Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və ictimai fəalların telefonlarının izlənməsinə dair yeni araşdırma yaydı. Əslində siyahıya baxmadan belə məqsədin nə olduğunu anlamaq çətin deyil. Çünki söhbət OCCRP-dən, Azərbaycanın siyasi və media cameəsində yaxşı tanış olan təşkilatdan gedir.
Dia.az Teleqraf.com-a istinadən xəbər verir ki, uzun illər erməni diasporu/lobbisi və bəlli maraq qruplarının Azərbaycana qarşı təzyiq hücumlarının əsas ruporu rolunu oynayan bu təşkilatın indi yenidən aktivləşməsinin səbəbləri, belə bir siyahını yaymaqda məqsədi Azərbaycana qarşı növbəti kampaniyanın tərkib hissəsi hesab oluna bilər. Bunu anlamaq üçün 2019-cu ildə OCCRP-nin Azərbaycana qarşı başladığı kampaniyanın detallarını xatırlamq lazımdır.
2019-cu ilin 4 mart tarixi: OCCRP “Azərbaycan landromatı” adlı hesabat dərc etdi və hesabata nəzər yetirdikdə aydın olurdu ki, məqsəd rəsmi Bakının strateji addımlarının qarşısını kəsməkdir.
Bu həmin vaxt idi ki, Azərbaycan və Avropa İttifaqı arasında strateji saziş ciddi müzakirələr mərhələsinə qədəm qoymuşdu. Məqsəd Aİ-Azərbaycan münasibətlərini baltalamaq, Avropada Azərbaycanı qaralamaq idi. Hesabat açıqlanandan sonra aprelin 11-də AŞPA buna istinadən növbəti anti-Azərbaycan qətnaməsini qəbul etdi və bəlli idi ki, prosesin arxasında AŞPA-da Corc Sorosun dəstəyi ilə qurulan, özündə erməni diasporu/lobbisini də birləşdirən şəbəkə dayanır.
Başqa bir nümunə: Maltalı jurnalist Dafne Anna Karuana Qalizianın (Daphne Caruana Galizia) 2017-ci il oktyabrın 17-də avtomobil qəzasında həlak olmasına görə OCCRP fasiləsiz olaraq Azərbaycanı ittiham edirdi. İddia olunurdu ki, jurnalist araşdırmalarında Azərbaycan rəsmilərinin əleyhinə olan “faktlar” tapıb və məhz buna görə “öldürülüb”. Bu məsələ beynəlxalq media korparasiyalarının gündəmindən düşmürdü. Və nəhayət bu il elə OCCRP-nin özü maltalı jurnalistin ölümündə Çin izi axtarmağa başladılar. Çünki hədəfdə Çin idi. Bunun özü belə OCCRP-nin müstəqil təşkilat olmadığını və sifarişlə qoyulan hədəflərin üzərinə getdiyini təsdiqləyir.
Və indi OCCRP yenidən iş başındadır. Niyə indi və məqsd nədir?
Birincisi, Aİ-Azərbaycan münasibətlərini yenidən baltalamaq;
- Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfəri Aİ-Azərbaycan münasibətlərində yeni səhifə açdı və bu, Azərbaycanın mövqelərinin Avropada güclənməsi imkanı yaradır: bunu istəməyən anti-Azərbaycan şəbəkəsi bu iddia ilə Bakının önünü kəsməyi planlaşdırır;
İkincisi, anti-Azərbaycan qərarlarına nail olmaq;
- Azərbaycan hökumətinin imicinə zərbə vurmaqla, əslində Azərbaycan dövlətinin maraqlarına qarşı hücum edilir. OCCRP-nin fəaliyyət mexanizmi də bu fikri təsdiqləyir: təşkilat hansısa iddianı “araşdırma”, “fakt” kimi təqdim edir, beynəlxalq media korparasiyaları bunu tirajlayır, daha sonra beynəlxalq təşkilatlar buna istinadən Azərbaycanın əleyhinə qətnamələr, qərarlar qəbul edirlər;
Üçüncüsü, rəsmi Bakıya təzyiq yolu ilə Ermənistanı xilas etmək;
- Kampaniyanın arxasında erməni diasporu/lobbisinin olduğu şübhəsizdir: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğalçı ölkəni kapitulyasiyaya məbur etdi və hazırda Ermənistanın yeganə çıxış yolu Bakının şərtləri ilə razılaşmaqdır; Bakının əsas istəyi yekun sülh sazişinin imzalanmasıdır və Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bunun alternativi yoxdur; Azərbaycan liderinin strateji addımları Bakının mövqelərinin həm region ölkələri, həm ABŞ, həm də Avropa ölkələri tərəfindən qəbul edilməsi ilə nəticələnir; məhz bu prosesdə Ermənistanı xilas etmək istəyən anti-Azərbaycan şəbəkəsi rəsmi Bakıya qarşı klassik hücum taktikasını işə salır;
Dördüncüsü, daxildə şübhə toxumlarını səpmək;
- Siyahıda dövlətin mövqeyindən çıxış edən jurnalistlər və ictimai fəalların da adının yer alması hədəfin həm də Azərbaycan daxilində fikir ayrılığının yaradılması olduğunu göstərir: adı siyahıya düşənlərdə dövlətə inamsızlıq yaratmaq, daha sonra həmin şəxslərlə əlaqələr quraraq, öz ətraflarına cəlb etmək və qurduqları şəbəkəni genişləndirmək istəyirlər; bu, Vətən müharibəsindən sonra güclənən daxili həmrəyliyin parçalanmasına da hesablanıb;
Siyahını və bunun hansı hadisələr fonunda peyda olduğunu analiz etdikcə hədəfin nə olduğunu və arxasında hansı qüvvələrin dayandığını anlamaq çətin deyil. İstisna deyil ki, bu, Azərbayana qarşı növbəti hücum kampaniyasının başlanğıcıdır.