Axtarış...

Məktəbin yanında qanunsuz göydələn tikən nazir kimdir? (VİDEO)

Məktəbin yanında qanunsuz göydələn tikən nazir kimdir? (VİDEO)


Bakının Xətai rayonu, Gəncə prospekti 30 ünvanında, 269 saylı məktəbin düz önündə göydələn tikintisinə yenidən start verilib.

"Bakupost" xəbər verir ki, ötən il bina tikintisinə cəhd edilsə də, ərazidə yaşayan sakinlərin etirazından sonra bünövrənin qazılması dayandırılıb. Ancaq indi sakinlərin etirazının və müdaxiləsinin qarşısını almaq üçün əraziyə cəlb olunan polislərin müşayiəti ilə qazma işlərinə başlanılıb.

Sakinlər nəyə etiraz edir

Sözügedən ərazi qapalıdır, Gəncə prospektinə birbaşa çıxışı yoxdur. O binaya yol mütləq yandakı binaların həyətindən keçməlidir. Tikilinin prospektə çıxışını isə "Şəms” mərasim evinin böyük binası bağlayır.

Tikilməyə başlanılan göydələnin sol tərəfində 3 binadan ibarət, 455 mənzilli kompleks, sağ yuxarı tərəfində isə 130 mənzilli bina var. 4 binanın heç birinin həyəti, demək olar ki, yoxdur və maşınların saxlanılması, uşaqların oynaması üçün şərait mövcud deyil. Üstəlik, ərazinin sağ tərəfində 7 binadan ibarət böyük kompleks də tikilib və məskunlaşmasına başlanılıb.
Məktəbin yanında qanunsuz göydələn tikən nazir kimdir? (VİDEO)
Hazırda ciddi sıxlıq, avtomobillərin binaya girişində dəqiqələrlə gözləmə, parklanmada çətinliklər var. Bir müddət öncə binada baş verən yanğın zamanı FHN-in yanğınsöndürəni yanğın baş verən mənzilə yaxınlaşmaq üçün 30 dəqiqədən artıq gözləməyə məcbur olmuşdu. Çünki həyətdəki sıxlıq iri qabaritli maşınların hərəkətini mümkünsüz edir.

Yalnız bundan sonra həyətə giriş-çıxışa nəzarət gücləndirilib. Buna baxmayaraq, sıxlığa nəzarət etmək yenə də mümkün deyil.
455 mənzilli kompleksdə məskunlaşma tam başa çatmayıb, hələ 70-dən çox mənzil boşdur. Məskunlaşmanın tam başa çatmasından sonra binanın həyətinə düşən yoldakı sıxlığın hansı səviyyədə olacağı indidən bəllidir.

Ərazidə yalnız 269 saylı məktəbin önündə 0,3 hektar boş ərazi var, yəni 30 sot. Yeni binanın da tikintisinə orada başlanılıb.

İcra Hakimiyytəti məsələyə qarışır

Ötən il 44 günlük savaşdan dərhal sonra sözügedən ərazidə "Qaya-İnşaat" MMC bina tikilməsi üçün ikinci dəfə qazıntı işlərinə başlayıb. Sakinlər bu binanın sıxlığı dəhşətli dərəcədə artıracağı, bu ərazidə yaşamağın artıq mümkünsüz olacağını bildirərək, aksiya keçirib və Xətai rayon İcra Hakimiyyətinə müraciət edilib.

Xətai Rayon İcra Hakimiyyətindən gələn nümayəndələr ərazidə bina tikintisinin münasib olmadığını, bu tikintiyə icazənin ləğv edilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edildiyini, cavab alındıqdan sonra sözügedən ərazidə kiçik park düzəldiləcəyini elan edib.

Xətai İH-in mediaya da təqdim etdiyi rəsmi açıqlaması budur:

"Xətai rayonu, Gəncə prospekti 2942A ünvanındakı məhəllədə yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 125 saylı, 19.03.2015-ci il tarixli sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi üçün "Qaya-İnşaat” MMC-yə icarəyə verilib. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.11.2018-ci il tarixli 1118092941 qeydiyyat nömrəli çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqlar kateqoriyasına aid olan 0,32 ha torpaq sahəsi həmin müəssisənin istifadəsindədir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 24.10.2019-cu il tarixli 33 saylı sərəncamı ilə "Qaya-İnşaat” MMC-nin istifadəsində olan həmin torpaq sahəsində layihələndirilən çoxmərtəbəli yaşayış binasının şəhərsalma normalarına və qanunvericiliyin tələblərinə uyğun tikintiyə icazə verilməsi üçün komitə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada rəy bildirmələri məqsədi ilə aidiyyəti qurumlara sorğular göndərilib. Hazırda həmin ərazidə heç bir tikinti işləri getmir və nəzarətimizdədir”.

Bu açıqlamadan qısa müddət sonra Fövqəladə Hallar Nazirliyindən əraziyə baxış üçün mütəxəssislər gəlib.

FHN mütəxəssisləri nələri aşkarladı?

FHN mütəxəssisləri ərazidə bina tikintisinin mümkün olub-olmadığını müəyyən etməli idilər. Onlar sakinlərin sözünü eşitmədən, ərazidə də heç bir ölçmə aparmadan yalnız MTK rəhbəri ilə "müzakirələr aparıb” çıxıb getdilər.

Ötən gün ərazidə tikintinin yenidən başlaması isə sübut edir ki, FHN tikintinin "normalara uyğun olması”na qərar verib - baxmayaraq ki, bir neçə ay öncə yanğın törəyən mənzilə FHN yanğınsöndürəni yaxınlaşa bilməmişdi. FHN hansı əsasla icazə verib, hansı ölçmə aparıb, prospektə birbaşa çıxışı olmayan, yolsuz, məktəbdən cəmi 8 metr məsafədə göydələn üçün dərin bünövrə qazılmasını necə sənədləşdirib?

Buna FHN cavab verməlidir...

Şəhərsalma və Arxitektura Komitəsi də ərazidə bina tikintisinin tikinti normalarına uyğun olmadığını mediaya açıqlamasında təsdiqləmişdi və bu barədə MTK rəhbərinə təlimat veriləcəyini vəd etmişdi.
Məktəbin yanında qanunsuz göydələn tikən nazir kimdir? (VİDEO)
Şəhərsalma və Arxitektura Komitəsinə 2020-ci ilin yanvar ayında yeni sədr təyin edilib. Prezident İlham Əliyev yeni sədr Anar Quliyevə təlimatlar da vermişdi: Bakıda özbaşınalığa son qoymaq, tikintiləri şəhərin arxitekturasına və yaşayış minimumlarına uyğun aparmaq və s.

A.Quliyev komitə sədri təyin olunandan sonra tikintilərin dayandırılması və yoxlanılması ciddi bir ümid də yaratmışdı. Üstəlik, Komitənin mediaya açıqlaması bu qanunsuz icazənin ləğv ediləcəyi, ərazinin yaşayış üçün cəhənnəmə çevrilməsinin qarşısının alınacağına ümid yaradıb. Ancaq qısa müddət sonra Xətai İH-in nümayəndəsi ərazidə yaşayan sakinlərə bildirib ki, İH verdiyi vədi icra edə bilməyəcək. Çünki Qaya-İnşaat MTK-nı "nüfuzlu bir nazir” himayə edir və o, həm Arxitektura Komitəsinə, həm də İH-ə təsir edir. İH isə bu təsirə dözmək iqtidarında olmadığını etiraf edib.

Kimdir bu iri nazir?

Hansısa nazirin bu kiçik ərazidə insanların həyatını cəhənnəmə döndərmək üçün təkid etməsi ağlasığmazdır. Niyə, məsələn, alternativ yer təklifi qəbul edilmir? Niyə mütləq məktəbin önündə bu bina tikilməli, məktəbin yolu bağlanmalı, ərazi dözülməz sıxlığa məhkum edilməlidir?

Bu sualların hamısı açıq qalır və hələlik, o nazirin adı də açıqlanmır. Ərazidə yaşayan sakinlər isə həftə sonu aksiyaya hazırlaşırlar...

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz