Axtarış...

Turizmə qoyulan milyonlarla pul bata bilər - GƏLİŞMƏ

Turizmə qoyulan milyonlarla pul bata bilər - GƏLİŞMƏ

Koronavirus pandemiyası yayıldığı ilk gündən dünya turizminə ciddi şəkildə təsir göstərib. Hələ bir ay əvvəl virusun Avropada turizm sahəsinə vurduğu zərər bir milyard avro dəyərində olub. May ayının əvvəlində təkcə Türkiyə turizminə dəyən zərər isə 4 milyard dollardan çox idi. Dünya turizm bazarında müşahidə olunan bu böhran təbii olaraq, Azərbaycanın turizminə də təsir göstərib. Artıq yay turizmi başlayır. Lakin sərhədlər bağlıdır, hələlik bütün gözləntilər daxili turizmlə bağlıdır.

Maraqlıdır, turizmə qoyulan milyonlarla pulun aqibəti necə olacaq? Böhrandan qurtulmaq üçün hansı addımlar atılmalıdır?

Turizm eksperti Çingiz İsmayılov məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verərək bildirib ki, turizmin inkişafı üçün hansı addımların atılacağını Dövlət Turizm Agentliyi müəyyən etməlidir:

“Pandemiya dünya iqtisadiyyatına və turizm sektoru inkişaf edən ölkələrə ciddi zərər vurub. Aydındır ki, virusun bizdə də turizm sektoruna müəyyən qədər təsiri oldu və olacaq. Turizmə yatırılan pulların çıxarılması üçün müvafiq şərait yaradılmalıdır. Təbii ki, iqtisadi durum ağırlaşdığı üçün bu, əhalinin yaşayış tərzinə də öz təsirini göstərir, nəticədə alıcılıq qabiliyyəti aşağı düşüb.

Çox vacibdir ki, daxili turizmin cəlbediciliyini təmin etmək üçün münasib qiymətlər olsun. Bugünədək olan qiymətlər həddən artıq şişirdilmiş qiymətlərdir. Sadə insan üçün əlçatmazdır. İmkanlı adamların xüsusi çəkisi ümumi əhalinin tərkibində çox deyil. Mütləq ki, burada müvafiq tədbirlər görülməli, qiymətlər əhalinin orta yaşayış səviyyəsinə uyğun olaraq tənzimlənməlidi. Belə olarsa, turizmdə nəsə irəliləyiş ola bilər.

Əgər qiymətlər iqtisadi durumun ağırlaşdığı bir vəziyyətdə olduğu kimi qalmağa davam edərsə, turizmin inkişafı barədə söhbət gedə bilməz, tənəzzül prosesi daha da dərinləşəcək”.

Ekspert qeyd edib ki, bu il gəlir əldə etmək barədə danışmaq yersizdir:

“Bu il hansısa 10 milyardların qoyulması hesabına gəlir əldə etmək mümkün deyil. Turizm ən böyük zərbə altında qalan sahədir. Ona görə də burada inkişaf haqqında danışmaq olmaz.

Lakin o sahənin vəziyyətinin daha da pisləşməməsi, işçilərin iş yerlərini itirməməsi üçün tədbir görülməlidir. Bu tədbiri də az əvvəl qeyd etdim. Tədbir olmasa, gəlir olmayacaq, o sahədə çalışan insanlar işsiz qalacaq, əhalinin çox hissəsi istirahət imkanını itirəcək. Bütün bunlar nəzərə alınmalıdır. İndidən gələcək üçün strategiya qurmaq lazımdır.

Ola bilər ki, bu il turizmdə vəziyyət mənfi olsun, ancaq gələn il üçün inkişaf əməli şəkildə yaradılmalıdır. Bu strategiya düzgün qurulmasa, bir çox turizm şirkətləri müflis olacaq, gələn il də sıfırdan başlamaq çox çətin olacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz