Axtarış...

Adil Xudadatov Sumqayıtda niyə pul yığır? – Sahibkarlar şikayətçidir



Xəbər verdiyimiz kimi, Sumqayıtda Dənizkənarı Bulvar və şəhərin əsas girişində abadlıq və yenidənqurma işləri həyata keçirən iş adamları ilə icra başçısı arasında qalmaqal davam edir…

Belə ki, 12 milyon manat dəyəri olan layihənin icrası hələ 2016-cı ildə başa çatsa da, bu işlərə görə, indiyə qədər cəmi 4 milyon manat pul ödənilib. Yerdə qalan 8 milyon manat vəsaiti isə sahibkarlar 3 ildir Zakir Fərəcovdan ala bilmirlər.

Tikinti işlərini həyata keçirən iş adamı məhz bu borc qalmaqalına görə həbs olunub və 3 ilə yaxın həbs həyatı yaşamalı olub. Daha doğrusu, Zakir Fərəcov ondan görülən işlərin pulunu tələb edən iş adamını həbs etdirərək, onu “gedər-gəlməzə” yola salmışdı. Lakin onlarla sahibkarın, 426 nəfərə yaxın fəhlənin haqqı hələ də ödənilməyib.

Qeyd edək ki, Zakir Fərəcovdan pullarını tələb edən sahibkarlar yenə də hədəyə məruz qalırlar. Bu barədə açıqlama verən iş adamları bildirmişdi ki, Sumqayıtın icra başçısı onlardan qalıq borcun 30 faizini tələb edir. Əks təqdirdə, həmin şəxsləri həbs etdirəcəyi ilə bağlı hədələməyə başlayıb. Bununla bağlı, Prezident Admnistrasiyasına müraciət edən sözügedən şəxslər onlardan dəstək istəyiblər. Admnistrasiyada onları qəbul edən rəsmilərin işə qarışmasından sonra Fərəcov bir qədər sakitləşsə də, problem hələ də aradan qaldırılmayıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən iş adamları bildirirlər ki, onlar borc məsələsini çözmək məqsədi ilə yenidən Prezident Admnistrasiyasına üz tutublar. Və oradan bilridiblər ki, fevralın 10-da iş adamlarını rəsmi şəxslər qəbul edəcəklər.

Sahibkarların dediyinə görə, Zakir Fərəcov borcun qaytarılması məsələsini Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatova tapşırıb. Şəhərin baş memarı da iş adamları ilə görüşərək, onlara söz verib ki, qısa zamanda borcların bağlanmasını təmin edəcək. Lakin iki aydan çoxdur ki, nə sahibkarlar, nə də fəhlələr ondan bir qəpik pul ala bilirlər. “Adil Xudadatov bizə deyir ki, Memarlıq və Tikinti Komitəsi onun səlahiyyətlərini əlindən alıb. Ona görə də, şəhərdən pul yığa bilmir. Bir gün deyir ki, işçilərimi göndərmişəm əraziyə pul yığmağa. Bir gün bəhanə edir ki, lazımı qədər pul yığa bilmir, əlində olanı da şəhərdəki işlərə sərf edir. Bizə maraqlıdır, Adil Xudadatov hansı səlahiyyət və hüququla pul yığır? Məgər bu qanunla qadağan olunmayıbmı? Memarlıq və Tikinti Komitəsi hara baxır ki, bu adam əhalidən, obyektlərdən pul yığır?”

İş adamları deyirlər ki, onlar halal haqlarını tələb edirlər və Xudadatovun hərəkətləri də məhz bəhanələrdən başqa bir şey deyil. “Biz Sumqayıt şəhərində abadlıq və yenidənqurma işləri görmüşük. Cibimizdən pul xərcləmişik ki, üzərimizə düşən öhdəliyi vaxtında yerinə yetirək. Amma Zakir Fərəcov bizim qanuni haqqımızı verməməklə yanaşı, işi Xudadatov kimi birinə tapşırıb. O da gündə bir bəhanə ilə bizi aldatmaqla məşğuldur. Bəs, bunca insanın pulunu kim verəcək və nə zaman verəcək? Üzərindən 3 il keçir və biz hələ də işçilərimizin yanında üzüqara vəziyyətdə qalmışıq”.

Maraqlı məqamlardan biri də odur ki, Adil Xudadatov Abşeronda da Zakir Fərəcovla birlikdə işləyib. Lakin həmin vaxt aralarında konflikt yarandığından, icra başçısı Xudadatovu işdən qovub. Sahibkarların iddiasına görə, hətta Fərəcov o qədər qəzəblənib ki, Adil Xudadatovu 15 sutkalıq həbs etdirib. Amma nə sirridirsə, sözügedən şəxs Sumqayıtda yenidən vəzifə aldı, özü də heç də kiçik olmayan bir posta sahibləndi. Bunun nədən qaynaqlandığını hələlik bilən yoxdur. Güman edilə bilər ki, Xudadatov sonradan Fərəcovun etimadını doğruldub və ona görə, şöbə müdiri olmağı bacarıb.(pia.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz