməyi hakimlik andına sığışdırıb”.
“Yeni Sabah” açıqlamada adı çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırdır.