Axtarış...

Göygöl təhsilində kəndlərə uzanan korrupsiya... - Texniki işçilərin maaşlarını kimlər yeyir?

Göygöl təhsilində kəndlərə uzanan korrupsiya... - Texniki işçilərin maaşlarını kimlər yeyir?

Göygöl rayon təhsil şöbəsində təmsil olunan şəxslər hələ də köhnədənqalma korrupsiya mexanizmlərindən imtina etməyiblər. Bir başı rayon icra hakimiyyətinin "İctimai-siyasi və humanitar məsələlər şöbəsi"nə, digər uzantısı da Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin pulsayanlarına uzanan maddi maxinasiyaların durdurulması çox vacibdir.
"Demokratik.Az"-a bu dəfə verilən məlumata görə, rayonun Hacıməlik kəndində (şəhər tipli qəsəbə-red) yerləşən məktəblər də bir sıra özbaşınalıqlardan əziyyət çəkir.

Aldığımız bilgiyə görə, Hacıməlik ŞTQ 2 saylı tam orta məktəbinin təşkilatçı müavini Elbar Şirəliyev öz direktoru Məcid Bayramovla razılaşaraq həyat yoldaşı Gülnarəni məktəbin xadiməçisi kimi yazdıraraq sonuncunun işə gəlməməklə adına maaş yazılmasını təmin edib. Bu məqsədi pərdələmək üçün də qəsəbədəki 1 saylı orta məktəbinin texniki işçisi Sevda Qurbanovanın əmək hüquqları istismar edilib. Yəni, S.Qurbanova ştat üzrə 1 saylıda işləsə də, uzun müddətdir 2 saylı məktəbə göndərilərək Gülnarə Şirəliyevanın da əvəzindən süpürgəçiliyə-təmizlik işlərinə cəlb edilib.

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, 2 saylı məktəbdə hazırda 5 nəfər texniki işçi var və onlardan daha biri də Gülnarə Şirəliyeva kimi işə çıxmır, əvəzinə başqası işləyir. Adıçəkilən Sevda isə hər həftənin yalnız cümə günlərində 2 saylı məktəbə göndərilir, Gülnarəni əvəzləyir, özünün tabeli olduğu şəxsin sözügedən qanunsuz tapşırığını icra etməyə məcbur edilir.
Ortada olan maaş kartını isə kimin alıb yeməsi, əlinə süpürgə almayan və iş üzü tanımayan direktor müavinin arvadının əvəzində köçürülən əməkhaqqını kimin və niyə qamarlaması daha maraqlıdır.

Məlumata görə, kəndin hər iki məktəbində texniki işçilərə qeyri-rəsmi nəzarət, oxşar maddi maxinasiyalar Hacıməlik ŞTQ 1 saylı tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini Asiya Hüseynovanın nəzarətindədir. Və Sevdanın süpürdüyü, Gülnarənin də adı getdiyi 2 saylı məktəbin bu kimi işlərə bulaşması Asiyanın iradəsinə uyğunlaşdırılır.

İddialara görə, Asiya Hüseynovanın Göygöl İHB-nin xanım müavini Kəmalə İbrahimova ilə rəfiqə olması hər iki məktəb direktorunun adıkeçənə bu kimi nöqsanlı şərait yaradılmasını məqbul edir. Gülnarə Şirəliyevanın və bir neçə texniki işçinin adına olan maaş kartlarının da Asiya Hüseynovada olması, maaşların hər ay bankomatdan məhz Hüseynova tərəfindən çıxarılması aldığımız məlumatlar sırasındadır. Bundan başqa, xanım təsərrüfat müdirinin öz ali təhsilli gəlinini (hazırda müəllimdir) Gülnarə Şirəliyevadan əvvəl süpürgəçi ştatına oturtması, gəlininin də yerinə başqalarını işlədərək maaşını alması faktı ortadadır.

"Demokratik.Az" saytı sadalanan faktlarla əlaqədar Göygöl Təhsil şöbəsi ilə əlaqə qurub. TŞ-nin məsələyə münasibəti belə olub: "Belə məsələlərə biz baxmırıq, heç nə deyə bilmərik. Biz məktəblərdə yalnız tədrisə cavabdehik, maaş və digər özbaşınalıqların Göygöl TŞ-yə aidiyyatı yoxdur. Araşdırmaq və dəqiqləşdirmək istəyirsinizsə, aidiyyatı üzrə Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət edin!.."
Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə yaratmaq istəyimiz isə bir neçə günlük cəhdlərlə havada qaldı.

Hacıməlik 2 saylı tam orta məktəbinin direktoru Məcid Bayramovla söhbətimiz zamanı isə o, deyilənləri təsdiq etsə də, baş verənləri normal qarşıladığını bildirdi. Direktor hesab edir ki, "əgər məktəb təmiz saxlanılırsa, kimin faktiki çalışmasının, kiminsə adına da sənəd üzərində havayıca maaş yazılmasının heç bir önəmi yoxdur və bu cinayət deyil".
Hələ də bu məntiqlə düşünən direktorların olması, deyilən özbaşınalığın sanki malalanması cəhdi yalnız təəssüf doğurur.

İnanırıq ki, təhsil naziri Emin Əmrullayev sadalanan faktlara tezliklə göz gəzdirəcək!
(əlavə məlumat verməyə çalışacağıq - yazıda adıkeçən digər şəxslərin də söz haqqına sayğımızı ifadə edirik...)
Demokratik.Az
Text-to-Speech

DİNLƏ






Şərh yaz