Axtarış...

“Azərxalça” ASC-də MAAŞ BÖHRANI – 3 aydır ki, toxuculara əməkhaqqı verilmir



“Azərxalça” ASC-nin işçiləri 3 aydır ki, əməkhaqlarını ala bilmirlər. Bu barədə “Hürriyyət”i bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, ASC-nin toxucuları toxuduqları hər kvadratmetr xalçaya görə 250 manat əməkhaqqı almalı olduqları halda, 3 aydır ki, onlara əməkhaqqı verilmir: “İnzibati təsərrüfat işçiləri standart əməkhaqqı alsalar da, toxucular 1 kvadratmetr xalça toxuduqda 250 manat maaş alır. Onu da qeyd edim ki, 1 kvadratmetr xalçanın tounmasına 1 ay vaxt gedir. Bir ay ərzində isə ancaq seyrək xalçanı toxuyub çatdırmaq olar. Buna əsasən belə qənaətə gəlmək olur ki, bir xalçaçı ən azı 1 ay ərzində evinə 250 manatdan çox maaş aparmaq gücündə deyil. Elə toxucular da var ki, ay ərzində 2, ən yaxşı halda 3 kvadratmetr xalça toxuyur. Gördüyünüz kimi, bu qədər zəhmətin qarşılığında toxuculara verilən maaş olduqca azdır. Lakin buna baxmayaraq, onlar fevral ayından etibarən halalca maaşlarını ala bilmirlər”.

“Belə bir vəziyyətdə “Azərxalça” toxunan xalçaları hara və kimə satsın?!”

Hazırda ölkə ərazisində “Azərxalça”nın 21 filialının mövcud olduğunu qeyd edən mənbə bildirdi ki, ASC-nin ümumilikdə 1800 nəfərə yaxın toxucusu var: “Deyilənlərə görə, “Azərxalça”nın İdarə Heyətinin sədri Vidadi Muradov da ASC-nin toxucuları kimi fevral ayından bu yana əməkhaqqı almayıb”. ASC-nin işçilərin maaşlarını ödəməsi üçün vəsaitinin olmadığını iddia edən bilgilə şəxsin sözlərinə görə, bu barədə hökumətə də müraciət olunub: “Lakin hələ də işçilərin maaşları verilməyib. “Azərxalça”nın dövlətə məxsus hüquqi şəxs olduğunu nəzərə alsaq, o zaman toxucuların əməkhaqqısının indiyədək verilməməsinin məsuliyyəti dövlətin üzərinə düşür. Görün, “Azərxalça”da nə cür acınacaqlı vəziyyət hökm sürür ki, ASC-nin məsul şəxsləri belə, avtomobillərinə yanacaq doldurmağa vəsait tapmırlar. Məndə olan məlumata görə, bununla bağlı hökumətə müraciət olunub və məsələ həll olunması üçün İqtisadiyyat Nazirliyinə göndərilib. Ancaq buna rəğmən, hələ də toxucuların və ASC-nin digər əməkdaşlarının maaşı verilməyib. Əksinə, rəsmi qurumlar deyirlər ki, gedin xalçanızı satın, bu yolla özünüz maaşınızı qazanın. Hazırda koronavirus pandemiyası səbəbindən demək olar ki, dünyanın bütün ölkələrində karantin rejimi hökm sürür. Belə bir vəziyyətdə “Azərxalça” toxunan xalçaları hara və kimə satsın?!”

“Hökumətin koronavirusla mübarizə tədbirlər planından faydalanmaq üçün müraciət edən toxucuların işçi kimi “Azərxalça” ASC-də qeydiyyatda olduqları və bu səbəbdən də 190 manat birdəfəlik yardım verilməyəcəyi bildirilib”

Yeri gəlmişkən, xalça emalı mərkəzinin olmasının vacibliyini vurğulayan mənbə qeyd etdi ki, istehsal olunan xalça məhz orda emal olunduqdan sonra bazara çıxarılmalıdır: “Təəssüf ki, bu gün belə bir emal müəssisəsi yoxdur. Yəni emal müəssisəsi olmadığı halda, 20 fabrik yaradıblar. Halbuki ilk öncə xalçanı emal edəcək yer olmalıdır ki, toxunan xalça dəzgahda kəsildikdən sonra emal olunmalıdır. Dünya bazarının tələbi budur. Emal olunmamış, yuyulmamış, dartılmamış, qırxılmamış xalçanı dünya ticarətində heç kim almır. Çünki emal olunmamış xalça bir müddət sonra rəngini itirir. Bu gün Azərbaycan xalçalarının dünya bazarında layiq olduğu yeri tuta bilməməsinin, “Azərxalça”nın gəlir əldə edə bilməməsinin əsas səbəblərindən də biri budur. Məndə olan informasiyaya görə, ASC indiyədək toxunan 16 min kvadratmetr xalçadan cəmi 2 min kvadratmetr xalçanı kustar üsulla yuyaraq satıb. Əgər müvafiq qurumlar bununla maraqlansalar, o zaman görərlər ki, “Azərxalça”nın anbarlarında toxunulmuş, lakin emla olunmamış 14 min kvadratmetr xalça var. Halbuki emal müəssisələri olsaydı, onda anbarlardakı xalçalar yuyulub satışa çıxarılar və bununla da ASC-nin büdcəsinə xeyli gəlir daxil olardı. Vəziyyətin bu həddə olmasının məsuliyyəti birbaşa İqtisadiyyat Nazirliyinin üzərinə düşür. Nazirlik vəziyyətdən məlumatlı olsa da, hələlik bu işlə maraqlanmır, lazımı tədbirlər görmür”. Bunun əzabını isə “Azərxalça”nın işçilərinin çəkdiyini deyən mənbənin sözlərinə görə, 3 aydır ki, maaş ala bilməyən toxucuların bir qismi çarəsiz qalıb hökumətin koronavirusla mübarizə tədbirlər planına əsasən, məşğulluğa və sosial rifaha dəstək tədbirinlərdən faydalanmaq istəyib: “Lakin bunun üçün müraciət etdikdə onların işçi kimi “Azərxalça” ASC-də qeydiyyatda olduqları və bu səbəbdən də 190 manat birdəfəlik yardım verilməyəcəyi bildirilib. ASC-nin işçiləri çıxılmaz vəziyyətdə qalıblar, nə maaşları verilir, nə də dövlət yardımı ala bilirlər”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz