Qurban Bayramı ilə əlaqədar satış üçün Bakıya heyvan gətirən tacirlər çıxılmaz vəziyyətə düşüblər.
Xırdabuynuzlu heyvan ticarəti ilə məşğul olan bir qrup şəxs Yenicag.az-a müraciət edərək, qanuni icazə əsasında Bakıya gətirdikləri heyvanların satışına imkan verilmədiyini bildiriblər.
Həmkarlarının adından danışan Tofiq adlı şəxs bildirib ki. onlara Bakıda heyvan satışına imkan verilməyəcəyi haqda heç bir xəbərdarlıq edilməyib:
“15 ildən çoxdur ki, bu işlə məşğuluq. Hər il Bakıya qurbanlıq heyvanlar gətirərək, satmışıq. Dünən Binəqədinin mal bazarında heyvan satarkən, gəlib bizi oradan çıxardılar. Biz hansısa yol kənarında yox, Binəqədi rayonunun mal bazarında qanuni yolla ticarət edirdik.
Onu da deyim ki, heyvanlarımızı rayondan gətirəndə, bizi karantin postlarında yoxladıqdan sonra şəhərə buraxıblar. Çünki Baytarlıq İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyindən heyvan satışına icazə verildiyini təsdiqləyən sənədlərimiz var. Biz də bu icazə əsasında heyvanları yığıb gətirmişik Bakıya. Burada ticarətlə məşğul olanların az qala hər birinin 200-300 satlıq heyvanı var”.
Şikayətçilərin sözlərinə görə, indi onları nə bazara buraxırlar, nə də heyvanları başqa yerdə satmağa icazə verirlər:
“Hamımız rayondan gələn adamıq, Binəqədidə də heç kimimiz yoxdur. Küçələrdə, məhəllələrdə heyvan gəzdiririk. Biz gedirik, post-patrul xidmətinin əməkdaşları arxamızca düşürlər.
Bizə əvvəlcədən məlumat verilməyib ki, burada heyvan satmaq olmaz. Hamı borc-xərc edib başqa yerdən aldığı və ya əziyyətlə saxladığı heyvanları satmağa gətirib, ancaq onlar da qalıb ortalıqda. Yaxşı, əgər heyvanları satmağa icazə verilməyəcəkdisə, bizi şəhərə niyə buraxırdılar?”