"Azərişıq" ASC "ASAN xidmət" vasitəsilə abunəçilərə göstərdiyi xidmətlərin sayını 13-dən 15-ə çatdırıb.
Sonxeber.az quruma istinadən xəbər verir ki, bu gündən ölkədəki bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində "Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması" və "Elektrik təchizatının layihələndirilməsi və qurlaşdırılması" xidmətləri göstərilir.
Qeyd edək ki, indiyə qədər bir sıra Mənzil Tikinti Kooperativləri (MTK) çoxmənzilli binalara ümumi texniki şərt əldə edir, bəzi hallarda əhali abonentlərdən enerji haqqının ödənişi, qeyri əhalinin ödənişi kimi qeydə alınır, sayğacla təmin edilmə prosesində vətəndaşlardan "Azərişığ"a aidiyyəti olmayan əlavə vəsait tələb edilir, bu isə vətəndaşların narazılığına səbəb olurdu. Şəffaflıq və operativliyin təmin edilməsi, işin asanlaşdırılması məqsədi ilə "ASAN xidmət" mərkəzlərində yaradılan "Çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyata alınması" xidməti Azərişıq ilə MTK, MMC və digər müəssisələrlə münasibətləri tənzimləyəcək. Bununla da çoxmənzilli yaşayış binalarında mənzil sahiblərinin elektrik şəbəkəsinə qoşulması üçün fərdi qaydada müraciət etmələrinə ehtiyac qalmayacaq, eyni zamanda mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, onlardan qoşulma haqqı tələb olunmayacaq. Həmçinin MTK sahibləri də sənədləşmə işini yerində həll edə biləcəklər.
"ASAN xidmət" vasitəsi ilə yeni yaradılan "Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması" xidmətinə gəldikdə isə burda da sahibkarların tikəcəyi və ya quraşdıracağı yarımstansiyalar, transformatorlar, elektrik xətləri, obyektlərin daxili və xarici elektrik təchizatı layihələndiriləcək və onun əsasında tikinti quraşdırma işlərinin həyata keçirilməsi təklif olunacaq.