Turistik zonalarda bir və ya iki otaqlı kiçik kotteclərin qiymətinin 50-60 manatdan başlaması vətəndaşlar üçün əlçatan deyil”.
Bunu yerli turizm sektorunda mövcud olan problemlərə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, turistik zonalarda qiymətlərin baha olması vətəndaşların istirahət hüququna ziddir. Bu vəziyyət turizmin inkişafına da mənfi təsir edir:
“Pandemiyadan əvvəlki dövrdə Nabran, Quba və Qusarda yerləşən bütün istirahət mərkəzləri, kafe və restoranlarda müştəri sıxlığı müşahidə olunurdu. Bu, daxili turizmin inkişafının bariz nümunəsi idi. Mövcud vəziyyətdə isə həmin ərazilərdə boşluq müşahidə olunur. Əksər hotel, motel və istirahət mərkəzlərinə gedənlərin sayı olduqca azdır. Belə ki, qeyd olunan bölgələrə səfər edənlərin sayı təxminən 80% azalıb. Bu azalmaya təsir edən əsas səbəb qiymətlərin çox baha olmasıdır. Bir və ya iki otaqlı kiçik kotteclərin qiyməti 50-60 manatdan başlayaraq 150-200 manata qədər təşkil edir. Nabranda dəniz kənarında oturmaq üçün qamışdan düzəldilmiş boş yer isə 15 manatdan başlayır. Eyni zamanda menyudakı qiymətlər həddindən artıq bahadır. Halbuki pandemiya dövründə hökm sürən işsizlik əhalinin sosial vəziyyətinə mənfi təsir edib. Ona görə də insanlar hər şeyə qənaət etməyə can atırlar və bu fonda istirahətə vəsait ayırmağa meyilli deyillər.
Yerli turizmlə bağlı digər problem budur ki, göstərilən xidmətlərə görə müəyyən olunan məbləğdə daha çox xarici turistlər və imkanlı şəxslərin maddi vəziyyəti nəzərə alınır. Minimal əməkhaqqı alan bir vətəndaş ailəsi ilə birgə turistik zonalarda 2-3 günlük istirahət etmək istəsə, ayın qalan günləri pulsuz qalacaq. Bu baxımdan turistik zonalarda qiymətlərin əlçatanlığının təmin edilməsi üçün dövlətin nəzarətinə ehtiyac var”.
Elnur Fərzəliyev hesab edir ki, pandemiya dövrü yerli turizmin inkişaf etdirilməsi üçün əlverişli şərait yaratsa da, bu fürsətdən istifadə olunmadı:
“İl ərzində ölkəmizə təxminən 5-10 min turist gəlirsə, bu rəqəmin bir neçə qatı qədər yerli vətəndaşlarımız xarici ölkələrə səfər edirlər. Nəticədə xarici ölkələrin turizm sektoruna pul qoymuş olurlar. Yəni, Azərbaycana gələn pulun daha çoxu başqa ölkələrə gedir. Bunun qarşısını almaq üçün yerli turizm sektorunda qiymətlərin münasib olması vacibdir. Əsas problemlərdən biri budur ki, turizm zonalarında qiymətlərin baha olması fonunda obyektlərin boş qalması gələcəkdə satış qiymətini dəyərsiz edir. Necə ki, pandemiya dövründə şadlıq evləri satışa çıxarılsa da, alan olmurdu. Çünki satılan obyektə tələbat yox idi. Əgər yerli turizm sahəsinə ciddi nəzarət olmasa, mövcud proses yüzlərlə obyektin qiymətini dəyərsizləşdirəcək”.