Baş nazir Novruz Məmmədov "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturunu yeni redaksiyada təsdiq edib.
Qərarın mətni Nazirlər Kabinetinin saytında dərc olunub.
Sənədə əsasən, "Azərsu” ASC-nin tabeliyində, "Azərsu” ASC-nin "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 №-li, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 №-li, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 №-li, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 №-li, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 №-li, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 №-li, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 №-li və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılır.
Qərarla "Azərsu” ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək "Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb.
"Azərsu” ASC-nin "Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən "Göyçay Sukanal” TSC və "Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil edilib. MMC hüquq varisliyi qaydasında ona qoşulan "Göyçay Sukanal” TSC-nin və "Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürüb. "Göyçay Sukanal” TSC və "Ağdaş Sukanal” TSC-nin "Birləşmiş Sukanal” MMC-yə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti "Azərsu” ASC-nin sədrinə verilib.
Bundan başqa, "Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı "Göyçay Sukanal” TSC-nin və "Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılıb.