Axtarış...

Dəbdəbəli villaları ilə gündəmə gələn məmurlar...



Bibiheybət yolunun çökməsindən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyinin (AAYDA) rəhbəri Saleh Məmmədov Nabrandakı villası ilə gündəmə gəldi. Bəs bu günə qədər başqa hansı məmurlar dəbdəbəli villaları ilə gündəmə gəlib?

"Yeni Sabah” bununla bağlı apardığı araşdırmanın nəticəsini təqdim edir.

İnternet aparılan araşdırmadan bəlli olub ki, bu mövzu ilə daha çox gündəmə gələn məmur Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Mediada vaxtaşırı nazirin Azərbaycandakı və xaricdəki villaları ilə barədə materiallar dərc edilir. Sonuncu dəfə tirajlanan materialda Kəmaləddin Heydərovun Qəbələ və Şüvəlandakı villalarından bəhs edilib. Həmin villaların fotoları da materiala əlavə olunub. İddialara görə, Kəmaləddin Heydərovun Qəbələdəki villası dağlarda yerləşir. Dəbdəbəli villa 15-20 milyon manat civarında qiymətləndirilir.

Şüvəlandakı villaya gəlincə, bu mülk Mayak deyilən ərazidə yerləşir. Ərazinin bir hissəsi dəniz sahəsinə düşür. Nazirin mütəmadi olaraq dincəlmək üçün, sözügedən ərazidə saxladığı yaxta ilə dəniz səyahətinə çıxdığı iddia olunur.

Villası ilə gündəmə gələn məmurlardan biri də "Azərsu" ASC-nin prezidenti Qorxmaz Hüseynovdur. Ona məхsus olan villa Nərimanov rayonu ərazisində yerləşir.

Evin ümumi dəyərinin 5 milyon dollardan çox olduğu deyilir. 9 mərtəbəli binaların yaхınlığında yerləqən villa 3 mərtəbəli olsa da, 5 mərtəbəli binalar hündürlüyündədir. Qorхmaz Hüseynov imarətinin tikintisi üçün böyük bir ərazini zəbt edib.

Məlumatda bildirilir ki, bu Qorxmaz Hüseynova məхsus yeganə villa deyil. Belə ki, onun bir neçə yerdə bahalı villalarının olduğu bildirilir.

Dəbdəbəli villaları ilə gündəmə gələn daha bir məmur Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovdur. Bir neçə il əvvəl Ramiz Zeynalovun biznes imperiyası barədə yayılan materiallarda onun villalarına xüsusi yer ayrılmışdı. İddia edilirdi ki, generalın villaları rayonlarda, əsasən də Tovuz rayonundadır. Həmin vaxt Tovuzun icra başçısı Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalov idi.

Melorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə isə bir neçə il əvvəl qardaşının villası ilə gündəmə gəlib. Həmin vaxt mətbuatda yayılan məlumatlara görə, Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadə Zaqatalada 1 hektarlıq ərazidə özünə 5 milyon manata villa tikdirir. İddia olunurdu ki, Mübariz Əhmədzadə villanın inşası üçün italyan memarı ilə müqavilə imzalayıb və 200.000 avro dəyərində layihə hazırlanıb. İşi isə Bakıdakı ən məşhur firmalardan biri aparıb. İddia olunurdu ki, villanın təkcə pəncərəsi 150 min manatdır. Pəncərənin gülləkeçirməz olduğu da məlumatda yer almışdı.

Azərbaycanda yüksək vəzifədə olanların demək olar ki, hamısının dəbdəbəli villaları var. Bu yazıda biz yalnız villası ilə gündəmə gələnləri təqdim etdik. Yəni elə anlaşılmasın ki, məmurlardan yalnız bu yazıda adı qeyd olunanların villası var.

Ziya Məmmədov, Səlim Müslümov, Eldar Mahmudov və digər sabiq məmurlar da vaxtaşırı dəbdəbəli villaları ilə gündəmə gəliblər. Onlar artıq vəzifədə olmadıqlarına görə, üzərlərində xüsusi dayanmağa ehtiyac görmədik.("Yeni Sabah”)
Text-to-Speech

DİNLƏ






Şərh yaz