Azərbaycanda keçirilən katirovka və tenderlərdə maxinasiyaların edilməsi barədə mətbuatda dəfələrlə yazılıb.
Bu hal xüsusən regionlarda daha çox özünü biruzə verir.
Rayon İcra Hakimiyyətlərinin (RİH), icra hakimiyyətlərinin İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliklərinin, MRX-ın, Təhsil və mədəniyyət idarələrinin sifarişçisi olduğu tenderlərdə əksəriyyəti həmin idarə və müəssisə rəhbərlərinə yaxın, çox zaman isə özlərinin dolayı yollarla idarə etdikləri şirkətlər qalib edilir. Abadlıq-quruculuq sahəsini əhatə edən tenderlərdə isə çox zaman görülən işlər formal aparılır.
Qlobal.az-a verilən məlumata görə bu ilin iyun ayında Balakən Rayon İcra Hakimiyyəti başçısının Şəhər Ərazi Dairəsi üzrə Nümayəndəliyinin sifarişı ilə həyata keçilən tenderdə də ciddi maxinasiya hallarının olduğu iddia olunur.
Abadlıq işləri üzrə keçirilən tenderin smetası 116999 (Bir yüz on altı min doqquz yüz doxsa doqquz) manat, qalibi isə "EMHOUSE" Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Məlumata görə "EMHOUSE" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Xəlifə Mirəliyev adlı şəxsdir.
Xəlifə Mirəliyev eyni zamanda Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktorudur.
Xəlifə Mirəliyevin həmçinin Balakən Rayon İcra Hakimiyyətinin Apelyasiya Şurasının üzvü olduğu deyilir.
"EMHOUSE" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edən şəxs isə Xəlifə Mirəliyevin oğlu Ramil Mirəliyevdir.
Ramil Mirəliyev 109 saylı Balakən Seçki Dairəsinin sədrinin müavini və Balakən rayon Mənzil Kommunal Sahəsinin rəisidir.
Xəlifə Mirəliyevin sabiq deputat Rəbiyyət Aslanova ilə yaxın münasibətlərinin olduğu bildirilir. Hətta məlumata görə, 2010-cu ildə parlament seçkiləri zamanı X.Mirəliyev sabiq deputat R. Aslanovanın vəkili olub.
"EMHOUSE" MMC Balakəndə hansı işləri görüb?
Məlumatda deyilir ki, "EMHOUSE" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəhər Ərazi Dairəsi üzrə Nümayəndəliyinin keçirdiyi tenderin qalibi olmasından altı ay keçməsinə baxmayaraq Balakən şəhərində ciddi abadlıq işləri aparılmayıb.
Şəhərin müxtəlif ərazilərində bir sıra xırda kosmetik işlər görülüb. Belə ki, Balakəndə aparılan abadlıq-quruculuq işləri əsasən səkilərin kənarlarına döşənmiş bardürların və tametlərin rənglənməsindən ibarətdir. İddia olunur ki, rənglənən tamet və bardürlər qəbul aktlarında yeni kimi rəsmiləşdirilir.
Mərkəzi küçələrdə isə yeni tametlərdən istifadə olunur. Qeyd edilir ki, Balakən şəhərinin abadlıq-quruculuq işlərində istifadə olunan bardür və tametlər ancaq Xəlifə Mirəliyevin oğlu Ramil Mirəliyevə məxsus sexdən alınır.
Rayonda görülən işlər o dərəcədə formal xarakter daşıyır ki, bu barədə Balakən rayon İcra Hakimiyyətinin rəsmi saytında heç bir məlumat qeyd olunmayıb.
Hətta rayonun 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı İslam Rzayev hesabat xarakterli çıxışında da Balakəndə abadlıq-quruculuq işlərinin aparılmasından danışmayıb.
Məlumatda səslənən iddiaların nə dərəcədə düzgün olub-olmadığını öyrənmək üçün Balakən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Balakən RİH-dən məsələyə heç bir münasibət bildirilmədi.
Balakən RİH başçısının şəhər İƏD üzrə nümayəndəliyindən isə bu barədə danışa bilməyəcəklərini dedilər.
EMHOUSE" MMC-nin Elçin adlı nümayəndəsi isə gün ərzində edilən telefon zənglərimizə cavab vermədi.
Qlobal.az