Gömrük Komitəsinin sabiq polkovniki növbəti dəfə hakim qarşısına çıxarılıb.
Millitv.az Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham edilərək həbs edilən Natiq İmanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən N.İmanov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Natiq İmanov Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı olub.
Elan olunmuş ittihamla Natiq İmanov özünü təqsirli bilməyib.
N.İmanov qurumun maliyyə şöbəsinin rəisi vəzifəsində çalışarkən, hər hansı sənədi imzalamaq, möhür vurmaq səlahiyyətinin olmadığını söyləyib.
O bildirib ki, iş yoldaşı, rüşvət aldığı iddia edilən Mənsur Zeynalovun dedikləri əsassızdır.
"Mənsur Zeynalovu avqust ayından tanıyıram, iş yoldaşı olmuşuq. Mənsur mənə zəng edib, görüşmək istədiyini dedi. Görüşdə toy edəcəyini, maddi vəziyyətinin yaxşı olmadığını dedi. O, tez bir zamanda birdəfəlik müavinət almaq istəyirdi. Mən də bildirdim ki, hazırda komitənin balansında pul yoxdur, pul köçürülən kimi ona birdəfəlik müavinəti olaraq beş min manat məbləğində pul verilə bilər. O isə israr etdi ki, pulu tez almağı üçün ona kömək edim. Mən etiraz etdim, əlimdə belə bir səlahiyyət olmadığını dedim və ayrıldıq. Bir ay sonra yenə zəng elədi. Mənimlə görüşmək istədiyini dedi və mən razılaşdım. Biz iş yerinin qabağında onun avtomobilində görüşdük, o yenə də israrla bu məsələdə ona kömək etməyimi istədi. Bildirdi ki, alacağı müavinətin yarısı qədər, yəni, 2500 manat pul hazırlayıb və bu işi həll etmək istəyir".
Polkovnik deyib ki, həmin gün də Mənsur Zeynalova bu işi görə bilməyəcəyini deyib.
"Dedim ki, belə bir imkan və səlahiyyətim yoxdur. Sonra Mənsur Qəbələyə yas yerinə gedəcəyini dedi. Buna görə də pulla yola çıxmaq istəmədiyini bildirib, həmin məbləği qayıdanadək saxlamağımı xahiş etdi. Bir iş yoldaşı kimi mən də onun xahişini yerinə yetirdim. Pulu alıb maşından düşüb, komitənin binasına daxil olmaq istəyəndə məni əməliyyatçılar saxladı. Rüşvət aldığımı iddia etdilər və üzərimdəki pulları götürdülər. Yenə də deyirəm ki, mən pulu rüşvət kimi qəbul etməmişəm"- deyə təqsirləndirilən şəxs bildirib.
Xatırladaq ki, bu işlə bağlı DKG məlumat yayıb.
Həmin məlumatda bildirilir ki, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.
DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi N.İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.