Buğda idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti 5 ildən 7 ilədək uzadıla bilər. Bu barədə fevralın 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatında keçirilən növbəti iclasında məlumat verilib. Deputatlar müzakirələrdə qanun layihəsinin ikinci oxunuş üçün hazırlanmış variantında buğdanın idxalı və satışının, həmçinin buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 5 ildən 7 ilədək uzadılmasını (2017-ci il yanvarın 1-dən etibarən), eləcə də kəpəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 3 ildən 5 ilədək (2019-cu il martın 1-dən etibarən) uzadılmasını, qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsini, həmçinin elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olmasını (birinci oxunuşda hər litr üçün 220 manat idi) nəzərdə tutan dəyişikliklərə müsbət münasibət bildiriblər.
Buğda idxalı və satışının ƏDV-dən azad edilməsi ilə bağlı fikirlərini "Şərq"lə bölüşən iqtisadçı-ekspert Rauf Qarayev vurğulayıb ki, tətbiq olunan azad olma çörəyin ucuzlaşmasına səbəb olmayacaq. Onun sözlərinə görə, buna səbəb isə bəzi sahibkarların öz standartları ilə iş görmələridir:
"Əvvəla qeyd edim ki, indiki dövrdə bazarda alıcılara “Karmen” unu 28 manata, “Mehriban” isə 30 manata təklif olunur. Bəzi yerlərdə isə qiymət 35 manata kimi yüksəlir. Misal olaraq regionlardan biri olan Sabirabad rayonundakı vəziyyətə nəzər salaq. Bu baxımdan orada çıxan “Muğanın səsi” qəzetinin araşdırmasına diqqət yetirək.
“Unun və çörəyin qiymətlərini artıran işbazlara qarşı biganə olmayaq?!” adlı yazıda qeyd olunur ki, “AS-GÜN” ticarət mərkəzinin “Bərəkət” çörəkbişirmə müəssisəsi demək olar ki, rayonun 25-30 faizini çörəklə təmin edir. Müəssisə 24 saat fasiləsiz işləyir, satışa müxtəlif çəkidə 4 çeşiddə ağ undan (“Karmen”) məhsul çıxarır.
Sobada bişirilən təndir çörəyi adı ilə 370-372 qramlıq çörək 30 qəpiyə, 392 qramlıq 30 qəpiyə, 520 qramlıq çörək isə 40 qəpiyə satılır. Rəqəmlərdən də göründüyü kimi, “Bərəkət”dən satışa verilən 30 qəpiklik çörəyin çəkisi normadan 100-110 qram, 40 qəpiklik çörəyin çəkisi 180-200 qram əskikdir. Cavad kürə çörəyi adı ilə satışa çıxarılan Cavad kəndində istehsal olunan 30 qəpiklik çörəyin çəkisi 325 qramdır, bu da normadan 175 qram azdır".
İqtisadçı-ekspert qeyd edib ki, ümumiyyətlə, hansı şəraitdə bişirilməsindən və keyfiyyətindən asılı olmayaraq rayonda satışa çıxarılan ayrı-ayrı sexlərdə hazırlanan çörəklərin çəkisində normadan ən azı 100-200 qram fərq var:
"Bu qədər tədbirlərin görülməsinə baxmayaraq vəziyyət dəyişməz olaraq qalmaqdadır. Hətta məlumat dolaşır ki, müəyyən qrup adamlar regionlara gedərək vəsait toplayırlar və nəticədə bəzi sahibkarlar buna arxayın olub öz standartları ilə iş görürlər.
Deməli, tətbiq olunan azad olma çörəyin ucuzlaşmasına təsir göstərməyəcək. Vəziyyətin müsbətə doğru dəyişməsi üçün məmur və vətəndaş arasında körpü olmalıdır. Mütəmadi olaraq məmur vətəndaşla təmas qurmalı və özü birbaşa məsələyə müdaxilə etməlidir.
Təəssüf ki, Azərbaycanda belə məmurlar çox azdır. Nəticədə də problemlər azalmaq əvəzinə çoxalır".