Axtarış...

“Ana Kür” MTK VƏTƏNDAŞA QARŞI... - QALMAQAL

“Ana Kür” MTK VƏTƏNDAŞA QARŞI... - QALMAQAL


Faktinfo.az xəbər verir ki,“Ana Kür” MTK-nın sədri Vahid Abdullayev və oğullarının qanunsuz əməlləri ilə bağlı “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub.

Vətəndaş Abdullayev Böyükağa Abdulla oğlu redaksiyaya növbəti şikayət məktubu göndərərək, qəzet vasitəsilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə müraciət edib. Həmin məktubu dərc etmədən öncə qeyd edək ki, B.Abdullayevin ötən müraciətlərindən sonra, “Hürriyyət” qəzeti olaraq tərəfimizdən obyektiv araşdırma aparılıb. Bu zaman məlum olub ki, Anar Quliyevin 27.09.2019-cu il tarixli, 92 nömrəli və 26.12.2019-cu il tarixli, 123 nömrəli sərəncamları ilə “Ana Kür” MTK-ya Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur Qəsəbəsi, D yaşayı sahəsi, 13 nömrəli binanın qərb hissəsində iki 16 mərtəbəli yaşayış və qeyi-yaşayış ((bina 2) və (bina 1)) binalarının tikintisinə icazə verilib. Tikintisinə icazə verilən obyektlərin kod nömrələri bunlardır: 00000000-1-1101-002176-1019 və 00604016-1-1101-002282-0120.

Hansı ki, həmin sərəncamlar əsasında ayrılan ərazi 23 il bundan öncə, hələ 1998-ci ildə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 23.09.1998-ci il tarixli, 1667 saylı və 29.10.1998-ci il tarixli, 1877 saylı sərəncamları əsasında vətəndaş Abdullayev Böyükağa Abdulla oğluna, mağazanın tikintisinə icazə üçün verilib.

Belə ki, vətəndaş Abdullayev Böyükağa Abdulla oğlu ailəsinin maddi təminatını az da olsa yaxşılaşdırmaq, alqı-satqı ilə (ticarətlə) məşğul olmaq məqsədi ilə Yeni Günəşli D yaşayış sahəsi Ticarət cərgəsində mağaza tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Aparatına rəsmi müraciət edib.Suraxanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşa icazə verilib və yuxarıda qeyd etdiyimiz sərəncamlar imzalanıb. B.Abdullayev həmin sərəncamlara əsasən, icazə verilən mağazanın tikintisini başa çatdırdıqdan sonra, 23.03.2000-ci il tarixdə Dovlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edib. Tikintisi başa çatmış mağazaya Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Tikinti Pasportu verilib.

Bütün bunlara baxmayaraq, “Ana Kür” MTK-nın sədri Vahid Abdullayev və oğlanları Anar Quliyevdən aldığı icazədən sui-istifadə edərək Abdullayev Böyükağa Abdulla oğlunun əmlakını mənimsəyib. Hətta, şikayətçinin dediyinə görə, ona hərbə-zorba gələrək, öldürtdürəcəyi və tutduracağı ilə hədələyərək, əmlak hüquqlarından məhrum ediblər.

Odur ki, Böyükağa Abdullayev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə aşağıdakı kimi müraciət edir:

“Hörmətli Anar müəllim!

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, bir bölmə diqqətimizi yaxşı mənada cəlb etmişdir. Belə ki, vətəndaşların suallarına cavab bölümündə “Tikintiyə icazə almaq üçün ərizəyə hansı sənədlər əlavə edilməlidir” sualına hamımızın başa düşdüyümüz dildə aşağıdakı kimi cavab verilmişdir:

Torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti.
Tikinti layihəsi.
Sifarişçi Hüquqi Səxs olduqda, Hüquqi ,şəxslərin dövlət Reystrindən Çıxarış, Fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında qeyd etdiyiniz maarifləndirici məlumatlardan belə başa düşmək olur ki, “Ana Kür” MTK-nın sədri Suraxanı rayon Qaraçuxur qəsəbəsi, Yeni Günəşli D yaşayış sahəsində yaşayış və qeyri-yaşayış binalarının tikintisinə İcazə almaq üçün Dövlət Şəhərsalma və Arxtektura Komitəsinin rəhbərliyinə yazmış olduğu ərizələrə, ilk öncə tələb edilən “Torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlərin surətlərini əlavə etməmişdir ”. Etmişdirsə də, sizləri aldatmışdır. Çünki icazə verdiyiniz həmin ərazidə olan əmlaklardan biri mənə – Abdullayev Böyükağa Abdulla oğluna – məxsus olmuşdur.
“Ana Kür” MTK VƏTƏNDAŞA QARŞI... - QALMAQAL

Əmlakın mövcudluğunu təsdiq edən, mənim adıma və hüquqi qüvvəsi olan sənədlər bir daha təsdiq edir ki, “Ana Kür” MTK-nın sədri sizə yazdıqları ərizələrə əlavə etdiyi sənədləri təhrif etmişdir və sizləri aldatmışdır.

Hörmətli Anar müəllim!

“Ana Kür” MTK-nın sədri və oğlanları təkcə mənim əmlakımı mənimsəməmişlər, mənim kimi onlarla insanların əmlaklarını mənimsəmişlər. Bu barədə bir neçə KİV-də və internet kanallarında ““Ana Kür” MTK-nın sədri və oğlanları vətəndaşların əmlaklarını mənimsəyiblər” başlığı altında materiallar dərc edilmiş və yayımlanmışdır.

“Ana Kür” MTK-nın sizləri aldatması və sizin verdiyiniz sərəncamlar insanlar arasında xaosun yaranmasına, ictimai əsayişin pozulmasına, vətəndaşların hakimiyyətdən haqlı narazılığna gətirib çıxarmışdır. 23 ildən sonra əmlakım əlimdən alındığından, ailə üzvlərimlə birlikdə ölkə başçısı cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan və hakimiyyətə sadiqliyi ilə seçilən Dövlət strukturlarından köməklik istəyirik.

Tikintiyə icazə verən birbaşa səlahiyyətli orqan olaraq, bu məsələnin həlli yolu sizlərdən keçir. Siz “Ana Kür” MTK-nın sədri və oğlanları tərəfindən pozulmuş əmlak hüquqlarımızın bərpa olunması üçün səlahiyyətləriniz daxilində və qanun çərçivəsində “Ana Kür” MTK-ya tikintisinə icazə verdiyiniz məlum sərəncamları dayandıra bilərsiniz.

İstəsəniz, qanunsuz hərəkətləri ilə insanları əzən, öldürməklə, tutdurmaqla hədələyən, bir sözlə cəmiyyət arasında hərcmərcilik yaradan, insanları dövlətdən və bu hakimiyyətdən narazı salan, bildiyimiz və bilmədiklərimiz daha nələr-nələrlə məşğul olan “Ana Kür” MTK-nın sədri və oğlanlarının qanunsuz hərəkətlərinin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri ilə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldıra bilərsiniz.

İstəsəniz, tikinti sənayesi ilə məşğul olan Mənzil Tikinti Kooperativlərinin ünvanına qaranlıq gətirən, qanunsuz yollarla pul əldə etməyi, milyonlar qazanmağı, qanunsuz yollarla əmlaklar toplamağı, insanlara, dövlətə badalaq gəlməyi ancaq və ancaq tikinti sənayesi sahəsində görən “Ana Kür” MTK -nın sədri Vahid Abdullayev və oğulları kimilərin tikinti sektorundan birdəfəlik silərsiniz.

Hesab edirəm ki, “Ana Kür” MTK-nın rəhbərliyinin bu kimi qanunsuz hərəkətlərini təkcə mənim və ailə üzvlərimin hüquqlarının pozması kimi qiymətləndirmək olmaz. Odur ki, mən bütün zərərçəkənlər adından cənab Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan və Dövlət Şəhərsalma və Atxitektura Komitəsinin rəhbərliyindən köməklik istəyirəm və bu işin ədalətli həllini tapacağına ümid edirəm.

Sonda sizdən xahiş edirəm ki, “Ana Kür” MTK-nın rəhbərliyi tərəfindən ailəmə məxsus əmlakın qanunsuz olaraq əllimizdən alınmasına rəsmi münasibət bildirəsiniz”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz