Axtarış...

“Leş mafiyası” yenidən ayaqda - "Qanunda at, eşşək, it, pişik əti qadağan deyilsə..."

“Leş mafiyası” yenidən ayaqda - "Qanunda at, eşşək, it, pişik əti qadağan deyilsə..."

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan musavat.com-a verilən məlumata görə, İsmayıllı şəhəri ərazisində hərəkətdə olan “VAZ 21011" markalı avtomobil polis əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobilin yük hissəsinə baxış keçirilən zaman oradan heyvan cəmdəyi aşkar edilib. Nəqliyyat vasitəsinin sürücüsü, İsmayıllı şəhər sakini Elçin Məmmədovdan daşıdığı həmin ətə görə sənədlər tələb olunduqda, o, sənəd təqdim etməyib, ətin mənşəyi məlum olmadığından avtomobil müvəqqəti duracağa yerləşdirilib. E.Məmmədov izahatında həmin ətin at heyvanına məxsus olduğunu və Ağsu rayonunda kəsərək İsmayıllıya gətirdiyini bildirib. Aşkar edilən 45 kq ətdən götürülüb nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Eyyub Hüseynov ile ilgili görsel sonucu

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirib ki, bu ilin əvvəlində “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov və başının dəstəsi tutularkən onun yerinin boş qalmayacağını proqnozlaşdırıb: “Bunu elə belə demirdim. Belə nəticəyə gəlmək üçün ciddi əsaslar var. ”Leş Tofiq"in ifşasından sonra məlum oldu ki, Xaçmazda at-eşşək ətini satış üçün hazırlayanlar var. Amma “Leş Tofiq”dən bu günə qədər də soruşan yoxdur ki, axı sən bir belə şəbəkəni necə yaratmısan? Səni niyə görən, fəaliyyətindən xəbər tutan olmayıb? 20 ilə yaxındır ki, bu adamlar belə işlərlə məşğul idilər. Təəssüflər olsun ki, “Leş Tofiq”in ardıcılları, davamçıları, onlardan bəhrələnən adamlar hələ də var. Bu gün də öz işlərindədirlər. “Leş Tofiq”dən, onun kimi həbsə alınanlardan 1 suala cavab istənilməlidir - 20 ildir murdar ətləri, at-eşşək ətlərini hansı şəbəkələrə satırsız?"

AİB sədri deyir ki, murdar ətlərin piştaxtalara yol açması bazar qanunlarına uyğundur: “Bazarda tələb varsa, təklif meydana çıxacaq. ”Leş Tofiq" bu gün həbsdədir. Amma tələbi ödəmək üçün digərləri meydana çıxmaqdadır. Ona görə də “Leş Tofiq”dən tonlarla murdar əti alanlar da ifşa olunmalı, adları, soyadları, həmin ətləri xalqa harada yedirtdikləri açıqlanmalıdır. Hər kəs murdar ət alıb satanları da tanımalıdır, kimliklərini bilməlidir. Azərbaycanda qanunla at-eşşək ətinin satışı qadağan deyil. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bir neçə il əvvəl çıxıb dedi ki, at-eşşək əti satışı qadağan deyil. Lakin belə ətlər satışa çıxarılanda üzərinə at-eşşək əti olması yazılmalıdır. Düşünürəm ki, KTN rəsmisi qanuna müvafiq olaraq haqlı danışıb. Amma bu o demək deyil ki, bu ətlərin satışı Azərbaycanda təşkil edilməlidir. Belə ətlərin satışı dayandırılmalıdır. Bu gün vəziyyət belədir ki, piştaxtalara hətta “Toplan” kolbasası da çıxa bilər".

AİB sədri deyir ki, Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi «leş mafiyası»na qarşı mübarizə aparır, murdar ətləri satanları ifşa edir. Məhkəmələr isə belə işlərlə məşğul olan şəxslərə qarşı loyal mövqe sərgiləyir: “Millətə eşşək, at və bu kimi murdar ətləri satanlara qanunun sərt üzü göstərilmir. Dövlət orqanlarına ağsaqqallar, din xadimləri, bələdiyyələr, ictimaiyyət nümayəndələri dəstək verməlidirlər. Çox təəssüf ki, biz bunu görmürük. Xəlifəlidə həbs edilən adamlarla bağlı dəfələrlə oradakı din xadimlərinə sifariş göndərdim ki, danışsınlar, camaata adamların nə işlə məşğul olduqlarını izah etsinlər. Təəssüf ki, həmin adamların cəzalandırılması haqda bu gün xəbər yoxdur. Çox təəssüf ki, dövlət orqanının apardığı işə cəmiyyəti dəstəyi demək olar ki, yoxdur. Düşünürəm ki, at-eşşək ətinin bir ucu uşaq bağçalarına, restoranlara, dönərxanalara, kolbasa, sosiska istehsalçılarına və s ictimai qidalanma yerlərinə gedib çıxır.

AİB sədri deyib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) bu işlərin aradan qaldırılması üçün ciddi işlər aparmalı, ictimaiyyətlə əlaqələrini genişləndirməlidir: “Təəssüf ki, AQTA göydən yerə enib ictimaiyyətlə əməkdaşlıq etməyə qadir deyil. Hamı bilir ki, Azərbaycan xalqı, ümumiyyətlə, eşşək və at əti ilə qidalanan xalq deyil. Eşşək əti istehlak edən insanlarda təhlükəli xəstəliklərin yaranması mümkündür. Çünki eşşək əti baytarların nəzarətindən tam qıraqdadır. Hətta hansı xəstəlik daşıyıcısı və necə xəstəliklər gəzdirdiyi barədə tam nəzarətdə olmayan bir heyvandır. Ona görə də onda hansı xəstəliklərin ola biləcəyi, hansı heyvan xəstəliklərinin insana keçə bilməsi nə cəmiyyətə, nə də baytarlarla məlum deyil. Heç şübhəsiz ki, eşşək əti təhlükəli heyvan xəstəliklərinin insanlara keçməsinə şərait yaradır”.

AİB sədri deyir ki, qeyri-ənənəvi ət məhsullarının əhaliyə satışının qarşısının alınması üçün eyni zamanda digər müvafiq qurumlar da ciddi fəaliyyət göstərməlidirlər: “Qanunda at, eşşək, it, pişik əti qadağan deyilsə, bu o demək deyil ki, onların əti satılmalıdır və yeyilə bilər”.

Qeyd edək ki, 2017-ci ildə yayılan rəsmi statistik rəqəmlərdən belə aydın olurdu ki, ölkədə at və eşşəklərin sayı durmadan azalır. Azalmanın səbəbləri isə açıqlanmır. Rəsmi məlumata görə, uzunqulaqların çox hissəsindən, yəni 78,3 faizi regionlarımızda əsasən yük daşımalarında istifadə olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz