Vətən Müharibəsi vətənini, dövlətini sevən hər bir azərbaycanlı üçün həm də üzərinə düşən məsuliyyəti yerinə yetirmək fürsəti yaratdı. Müharibə təkcə səngərdə yox, həm də informasiya cəbhəsində də getdiyindən burada ən çox vuruşmalı olan səfirlərimizin, diplomatik korpus təmsilçilərimizin “savaşda necə özlərini göstərdilər” sualını ortaya çıxardı.
Yaşadığım və işlədiyim, bir çox ölkə diasporlarının, xüsusən də ermənilərin aktiv olduğu böyük Avropa ölkəsi Almaniyada səfirliyimizin fəaliyyətini hər zaman yaxından izləmişəm, görülən müsbət işlərlə bağlı dəfələrlə yerli mediada yazmışam. Yaxşı işləri görüb təqdir ediriksə, çatışmazlıqları da dilə gətirməyi, tənqid etməyi bacarmalıyıq. Çünki sağlam tənqid inkişafa xidmət edir.
Bu nədənlə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun Vətən Müharibəsi dönəmində, necə deyərlər informasiya savaşındakı mübarizəsi ilə bağlı yazmaq istədim. Qısa olaraq səfirliyin saytına göz gəzdirdikdə, 22.10.2020 tarixində belə bir başlıq diqqətimi çəkdi: “Səfir Ramin Həsənov “Ermənistan və Azərbaycan arasındakı münaqişəyə baxış“ adlı mətbuat konfransı keçirib”, – deyə qeyd olunurdu. Federal Mətbuat Konfransı zalında baş tutan bu tədbirin videolinkini burada qeyd edirəm, alman dili bilən oxucular izləyib, tanış ola bilərlər. https://www.pscp.tv/w/1jMJgXmjmojxL
Mənə maraqlı gəldi ki, müharibə getdiyi bir zamanda nə yaxşı, səfirimiz belə bir mətbuat konfransı keçirib və xarici jurnalistləri dəvət edərək, onların suallarını cavablandırıb.
Videolinki açaraq izləməyə başladım. Başlanğıcda konfrans zalında gözə 3 jurnalist dəyirdi. Düşündüm ki, ola bilsin, tədbir yeni başlayıb və digər jurnalistlər gecikirlər. Ancaq təəssüf və məyussluq hissi ilə qeyd edim ki, tədbirin sonuna qədər səfirimizi 3 jurnalist dinlədi və suallar verdi.
R.Həsənov giriş nitqində alman dilində detallı şəkildə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdiyi təxribatlarla bağlı danışdı.
Xarici jurnalistin sualına verdiyi cavab isə məni mənfi mənada heyrətləndirməyə bilməzdi.
Jurnalist sual verir:
– Cənab səfir, Türkiyədən nə qədər silah alırsınız?
Ramin Həsənovun cavabı:
– Konkret olaraq statistika deyə bilmərəm, bizim nə qədər türk silahımız var. Ancaq, əldə etdiyimiz silahların 90 faizdən çoxunu Rusiyadan almışıq.
Qeyd edim ki, bu fikirlər səsləndirilən ərəfədə Azərbaycanın İsraildən aldığı dronlar və qardaş Türkiyədən aldığmız Bayraqdarlar Ermənistanın Rusiyadan aldığı silahları cəbhədə məhv edirdi.
Diplomatın olduqca həssas bir məqamda qeyd edilən fikri səsləndirməsi beynəlxalq münasibətlət baxımından son dərəcə zərərlidir. Səfirin cavabına qulaq asdıqca, düşündüm görəsən, Ramin Həsənov dövlət başçısı İlham Əliyevin çıxışlarını, müsahibələrini izləyirmi? İzləsəydi, təbii ki, bu suala prezidentin təbirincə cavab verə bilərdi.
Belə ki, Vətən Müharibəsi zamanı fransız jurnalistin İlham Əliyevə “neçə ədəd Türk dronunuz var”, – sualına prezident cavab verir ki, “kifayət qədərdir və bu, açıqlaya bilməyəcəyimiz bir məlumatdır”.
Səfirin adıçəkilən mətbuat konfransında səsləndirdiyi digər vacib məqamları növbəti yazıda analiz edib dqqətinizə çatdıracağam.
Sonda R.Həsənovun səsləndirdiyi “silahlarımızın 90 faizdən çoxunu Rusiyadan almışıq” deyimi ilə bağlı maraqlı bir statsitikanı diqqətinizə çatdırmaq istəyirəm. Ümid edirəm ki, bunu özü də izləyəcək.
Azərbaycanın İctimai Televiziyası silah satışındakı ümumi tendensiyaları təhilil edən nüfuzlu təşkilat Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunun açıqladığı statistikaya istinad edərək 04.04.2020 tarixində saat 18:11-də maraqlı bir reportaj yayımlayıb.
Məlumatda qeyd edilir ki, son 5 ildə Azərbaycanın əldə etdiyi silahların 69 faizi İsrail, 17 faizi isə Rusiya mənşəlidir. Qalan 14 faizdə isə Türkiyə, Ukrayna, Belarus, Pakistan və Çinin payı var.
Daha vacib və maraqlı məqam ondan ibarətdir ki, səfir Ramin Həsənovun xarici jurnalistlər qarşısında səsləndirdiyi silahlarının 90 faizdən çoxunun Rusiya istehsalı olan ölkə Azərbaycan yox, Ermənistandır. Belə ki, Stokholm Sülh Araşdırmalar İnstitutunun statistikasında Ermənistanın istifadə etdiyi silahların 94 faizinin Rusiya istehsalı olduğu açıqlanır.
Həsən Babayev, Berlin,
KONKRET.az