Bu Azərbaycan dilini bilməyən yaxud çox pis başa düşən məmurların indi çox ciddi bir problemi var. Bizdə qanunvericilik dövlət dilində qəbul edilir və sadəcə Azərbaycan dilində bütün hüquqi baza mövcuddur. Onlar da öz ana dillərində (oxu: rus dili) mətnləri oxumadıqlarından ağıllarına əsəni etməkdə özlərini sərbəst hesab edirlər.
Yeni baş nazirin son danışıqlarından məlumdur ki, dövlət dilini yaxşı bilmir. İndi heç olmasa dövlət dilini yaxşı bilən NK işçiləri qanunvericiliyi ona tərcümə etsinlər...
Görsünlər ki, Nazirlər Kabinetinin fövqəladə vəziyyət elan edilməyibsə, karantin zamanı jurnalistlərin fəaliyyətini tənzimləmə hüququnu nə konstitusiya, nə də digər qanunlar ona verməyib.
Jurnalistin öz peşə fəaliyyətini icazə ilə həyata keçirməsi yalnız Konstitusiyanın 112-ci maddəsində tətbiq edilən fövqəladə vəziyyət rejimi zamanı nəzərdə tutulub.
Jurnalistlərə tövsiyəm, nə zaman onları saxlasalar yerində akt tərtib edib, məhkəməyə getsinlər. Onların fəaliyyətinə mane olanlar hüquqi məsuliyyət daşıyacaq.
Eşidir kimiyəm ki, "ölkədə müstəqil məhkəmə var?" sualını verirsiniz.
3-4 il çox zaman deyil, Avropa məhkəməsində Konvensiyanın 10-cu maddənin pozuntusu ilə həm mənəvi həm maddi baxımdan haqq etdiyinizi alacaqsınız.
Kütləvi informasiya vasitələri haqqında Qanun
Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
Maddə 7. Senzuranın yolverilməzliyi
Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir.
Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.
Fövqəladə və hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla bilər. [13]
Ələsgər Məmmədli
Hüquqşünas //pravda.az//