Axtarış...

Nazir kreslosunu biznesə dəyişənlər – Sabiq nazirlərin "topdağıtmaz" biznes imperiyaları

Nazir kreslosunu biznesə dəyişənlər – Sabiq nazirlərin "topdağıtmaz" biznes imperiyaları

Mətbuatda sabiq Vergilər naziri Fazil Məmmədovun "Synergy Group” Şirkətlər Qrupuna rəhbər təyinatı ilə bağlı məlumat yayılıb. İnformasiyada qeyd olunur ki, bir müddət öncə ölüm xəbəri yayılan sabiq nazir çoxdan imiş bu şirkətin sahibi imiş və son addımı ilə sadəcə bu şirkətlə bağlılığını rəsmiləşdirib.

Azxeber.com vəzifədən azad edildikdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan keçmiş nazirlərlə bağlı araşdırma aparıb. Öncədən qeyd edək ki, məlumatlar mətbuatda və dünyanın ən böyük elektron axtarış sistemi olan – "google”də dərc olunan informasiyalar əsasında hazırlanıb.

Sabiq Vergilər naziri Fazil Məmmədov 2017-ci ildə vəzifədən azad olunub. 17 il ölkənin vergi sisteminə rəhbərlik edən F.Məmmədov son dövlər mətbuatın gündəminə daha çox səhhətində yaranan problemlərlə gəlib. Bir neçə həftə öncə isə onun ölüm xəbəri yayılıb və sonradan təkzib olunub.


Onun rəhbəri olduğu iddia edilən "Synergy Group”ın daxilində onlarla şirkət fəaliyyət göstərir. Bu sırada kənd təsərrüfatı, təhsil, otelçilik, sənaye, tikinti və maliyyə şirkətlərini qeyd etmək olar. Ölkəmizin məşhur şirkətləri – "AtaBank”, "Excelsior” oteli, "Azərbaycan” Universiteti, "Renaissance Construction” və digər şirkətlər "Synergy Group”ın törəmə müəsssisələridir.

Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev 2005-ci ilin oktyabrında vəzifəsindən azad edilib. Vəzifədən çıxarıldıqdan sonra 8 il həbsdə yatan keçmiş nazir 2013-cü ildə azadlığa çıxıb. Bundan sonra ictimaiyyət qarşısında çıxmayan F.Əliyevin adı daha çox biznes layihələrində hallanıb.


Onun ölkəmizdə və xaricdə biznes fəaliyyəti ilə məşğul olduğu, müxtəlif şirkətlərə rəhbərlik etdiyi deyilir. Bu sırada Azərbaycan, Almaniya, Türkiyə və Moldovanın adı çəkilir. Onun sahibi olduğu deyilən "Sumqayıt Texnologiyalar Parkı” nəzdində sürtkü yağları istehsalı zavodu "AMINOL” ticarət nişanı altında məhsullarını satışa çıxarılır. Məhsullar həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda istehlakçılara təqdim edilir. Məlumatlara görə, zavodun yüzlərlə işçisi var.

Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov ötən ilin aprelində vəzifədən azad olunub. 17 il bu sahəyə rəhbərlik edən keçmiş nazir mətbuata açıqlamasında bildirib ki, səhhətində müəyyən problemlər var və hazırda onların müalicəsi ilə məşğuldur. Son dövrlər mətbuatın gündəminə xaricdə yeni şirkətlər yaratması ilə gəlib.

H.Bağırovun hazırda "Qərbi Kaspi” Universitetinə rəhbərlik etdiyi, lakin bunu qeyri-rəsmi şəkildə həyata keçirdiyi iddia olunur. Bu məqamda xatırladaq ki, "Qərbi Kaspi” Universiteti əvvəlcə otel kimi yaransa da, sonradan özəl universitet kimi fəaliyyət göstərib. Uzun müddət "Qərb” Universiteti adı məşhurlaşan bu ali təhsil ocağının sahibi H.Bağırov nazir təyin olunduqdan sonra təsisçilikdən imtina edib. Hazırda onun yenidən bu ali məktəbə rəhbərlik etdiyi deyilir.

Sabiq İqtisadi İnkişaf naziri Heydər Babayev 2008-ci ilin oktyabrında vəzifədən azad edilib. 3 il bu sahəyə rəhbərlik edən H.Babayev də xələfi Fərhad Əliyev kimi vəzifədən azad olunandan ictimaiyyət qarşısına çıxmayıb. Vaxtilə rəhbərliyi altında çalışan şəxslərdən bəziləri yüksək vəzifələrə təyinat alsalar da, onun adı mətbuatda yalnız keçmiş fəaliyyəti ilə bağlı hallanıb.

Qeyd edək ki, Heydər Babayev hələ sovetlər dönəmindən maliyyə sektorunda çalışıb və bank sahəsinin incəliklərdən xəbərdar mütəxəssis sayılır. Onun müxtəlif şirkətlərə sahib olduğu barədə iddialar var. Məlumatlara görə, keçmiş nazir hazırda fəaliyyətini daynadırmış "Bank Standart”ın və "Çudo Peçka” dükanlar şəbəkəsinin sahibi olub. Hazırda isə "Standart İnsurance" sığorta şirkətinin faktiki sahibidir. Onun bu şirkətlərə heç bir rəsmi bağlılığı olmasa da, iddialara görə, qeyd olunan şirkətlər məhz sabiq nazirə məxsusdur.

Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 2013-cü ilin oktyabrında vəzifədən azad edilib. 7 il bu vəzifədə çalışan F.Ələkbərov ona qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Ölkəmizin ən böyük holdinqlərindən birinə rəhbərlik edib.

Keçmiş nazirin vəzifədən azad olunduqdan sonra yenidən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, nazir təyin olunan zaman təsisçilikdən imtina etdiyi "İmproteks” Şirkətlər Qrupuna rəhbərlik etdiyi deyilir. Bu şirkətlər qrupu öz sıralarında "İmair” Hava Yolları, "İmproteks Travel”, "İmproteks Trade” və "İmproteks Motors” şirkətlərini birləşdirir. Onların arasında ən tanınmışı "İmproteks Motors” şirkətidir. Bu şirkət Almaniya istehsalı olan – məşhur "BMW” avtomobillərinin Azərbaycanda rəsmi nümayəndəsidir. BU MAŞINLARIN Azərbaycana idxalı və satışını həyata keçirir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz