Bir neçə gündür ki, Azərbaycan nəşriyyatı ilə bağlı mövzu yenidən gündəmə gəlib. Prezidentin İşlər İdarəsinin balansında olan bu binaya həmin qurumun əməkdaşları tərəfindən baxış keçirilməsi, təhlillər aparıldığı ilə bağlı xəbərlər yayılıb. Hətta ofisi nəşriyyatda yerləşən "Xural" internet televiziyasının verilişində iddia edilib ki, hazırda məqsəd bu binanı sökmək və onun yerində yaşayış binası tikməkdir. Əslində Azərbaycan nəşriyyatı haqda problemlər uzun illərdir mətbuatın gündəminə bir neçə dəfə gəlib. Belə ki, nəşriyyatla bağlı iki xüsusi məqam daha çox səsləndirilir: Bunlardan biri nəşriyyatın reket yuvasına çevrilməsi-gündəlik davamiyyəti olmayan, adı olub özü olmayan, reketçiliklə məşğul olan qəzetlərin ünvanına çevrilməsi ilə bağlıdır. Bu məsələ daim ictimai rəydə tənqid olunub. Mövzuya onlarla reportajlar həsr olunub.
Elə deyilənlərin əyani şahidi olmaq üçün nəşriyyatın bir mərtəbəsini belə görmək kifayətdir. Burada hər otağın üstündə tanınmayan bir redaksiyanın adı yer alıb. Demək olar ki, ölkənin əksər ciddi mediası nəşriyyatda fəaliyyət göstərmir. Çox cüzi tanınmış media orqanı burada yerləşib. Bunlar da böyük ehtimal imkansızlıqdan, maddi durumlarının yetərsizliyi səbəbindən oradadırlar.
Əks halda, Azərbaycan nəşriyyatında mövcud olan antisanitar vəziyyət, sanitar qovşaqların işləməməsi, olduqca acınacaqlı bir durum, təmizlik işlərinin aparılmaması orada fəaliyyəti mümkünsüz edib. Binanın dəhlizlərində iylər bir-birinə qarışıb. Məntiqlə əgər nəşriyyatda normal şərait olsaydı, orada tək-tük fəaliyyət göstərən bir neçə ciddi qurum olmazdı.
Məsələnin illərdir müzakirə olunmağına baxmayaraq, Azərbaycan nəşriyyatının direktoru Ağabəy Əsgərovun demək olar ki, heç bir açıqlamasına və hesabatlılığına rast gəlmirik. Azərbaycan nəşriyyatının redaksiyalara neçəyə icarəyə verildiyi məlum deyil. Dövriyyənin yoxlanılıb-yoxlanılmadığı, təyinatına uyğun istifadə olunub-olunmadığı bilinmir. Məsələ o yerə gəlib çatıb ki, nəşriyyatda hətta vulkanizasiya fəaliyyət göstərir. Təkər təmirindən tutmuş avtomobil ehtiyat hissələrinin satışına qədər digər təyinatsız iş yerlərinə də rast gəlmək mümkündür. Adı nəşriyyat olmasına baxmayaraq, müxtəlif təyinatlı iş yerləri burada fəaliyyət göstərir.
Demək olar, SSRİ dövründən qalma dövlət qurumları, institutlar üçün tikilən binaların tam əksəriyyəti yenidən, müasir standartlara uyğun təmir olunaraq istifadəyə verilib. Bəlkə də yeganə qalan Azərbaycan nəşriyyatıdır ki, sınıq-salxaq, antisanitar vəziyyətdədir.
Binanın kanalizasiya sistemi, liftləri nasazdır. Ora girəndə sanki ayrı bir dünyaya daxil olursan.
Bu da uzun illər nəşriyyata rəhbərlik edən Ağabəy Əsgərovun fəaliyyətini düzgün qura bilməməsi ilə bağlıdır. Sabiq deputat, “91-lər”in üzvü olan Əsgərovun indiyə kimi bu problemlərə tutarlı cavabı olmayıb. O, gözdən kənarda sanki bu xarabalığa tamaşa etməklə məşğuldur. Heç onun nə zamandan nəşriyyata rəhbərlik etdiyi, o zamana qədər nə işlərlə məşğul olması barədə də internetdə məlumatlar tapmaq mümkün deyil.
Bu illər ərzində nəşriyyatın bağlı qapılar arxasında nələr baş verdiyini araşdırmağa başlasalar, yəqin ki, Ağabəy Əsgərov bu dəfə də suallara cavab verə bilməyəcək… Əsgərov sözügedən problemlərlə bağlı müvafiq dövlət qurumları qarşısında ciddi şəkildə məsələ də qaldırmayıb və indiyə qədər dəfələrlə təkrar olunan tənqidlərdən nəticə çıxarmayıb.
Belə ki, nəşriyyatı antisanitariyadan və adı olub özü olmayan reket redaksiyalardan təmizləmək üçün addımlar atılmayıb. Orada bir neçə ciddi media və dövlət qəzetləri qalıb. Qalan 90 faiz yer reketlərin yuvasına çevrilib.
Bəlkə nəşriyyatda onun adına uyğun normal şərait yaradılsa, bu gün hərəsi bir tərəfdə pərən-pərən olan mətbuat orqanları qəzetlər, saytlar, internet TV-lər də qayıdıb orada fəaliyyətini davam etdirər. Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov da vaxtında nəşriyyatın problemləri ilə yalnız öz şəxsi mənafeyi, əmlak yaratmaq istəyi və cibi naminə məşğul olmuşdu.
Nəhayət ki, illərdir səsləndirilən bu məsələyə müvafiq qurumların diqqət ayıracağı vaxt gəlib çatıb. Ölkədə bu qədər inzibati binaların tikildiyi bir vaxtda Azərbaycan Nəşriyyatının binası da bərpa edilməli, göz oxşamalıdır. Əldə etdiyimiz məlumata görə, bina müvafiq dövlət qurumları tərəfindən təmir edilib təyinatına uyğun istifadə ediləcək. Ümid edirik ki, bundan sonra nəşriyyatın fəaliyyəti adına uyğun şəkildə tənzimlənəcək. Mövzu haqda “Qafqazinfo”ya açıqlama verən Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli bildirib ki, nəşriyyatın funksiyası çox böyükdür və onun normal halda fəaliyyət göstərməsi arzuolunandır:
“Çünki bizim KİV-lər maddi baxımdan ağır durumda olan qurumlardır. Dövlət bizə çoxsaylı yardımlar göstərir. Amma göstərilən yardımların çox böyük hissəsi inzibati xərclərə gedir. Əslində dünyanın əksər ölkələrində bu vəziyyət var. Bunu nəzərə alaraq, başqa yerlərdə özəl ofislərə nisbətən KİV-lərin maddi imkanlarına uyğun olaraq, kirayə haqqı ödəməklə nəşriyyatda ofislər götürmək, redaksiyalar qurmaq mümkündür. Amma burada anti-sanitariya vəziyyəti hökm sürür. Ona görə də orada normal fəaliyyət göstərmək və müsahibələrə qonaq dəvət etmək mümkün deyil. Çünki binaya daxil olanda məlum aura insanı vurur və problemlər yaranır.
Məsələ budur ki, bu problemin aradan qaldırılması üçün zaman-zaman müəyyən məsələlər qaldırılıb. Bir neçə ay öncə biz Mətbuat Şurasının rəhbərliyinə müraciət etmişdik, orada quruma baxış keçirildi. O zaman nəşriyyatın rəhbərliyi də izahat verdi ki, buradakı hər şey onlardan asılı deyil. Nəşriyyatda vəziyyət normallaşsa, KİV nümayəndələri burada asanlıqla ofis götürüb fəailiyyət göstərə bilər. Çünki nəşriyyat Prezidentin İşlər İdarəsinin nəzdində olan bir qurumdur və buranın təmir olunması, normal vəziyyətə gətirilməsi üçün müəyyən prosedurlar, proqramlar lazımdır. Bu məsələ qaldırılandan sonra təşəbbüslər irəli sürüldü ki, təmir məsələsinə dövlət səviyyəsində baxılmalıdır və uyğun tədbirlər görülməlidir. Lakin təəssüflər olsun ki, həmin problemlər həll olunmayıb, təmir işləri getmir. Təmir getmədiyi üçün əsas redaksiyaların burada yerləşməsi mümkün deyil.
Hazırda nəşriyyatda yoxlamalar gedir, biz bilmirik ki, ora vəsait ayrılıb, ya yox. Onsuz da dövlət qurumları mediaya yardımlar göstərir, yaxşı olardı ki, həmin yardımlardan biri də nəşriyyata olunsun, ora təmir olunaraq normal vəziyyətə gətirilsin və müəyyən təşkilatlar, redaksiyalar burada fəaliyyət göstərsin”.
araz.az xəbər portalı.