Məlum olduğu kimi, Bakının bir çox ərazilərində aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar bir sıra tikililər sökülüb. Prezidentin fərmanına əsasən mülk sahiblərinə qanuni təzminat ödənilib. Lakin bəzi mülk sahibləri və iş adamları hələ də təzminat ala bilmədiklərini iddia edirlər.
Unikal.org-a açıqlama verən hüquqları pozulan, dörd ildir ki, 1.5 milyon manat dəyərində olan zavoduna 360 min manat təzminat hesablanan Hüseynov Məcid Mirsuca oğlu Xətai rayon İcra Hakimiyyətinin rəhbər şəxslərindən narazıdır. O bildirib ki, icra hakimiyyətinin rəhbər şəxsləri münasibətlərdən sui-istifadə edərək onu aldadıblar və bu günə kimi qanuni təzminatını ala bilməyib.
Məlumat üçün bildirək ki, Bakı şəhəri, Babək prospekti 2210 ünvanında yerləşən və onun mülkiyyətində olan 1200 kv.m qeyri-yaşayış sahəsinə Azərbaycan Prezidentinin 26.12.2017-ci il tarixli fərmanına əsasən sökülən tikinlinin 1 kv.m-i üçün 20 faiz əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 300 manat müəyyənləşdirilərək mülk sahibinə hesablanmış 1200 kv.m tikilisi üçün cəm i alacağı təzminat 360 min manat olub. Bu məqamlar Xətai rayon İcra Hakimiyyətinin həmin dövrdəki başçısı Razim Məmmədov imzasıyla təsdiqlənən razılaşma aktında öz əksini tapıb. Kompensasiyanın ödənilməsi üçün Xətai rayon İcra Hakimiyyəti başçısının 19.04.2018-ci il tarixli, 120 saylı sərəncamı ilə təsdiqlən tərkibdəki komissiyanın razılığı ilə Hüseynov Məcid Mirsuca oğluna 360 min manat təzminat ödənilməli idi. Lakin şikayətçi bu günə kimi Xətai rayonunun yeni icra başçısı Rafiq Quluyevin bununla bağlı heç bir addım atmadığını qeyd edib.
Hüquqları pozulan iş adamı deyir ki, hər zaman dövlətin qoyduğu qanunlara əməl edib və 1.5 milyonluq mülkünün 360 min manat təzminat qarşılığında sökülməsinə də bu səbəbdən razılıq verilib:
“Mən iş adamıyam, həmin müəssisədə 20-dən çox adam çalışırdı. Lakin 4 ildir ki, iş yerimiz yoxdur. Heç olmasa, təzminatı ala bilsəydik, yeni bir müəssisə qurardıq. Yenidən işə başlayıb həm öz ehtiyaclarımızı qarşılayardıq, həm də dövlətimizə xidmət edərdik. Uzun müddətdir ki, müxtəlif instansiyalara müraciət emişəm. Hərə məsuliyyəti birinin üstünə atır. Prezident Administrasiyasından tutmuş bütün aidiyyatı qurumlara müraciət eləmişəm, hələ də ortada bir nəticə yoxdur. Mətbuat vasitəsiylə cənab Prezidentə müraciət edirəm ki, qanuni haqqımızın verilməsində yardımçı olsun. İnanıram ki, bu məsələ tezliklə öz həllini tapacaq”.