Axtarış...

Qazaxda hər iki valideyni əlil olan ali təhsilli gəncə qarşı biganəlik - İş tapılmır.....




Qazax rayon sakini 1-ci qrup əlil Firuz Xasməmmədov Yeniavaz.com-a müraciət edərək, oğlu Rəşad Xasməmmədovun ali təhsilli mühəndis olmasına baxmayaraq ixtisasına uyğun iş tapa bilməməsindən şikayətlənib. O bildirib ki, bununla bağlı Qazax rayon Məşğulluq Mərkəzinə müraciət edib, oradan isə oğlu R. Xasməmmədovu rayonun işıq idarəsində fəhlə kimi işlə təmin ediblər. F. Xasməmmədov isə övladına öz ixtisasına uğun işlə təmin edilməsini istəyir: "Mənim övladım savadlı gəncdir, Sumqayıt Dövlət Universitetini bitirib, rus və ingilis dillərini mükəmməl bilən ali təhsilli mühəndisdir. Necə olur ki, belə bir gəncimizə iş tapılmır? Bizim hər ikimiz, həm mən, həm də yoldaşım 1-ci qrup əlilik. Qardaşım da Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Yeganə övladım Rəşada xeyirxah insanların dəstəyilə ali təhsil vermişik ki, işləyib bizi dolandırsın. Başqa yerlərlərdən iş təklifləri gəlir, ancaq o bizi qoyub gedə bilməz. Oğlumun yardımı olmasa mən hərəkətsiz vəziyyətdə qalıram, çarpayıdan düşə bilmirəm. Xahiş edirəm, ona ixtisasına uyğun iş versinlər ki, qalıb rayonumuzda işləsin və bizə də köməklik etsin!".

Firuz Xasməmmədov qeyd edib ki, məsələ ilə bağlı bir neçə gün öncə Qərb Regional Enerji Təchizat və Satışı İdarəsində də olublar: "Qərb bölgəsi üzrə işıq idarəsinin regional şöbəsinin rəisi Elmar Seyidovun qəbul günü olur. Mən də oğlum və yoldaşımla birlikdə taksi tutub, Gəncəyə rəisin qəbuluna getdik. Elmar müəllim bizimlə görüşmək üçün heç zəhmət çəkib aşağı da düşmədi, öz müavinini göndərdi. Müavini isə bizə dedi ki, hələ "ştat" yoxdu bununla bağlı Prezidentə, İcra başçısına, "Azərişıq" rəhbərinə müraciət edin yer açılsın ondan sonra baxaq".

F. Xasməmmədov məsələ ilə bağlı Qazax Rayon İcra Hakimiyyətinə də müraciət etdiyini bildirib: "Rayon İcra Hakimiyyətinə də müraciət etmişəm oradan da deyirlər ki, ancaq "Azərişıq"ın rəhbəri Vüqar Əhmədov bir ştat verməlidi ki, biz sizin oğlunuzu işlə təmin edə bilək".

Vətəndaşın şikayəti ilə bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. T. Mustafayev Yeniavaz.com-a bildirdi ki, heç bir rayonun işıq idarəsi işçi götürmək səlahiyyətində deyil: "Kadr məsələsi nə regional, nə də ki, rayon idarələrində həll olunmur. İşçi qəbulu məsələlərinə Bakıda, mərkəzi idarədə baxılır. Vətəndaşların özlərinin gəlməyinə ehtiyac da yoxdur. İnsan resurslarına onlayn olaraq elektron CV göndərirlər oradan baxılır. CV göndərən vətəndaşlar bizim regional tədris mərkəzlərimiz var, orada imtahan olunurlar, əgər işçi namizəd imtahanda müvəffəqiyyət qazanarsa onda kurs keçir və işçilərin ehtiyat bazasına daxil olur, uyğun işlə də təmin olunurlar. Həmin vətəndaş da CV-ni onlayn olaraq insan resurslarına göndərsin mütləq baxılacaq".

Yeniavaz.com
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz