Axtarış...

Qubadlının üç qəhrəmanı




Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.

Qubadlı rayonu 1933-cü ildə yaradılıb, bir şəhər və 93 kənddən ibarət olub, sahəsi 802 kvadrat kilometrdir.

Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qubadlı uğrunda gedən döyüşlərdə Azərbaycanın igid oğulları şəhid olub.

Mayor Əliyar Əliyev - Azərbaycanın Milli Qəhrəmanı və Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, Qubadlının Qazyan kəndində 1957-ci ildə anadan olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilib. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi da tanınırdı.

Ə.Əliyev Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. 1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyub.

Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirib, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazıb. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilib, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılıb.

1992-ci ilin aprel ayının 16-da “Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçib. Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv edib, həmin meyitləri azərbaycanlı əsirlərə dəyişiblər.

1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olub. 1992-ci ilin avqust ayında həyata keçirilən “Şurnuxu” əməliyyatında iştirak edib.

Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edib.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

Polkovnik Şükür Həmidov - Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub. Şükür Həmidov hələ hərbi liseydə təhsil alarkən, könüllü olaraq döyüşlərə getmək arzusunu komandanlığa bildirib. Hərbi liseydən sonra - 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə daxil olaraq təhsilini davam etdirib və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində taqım komandiri kimi fəaliyyətə başlayıb. 2006–2008-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının müdavimi olub.

2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub və Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Şükür Həmidov İkinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Milli Qəhrəman II Fəxri Xiyabanda torpağa tapşırılıb.

General-mayor Mais Bərxudarov -Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, 1976-cı ildə Qubadlı şəhərində anadan olub. Uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub.

1998-ci ildə baş-leytenant Mais Bərxudarov “Azərbaycan Bayrağı” ordeni ilə təltifləndirilib. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edib. O, bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülüb. 2012-ci ildə polkovnik Mais Bərxudarov “Vətən uğrunda” medalı ilə təltif edilib.

2016-cı il aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştrak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mənbə bildirir ki, Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.

Ali Baş Komandan İlham Əliyev Mais Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verib.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz