Axtarış...

Rusiya baş diplomatının Bakiya səfərinin pərdəarxası

Rusiya baş diplomatının Bakiya səfərinin pərdəarxası
Rusiya xarici işlər nazirinin Bakıya səfəri günü prezident İlham Əliyevin dövlət televiziyasına verdiyi müsahibədə səslənən mesajlar siyasi əhəmiyyəti ilə bərabər, mühüm bir faktı bir daha təsdiqləmiş oldu. Bir daha hamı əmin oldu ki, ölkə başçısı yürütdüyü xarici siyasətdə müstəqil xəttə sadiqdir və onu heç bir təhdid öz mövqeyindən döndərə bilməz.

Məsələ bundadır ki, Rusiyanın Cənubi Qafqaz siyasəti uzun illərdir ki, region ölkələrində hərbi-siyasi vəziyyətin gərginləşdirilməsi, etnik separatizmin qızışdırması əsasında aparılıb və aparılmaqdadır. Bu xətt hətta çar dövründə uğurla tətbiq edilib və Azərbaycanda da öz acı nəticəsini zaman-zaman göstərib. Cəfər Cabbarlının "1905-ci il" pyesində "atan kazaklardır" deyimi günümüz üçün də aktuallığını itirməyib. Yəni Rusiyada hakimiyyətdə kimlərin olmasına baxmayaraq, bu dövlətin strateji maraqları, geosiyasi məqsədləri dəyişilməz olaraq qalır. Daha dəqiq desək, əsrlər öncə formalaşmış strateji hədəflər hələ də öz qüvvəsini saxlamaqdadır.

Heç uzağa getmək lazım deyil. Yaxın tarixdə, 30 il əvvəl süqut etmiş SSRİ-nin siyasi varisi olan Rusiya Federasiyasının hakim siyasi dairələri bu günədək keçmiş müttəfiq respublikalara özünün itirilmiş mülkləri kimi baxır, onların yenidən Rusiyanın nüfuz dairəsinə qayıtmalı olduğunu gizlətmirlər. Kremlin sözçüləri, Jirinovski başda olmaqda, bütün radikal millətçilər bunu dəfələrlə vurğulayıblar. Məhz Rusiyanın güc və hərbi təsir vasitəsilə postsovet məkanındakı vəziyyəti nəzarətdə saxlamaq, kənar güclərin bura daxil olmasına mane olmaq cəhdləri özünü illər boyu Azərbaycanın 20 % ərazisinin işğalda qalmasını təmin edib. Bu siyasətin Kremlin vacib hüquqi sənədlərində belə təsbit olunması deyilənləri bir daha təsdiqləyir.
Rusiya baş diplomatının Bakiya səfərinin pərdəarxasıAmma bu da danılmaz faktdır ki, Cənubi Qafqaz regionu təkcə şimal qonşumuz üçün deyil, ABŞ və Avropa dövlətləri üçün də geosiyasi-geoiqtisadi baxımdan olduqca cəzbedicidir. Yəni onların erməniləri davamlı dəstəkləməsi çoxlarının düşündüyü kimi yalnız xristian təəssübkeşliyindən irəli gəlmir. Həm də iqtisadi mənəafe güdülür. Məlum olduğu kimi, bir çox güclü dövlətlər enerji təhlükəsizliyinin təmini, Şərq-Qərb nəqliyyat dəhlizinin həyata keçirilməsi, zəngin təbii ehtiyatlar baxımından regionun qərb üçün mühüm əhəmiyyət daşıdığını gizlətmirlər. Bu durum isə dünya düzənində çevik və incə siyasət aparılmasının vacibliyini diqtə edir. 30 il ərzində Rusiya daxil, əksər Qərb dairələri işğalçını müdafiə edərək Azərbaycanın haqq səsini boğmağa nail olub. Azərbaycan kimi kiçik bir ölkənin dünyanın nəhəng güclərinin təhdidinə qarşı dayanması üçün güclənməsi, hərbi qüdrətini artırması vacib idi. Azərbaycan bu illər ərzində nəinki həmin vəzifənin öhdəsindən məharətlə gəldi, həmçinin diplomatık cəbhədə də uğurlu gedişlər edərək özünə tərəfdaşlar tapmağı bacardı.

Xüsusilə son zamanlar beynəlxalq mövqeləri durmadan güclənən Türkiyənin dəstəyi 44 günlük müharibənin gedişinin lehimizə dəyişməsində mühüm rol oynadı. Qardaş ölkənin regiondakı geosiyasi rolunun artması, siyasi təsir imkanlarının genişlənməsi, Azərbaycanla strateji səviyyədə müttəfiqliyinin genişlənməsi, birgə hərbi təlimlər keçirməsi müharibə vaxtı digər geosiyasi qüvvələrin rolunun zəifləməsinə güclü təsir göstərdi. Xüsusilə də Qarabağ müharibəsi zamanı Türkiyənin ilk gündən Azərbaycanın yanında olması, bu ölkədən alınmış yüksək dəqiqliyə və effektivliyə malik silahların istifadəsi qələbənin taleyini həll etməklə bərabər, həm də Rusiyanın hərbi sənayesi üçün ciddi itkilərlə yadda qaldı. Müharibənin belə bir sonluqla bitəcəyini dəqiqləşdirməyən Rusiyanın hazırda apardığı ikibaşlı siyasət bu baxımdan təəccüb doğurmur.

Məlum məsələdir ki, müharibə sonrası Türkiyə rəsmilərinin tez-tez Azərbaycana olan səfərləri, ikitərəfli danışıqlar aparmaları Rusiyanın ciddi narahatlığına səbəb olub. Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi, geosiyasi üstünlüyü təbii ki, Rusiya üçün arzuolunmazdır. Üstəlik Türkiyənin türk dövlətlərinin birgə ittifaqını, birgə ordusunu yaratmaq cəhdi və Azərbaycanın bu prosesdə fəallığı da Rusiyanın siyasi dairələrində isteriya ilə qarşılanır.

Sözsüz ki, şimal qonşumuz bu cəhdlərin qarşısının alınması üçün əlindən gələni edir və edəcək. Amma rəsmi Moskva də fərqindədir ki, yeni geosiyasi proseslər, dəyişən dəyərlər, yeni çağırışlar başqa güclərin meydana gəlməsini zəruri edib. Belə ki, Rusiyanın illərdir davam edən hegemonluğu tədricən zəifləməkdə, ənənəvi rçaqlar təsir gücünü itirməkdədir. Bu baxımdan Rusiya KİV başçısının səfəri öncəsi Prezidentin verdiyi mesajlar mühüm əhəmiyyət daşıyır. İlk növbədə Rusiyanın hazırda Qarabağdakı ermənilərə status almaq istiqamətində fəallaşdığını, bu yöndə müxtəlif addımlar atdığını nəzərdən qaçırmamalıyıq. Lavrovun niyyəti bəllidir- status məsələsini gündəmə gətirmək, ATƏT-in Minsk qrupunun əvvəlki heyətdə, yəni, Fransanın da daxil olduğu tərkiblə bərpa etmək. Baxmayaraq ki, Azərbaycan prezidenti ümumiyyətlə, Minsk qrupunun lüzumsuzluğu barədə dəfələrlə mövqe bildirib, amma Rusiya məqsədindən daşınmağı düşünmür. Bu konteksdə rəsmi Bakının prinsipial mövqe ortaya qoyması Lavrovun bu səfərdən istədiyini ala bilməməsi reallığını ortaya qoyur.

Ölkə baçısının mövqeyi dəyişilməzdir. Əgər bu formatı yenidən işə salmaq lazım olacaqsa, rəsmi Bakı Fransanın oradan çıxarılmasını, onun yerinə Türkiyənin daxil edilməsini təklif və tələb edir. Rusiya isə ikili oyunlarla istəidiyinə nail olmağa çalışır. Belə ki, bir tərəfdən Türkiyə ilə dostluq münasibətlərini davam etdirəcəyini deyir, digər yandan Fransa və ABŞ-ın dəstəyi ilə Minsk qrupunu əvvəlki formatda bərpa etməyi, həmçinin Türkiyəni Qarabağ proseslərindən kənarlaşdırmaq üçün cəhdlər edir. Bu reallıq Rusiya KİV-də, xüsusilə ermənilərin nəzarəti altında olan çoxsaylı mətbu orqanlarda özünü daha qabarıq biruzə verir. Belə ki, həmin yazılarda və ekspert rəylərində Ərdoğanın Şuşa səfərinə çox qısqanclıqla yanaşılır. Şübhəsiz ki, Lavrov da danışıqlar zamanı müxtəlif təzyiq rçaqlarını işə salaraq hədəflərinə çatmağı sınayıb, Minsk qrupunun fəaliyyətini bərpa etmək üçün cəhdlər edib.

Erməni diversantların qaytarılması, Qarabağ üçün status məsələsini ortaya atıb. Bu, şübhə doğurmur. Amma reallıq budur ki, həqiqətən rəsmi Bakı çətin bir situasiya üçə qarşı-qarşıyadır. Məlum məsələdir ki, Azərbaycan Minsk qrupundan imtina etsə, Rusiya bölgədə öz hegemonluğunu müxtəlif üsullarla, hətta təxribatlarla həyata keçirməyə cəhdlər edəcək. Bizim bu vəziyyətdə əsas güvənc yerimiz Türkiyə faktorudur. Bəli, vəziyyət olduqca mürəkkəbdir, davamlı təzyiqlər ara vermir. Amma əsas olan ölkə prezidenti İlham Əliyevin bu təzyiqləri dəf edərək, Fransanın Minsk qrupunda təmsil olunmasına imkan verməməsi, status və və digər məsələlərdə prinsipiallıq nümayiş etdirərək ölkəmizin mənafeyini maksimum səviyyədə qorumasıdır. Qalanlar isə prezitentimizin təbiri ilə desək, təfərrüatdır.



Nazilə Nəriman
Analitik Yazı
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz