Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim qəbuluna düşməyin mümkün olmadığı bildirilir.
Bu barədə Gözətçiyə sözügedən rayonun sakini Elşən Süleymanov məlumat verib.
E.Süleymanov iddia edir ki, ətraf rayonlarda xəstəxanalar koronavirus pandemiyasına görə bağlanıb və həmin xəstəxanalarda ancaq COVİD-19 virusuna yoluxmuş insanları qəbul edirlər. “Buna görə də Ucar, İsmayıllı, Ağsu və Ağdaş rayonlarının əhalisi də Göyçay Rayon Mərkəzi Xəstəxanasına üz tuturlar. Göyçayın 100 mindən çox əhalisini nəzərə alsaq, adını çəkdiyim rayonların sakinlərini də əlavə etsək, bu xəstəxana yarım milyon əhaliyə xidmət göstərməlidir. Həmçinin xəstəxana 44 günlük Vətən müharibəsi zamanı yaralanmış əsgərləri də qəbul edir. Bütün bunlara görə xəstəxanaya müayinə və müalicə olunmaq çətinləşib.”
Şikayətçi deyir ki, xəstəxanada sıxlıq səbəbindən virusa yoluxmamaq üçün insanlar arasında saxlanılmalı olan bir metr yarım- iki metrlik sosial məsafə qaydalarına da əməl etmək mümkün deyil.
Elşən Süleymanov deyir ki, Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki uşaq xəstəxanası da uzun illərdir fəaliyyət göstərmir. “Rayonun uşaq xəstəxanası, dəri-zöhrəvi dispanseri da mərkəzi xəstəxanaya birləşdirilib. İndiki şəraitdə uşaq xəstəxanasını bərpa etmək olar. Bu da xəstə sıxlığı ilə bağlı yaranmış çətinlikləri aradan qaldıra bilər. Buna görə əlaqədar dövlət qurumlarından xahiş edirik ki, Göyçay sakinlərinin təkliflərini nəzərə alsınlar.”
Gözətçi məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladı. Qurumdan bildirilib ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək.
Hüquqşünas Murad Ağazadə hesab edir ki, əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən və beynəlxalq öhdəliklərdən biridir. “Bu sahədə insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyətliliyidir.”
Hüquqşünas qeyd edib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə əhalinin sanitariya-epidemioloji salamatlığı dövlət sanitariya-epidemioloji xidmətinin nəzarəti altında bütün hüquqi və fiziki şəxslər tərəfindən gigiyenik, əksepidemik tədbirlər kompleksini həyata keçirməklə, qanunvericiliyə uyğun olaraq təmin edilməlidir.