Ermənistan 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya ilə birlikdə imzaladığı üçtərəfli bəyanatı pozur.
Yanvarın 5-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyan qanunsuz olaraq Dağlıq Qarabağa səfər edib. O, Xankəndidə cinayətkar rejimin nümayəndələri ilə görüşüb. Ayvazyan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid törədən bəyanatla çıxış edib.
"ATƏT-in Minsk Qrupunun himayəsi altında münaqişənin Qarabağ xalqının öz müqəddəratını təyinetmə və təhlükəsizlik hüququna əsaslanmalı olan uzunmüddətli həllinin prioritetliyinə çalışırıq"-deyən Ayvazyan bununla Dağlıq Qarabağdakı ermənilərin müstəqillik iddiasını yenidən gündəmə gətirmək istəyib.
"Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi və “sənədlər” imzalaması 10 noyabr tarixli üçtərəfli bəyanata ziddir və hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir".
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər nazirinin Qarabağa səfərinə münasibət bildirərkən belə deyib.
"Xatırladırıq ki, məhz Ermənistan Baş naziri 10 noyabr tarixli bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir. Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidirlər. 10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması və bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə, gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyildir" - XİN rəsmisi bəyan edib.
Politoloq Fikrət Sadıqov hesab edir ki, Ermənistanın Xarici İşlər nazirinin Azərbaycan ərazisinə qanunsuz müdaxiləsi yolverilməzdir. Lakin bu hüquq pozuntusuna görə, Ermənistanla yanaşı, Rusiya da məsuliyyət daşıyır:
"Heç bir rəsmi şəxsin Ermənistandan Dağlıq Qarabağa gəlməyə ixtiyarı yoxdur. Çünki belə bir addımın atılması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın pozulmasıdır. Bu, Azərbaycan dövlətinin maraqlarına da ziddir. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da bu fikir öz əksini tapıb. Amma məsələ yalnız Ermənistanın xarici işlər naziri ilə yekunlaşmır. Onu Dağlıq Qarabağa göndərən və Laçın dəhlizindən keçməsinə imkan verən qüvvələr də məsuliyyət daşıyır. Əgər sülhməramlılar bölgədə sabitliyin olmasında maraqlıdırsa, o halda gərək belə qanunsuz səfərlərin baş verməsinə şərait yaratmasınlar. Əks təqdirdə, sülhməramlılar Rusiya prezidentinin də imza atdığı sənədə hörmətsizlik edirlər. Bu baxımdan, onların rolu ciddi əhəmiyyət daşıyır. Əgər əsgərlər bunu anlamırsa, rəhbərləri onları başa salmalıdır. Azərbaycan ərazisinə gələn hər bir Ermənistan rəsmisi ölkəmizin sərhədlərini pozur və persona non-qrataya çevrilr. Yəni həmin şəxs Azərbaycan üçün arzuolunmaz şəxs sayılır. Beynəlxalq hüquq normalarına uyğun olaraq, persona non-qrata edilmiş şəxsi hər an həbs etmək olar. Əgər Ermənistan rəsmiləri mütəmadi olaraq belə səfərlər etmək istəyirsə, Azərbaycanın sərt reaksiyası ilə üzləşəcək. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verib. Amma hesab edirəm ki, belə hal təkrar olunsa, Azərbaycan daha sərt reaksiya verməlidir".
Ekspert bildirdi ki, Ara Ayvazyanın Dağlıq Qarabağa səfərinin Ermənistan ictimai rəyinə hesablanması barədə deyilənlər həqiqəti əks etdirir. Ancaq bu cür taktikalar Nikol Paşinyanın hakimiyyətdə qalması üçün çıxış yolu deyil:
"Paşinyanın vəziyyəti çox mürəkkəbdir. Bir sıra partiyalar onun istefasını tələb edir. Paşinyan isə Ermənistan cəmiyyətinin dəstəyini qazanmaq üçün müəyyən radikal addımlar atmaq məcburiyyətində qalıb. Onların fikrincə, Ayvazyanın səfəri Paşinyan hökumətinə dəstəyi təmin edə bilər. Amma bu, absurd yanaşmadır. Belə addımların Ermənistan hakimiyyətinə rəğbətin və ehtiramın artmasına gətirib çıxaracağını düşünmürəm".