Azərbaycanda dövlətdən maliyyələşən qurumların sifarişçi olduqları dövlət satınalmalarında neqativ hallara yol verilməsi barədə dəfələrlə yazılıb. Bu satınalmalarda ən çox rast gəlinən neqativ hallardan biri nəzərdə tutulan müqavilələrdə qiymətlərin şişirdilməsi ilə yanaşı, eyni zamanda izafi xərclərə yol verilməsidir.
Hər iki neqativ halın rast gəlindiyi ehtimal edilən daha bir satınalmaya "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ilin dekabr ayının 4-də yekun vurub. Belə ki, "Azərxalça" ASC-nin "5 rayonda Yun və Boyaq bitgilərinin tədarükü məntəqələrində reklam işlərinin görülməsinin satınalınması" lotu üzrə sifarişçi olduğu tenderin məbləği 110.284 manat, qalibi isə "SSAL-2" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
"Azərxalça" ASC sifarişçi olduğu bu tenderdə Şabran, Qobustan, Sabirabad, Naxçıvan və Bərdə rayonlarında fəaliyyət göstərən ASC Regional Yun və boyaq bitkilərinin tədarükü məntəqələrində binaların üzərinə ASC-nin loqosunun, lövhə və qapı üzərinə yapışdırılacaq elanların düzəldilməsini sifariş edir:
Naxçıvan Muxtar Respublikası üçün orqanik şüşə və vinildən düzəldilmiş 16 ədəd masaüstü 30 sm - 21 sm ölçülərindən düzəldilmiş plasmas löhvə;
60 sm - 90 sm ölçüsündə 115 ədəd şəkil ramkası;
316 sm - 173 sm ölçüsündə parlaq laminatdan 5 ədəd şəkil stendi;
Qabarıq qızılı hərflər, Logo 170sm , ASC-80 sm, Yazılar 55 sm, 3mm plastik şüşə, 5 ədəd;
110x70sm 1,8 mm laminat quraşdırma üçün 4 ədəd qızılı başlıq 5 ədəd;
EXİT-lər 30 sm - 15 sm ölçüsündə 55 ədəd;
133 sm - 200 sm ramkada fotolar 45 ədəd;
Qapı Lövhələri və otaq adları 40 ədəd;
210 sm - 185 sm ölçüsündə stend 6 ədəd;
110 sm - 50 sm şərəf löhvəsi 5 ədəd.
Qlobal.az "Azərxalça" ASC-nin sifarişçi olduğu tenderdə hazırlanacaq lövhə, stend və loqolarda istifadə olunan materialların real qiymətləri ilə bağlı kiçik araşdırma aparıb.
Türkiyə istehsalı olan 18 mm keyfiyyətli MDF panelin qiyməti Bakı şəhərində 90 manata, Oracal və Unifol şirkətlərinin istehsalı olan vinillərin bir kvadrat metri 3-14 manata, Tailand istehsalı olan orgsteklonun bir kvardat metri 115-350 manat arası, foto ramkaları ölçü və materialdan asılı olaraq 27-42 manata, 10 mm qalınlıqda vinil kəsimi , 4 ədəd bolt ilə 30 sm - 15 sm ölçüsündə masaüstü bir lövhə isə 15 manata təklif olunur.
Göründüyü kimi, hazırkı bazarda təklif olunan materialların və xidmətlərin qiymətini nəzərə aldıqda "Azərxalça" ASC-nin sifarişçi olduğu tenderin ümumi məbləğinin 5/1-nə sifarişi yerinə yetirilməsinin mümkün olduğunu görürük.
Məsələ ilə bağlı "Azərxalça" ASC-dən münasibət öyrənə bilmədik.
Qeyd edək ki, koronavirus pandemiyasına görə "Azərxalça" ASC-nin ötən ilin aprel ayından işləri dayandırdığı deyilir.
Qlobal.az