Bir müddət əvvəl “Leş Tofiq” ləqəbi ilə tanınan Alıbəy Rzaxanovun mənşəyi məlum olmayan ölü heyvan ətləri satdığına görə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılması xəbəri geniş əks-səda doğurdu.
Məlumat üçün xatırladaq ki, “Leş Tofiq” əvvəllər də eyni əməlinə görə, bir neçə dəfə saxlanılmış, lakin az sonra azadlığa buraxılmışdı. Səbəbi də yəqin ki, hər kəs üçün aydındı. Deyilənlərə görə, o, hüquq-mühafizə orqanları ilə “dil tapa bilmiş” və azadlığa çıxaraq yenidən əvvəlki fəaliyyətini davam etdirməyə başlamışdı. Elə indi də, məhkəmənin azad etdiyi “Leş Tofiq”in sakit dayanacağı bir mənalı qəbul olunmur.
Onun təkrar azadlığa çıxmasından az sonra mətbuatın səhifələrini ölmüş heyvan satışı və bu kimi ətlərdən düzəldilən kolbasa məmulatları ilə bağlı mövzular “bəzədi”. Son günlərdə də bir neçə rayonda ölmüş heyvan ətinin “realizə” olunmasına cəhdlərin baş tutmaması mövzunun hələ də aktual olduğunu isbatladı.
Beləliklə, “Leş Tofiq”in sonuncu həbsindən sonra maraqlı faktlar aşkarlansa da, nədənsə həmin faktlar geniş ictimaiyyət üçün açıqlanmadı. Belə ki, “Leş Tofiq”in bildirdiyinə görə, o, Bakıda 256 kafe və restorana, o cümlədən, 6 iri kolbasa sexindən 5-nə ölmüş heyvan ətləri verirmiş. Maraqlıdır, bu faktlar niyə gizli saxlanıldı, həmin kolbasa sexlərinin adları açıqlanmadı? Görəsən, həmin obyektləri bir-bir gəzib, onları “cərimələməklə” iş bitdimi? Hazırda da gəzən söz-söhbətlərə görə, ölmüş heyvan ətlərinin satışı ilə daha 4 qrup fəaliyyət göstərir və onların hər biri bəzi aidiyyatı qurumlar tərəfindən himayə edilir. Dəhşətdir, deyilmi? Məgər bunları da xarici ölkə vətəndaşları, xarici düşmənlərimiz edir? Bu əməllərlə məşğul olanların millətimizin qanına susamış, millətimizə qarşı zaman-zaman soyqırım siyasəti həyata keçirmiş mənfur ermənilərdən nə fərqi var? Məgər onlar bilmirmi ki, ölmüş heyvan ətindən hazırlanan xörəklər, kolbasa və sosislər insan qanında müxtəlif infeksiyalar yaradır, o cümlədən, xərçəngdən tutmuş serebral iflicə qədər ən ağır xəstəliklərə səbəb olur? Şübhəsiz ki, bilirlər. Ancaq belə şəxslərin xislətindəki var-dövlət, pul hərisliyi onların bu cür iyrənc əməllərə sövq edir.
Statistika təsdiq edir ki, gün ərzində Respublika ərazisində 5-10 ton kolbasa məmulatı istifadə olunur. Elə bu rəqəmin özü deməyə əsas verir ki, istehsal var, təlabat da var, qalır bircə keyfiyyətli kolbasa istehsal etmək. Ölkə vətəndaşlarının alıcılıq qabiliyyətinin aşağı olması isə keyfiyyətsiz kolbasaların satışını şərtləndirir, istehlakçı üçün təhlükə mənbəyinə çevrilir. Qəbul edək ki, tanınmış firmaların etiketləri altında marketlərdə özünə yer edən bu lazımsız məhsulların istehsalının qarşısını AQTA ala bilmir.
Nəticədə insan orqanizmi üçün qorxulu olan yüz tonlarla kolbasa məhsulları işbazları varlandırır, belə “məhsullardan” əziyyət çəkən isə kasıb zümrənin adamları olur. Xüsusilə də, təkrar emal olunmaq üçün satışdan geri qaytarılan kolbasalar da qorxuludur. İnsan orqanizmində maddələr mübadiləsini pozan, mədə və bağırsaqda fəsadlar yaradan, bağırsaq çöplərini məhv edən “kolbasa” məmulatları disbakterioz kimi xəstəliklər də əmələ gətirir. Hələ də bu sahəyə səthi nəzarət keyfiyyətli kolbasa istehsalı ilə məşğul olan iş adamlarının narahatlığını aradan qaldırmayıb, bu vəziyyət isə bazar prinsipinin tələblərini pozur. At, it, eşşək, ölmüş inək, hindistandan gətirilmiş keyfiyyətsiz camış ətindən istehsal olunan kolbasaları “halal” adı altında xalqımıza sırıyanlar isə hələ ki varlanır.
Dəfələrlə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan malların ilkin laborator müayinəsi zamanı istehsal olunan kolbasaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib. Yəni, rəsmi dövlət orqanları da təsdiqləyib ki, keyfiyyətsiz istehsal olunan kolbasalar vətəndaşlarımız üçün təhlükə mənbəyidir. Elə isə AQTA və aidiyyatı orqanlar tərəfindən niyə əhatəli və sistemli tədbir görülmür?
Ölmüş heyvan ətləri satanların cəzası öz yerində, bəs həmin ətlərdən kolbasa məhsulları düzəldib, insanlara yedirən kolbasa sexləri barədə niyə ciddi ölçü götürülmür? Məgər, ara-sıra kimisə cərimələməklə, kimlərdənsə “haqq” almaqla iş bitir?
Maraqlıdır ki, bəzi kolbasa sexləri özlərinin mal ferması olduğunu bildirir və istehsal zamanı yalnız öz məhsullarından istifadə etdiklərini vurğulayırlar. Əslində isə real vəziyyət tamam başqadır. Belə ki, həmin fermalarda kəsilən heyvanlar gün ərzində 15-20 ton, bəzən də daha çox məhsul satışa buraxan kolbasa sexlərinin heç 1 həftəlik ehtiyacını ödəyə bilməz. Yəni, o fermalar əslində görüntü yaratmağa və insanları aldatmağa xidmət edir. Nədən aidiyyatı dövlət orqanları bu reklam “sabotajı” barədə susmağa üstünlük verirlər?! Belə başa düşülür ki, günahkar təkcə “Leş Tofiq”lər deyil, ölmüş heyvan ətini satanlar da, alanlar da, keyfiyyətə nəzarət edən orqanlar da məsuliyyət daşıyırlar.
Həmçinin, bir çox kolbasa və sosiska sexləri də geniş reklam kompaniyası təşkil etməklə, sanki keyfiyyətli məhsul istehsal edən tərəf kimi görünməyə cəhd edirlər. Bu baxımdan, KİV-lərdə “Halal nemət, min bərəkət”, “Ovçular”, “Hicaz”, “SAB”, “M&T” LTD firmasının istehsalı olan kolbasa və sosislərin reklamına daha geniş yer verilir.Ümumiyyətlə bu gün bu istiqamətdə ciddi araşdırma aparılsa, həmin kolbasaların tərkibi ilə bağlı tamam fərqli mənzərə meydana çıxar.
Sonda onu da vurğulayaq ki, mütəmadi olaraq, ərzaq məhsullarının və kommunal xidmətlərin qiymətlərinin artması ilə bağlı əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən, istehlakçılar tərəfindən nisbətən ucuz olan kolbasa və sosislərə tələbat daha da artır. Həmin məhsulların son dərəcə keyfiyyətsiz olması da millətimizin genafondunun məhv edilməsinə xidmət edir.
Keçən proseslərin dayandırılmasının bu taleyüklü problemin aradan qaldırılmasını Qida Təhlükəsizliyi Agentliyi bacarmırsa, demək ki, hazırda məsuliyyət hüquq-mühafizə orqanlarının üzərinə düşür. //faktinfo.az//