Deputat Cavanşir Feyziyev sabiq deputat Hüseyn Abdullayevin milyonlarla dəyəri olan əmlakını alıb. Məlumata görə, deputat həmin obyekti oğlunun adına rəsmiləşdirib.
Musavat.com-un əldə etdiyi məlumata görə, sözügedən obyekt Bakının mərkəzimdə, Üzeyir Hacıbəyov küçəsindədir. 800 kvadrat metr sahəsi olan qeyri-yaşayış obyektinin qiyməti 10 milyon manata yaxın dəyərləndirilir.
Tərəflər arasında alqı-satqı "Quska" həbs edilməzdən əvvəl - 2013-2014-cü illərdə həyata keçirilib. Həmin zaman isə Hüseyn Abdullayev Almaniyada yaşayırdı.
Almaniyada siyasi sığınacaq alan "Quska" ləqəbi ilə tanınan Hüseyn Abdullayevin obyekti deputat Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib.
Burada maraqlı olan məqam həmin 3 nəfərdən birinin müğənni Gülyaz Məmmədova olmasıdır.
Alqı-satqı işinə deputatın adamı Dadaş Rzayev rəhbərlik edib. Dadaş Rzayev deputat Cavanşir Feyziyevin "Avromed" dərman şirkətində şöbə müdiri işləyir.
Əldə etdiyimiz məlumata görə, deputat əvvəlcə obyekti 3 adamın- Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədovanın adına alıb.
Sonra isə həmin obyekt C.Feyziyevin oğlu Orxan Feyziyevin adına keçirilib.
Rəsmi sənədlərdən isə məlum olub ki, obyektin faktiki rəhbəri Hüseyn Abdullayev olsa da, atası Abbas Abdullayevin adına olub.
Xatırladaq ki, Cavanşir Feyziyevin adı son zamanlar mətbuatda avtomobil qəzasına görə də hallanır.
Ölümlə nəticələnən qəza Xəzər rayonu Qala qəsəbəsində baş verib.
"Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.
İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.
Qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu "Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.
Avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanı Feyziyevlər ailəsinə məxsusdur (FC- Feyziyev Cavanşir). Deputat isə açıqlama verərək maşını özünün idarə etmədiyini demişdi. (Musavat.com)