“Kirayədə yaşayan sakinlərin rəsmi iş yeri olmasa da, sözügedən mənzillərdən yararlanması üçün şərait yaradılmalıdır”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında kirayə evlərin satılması mexanizmini şərh edib.
Elnur Fərzəliyevin sözlərinə görə, kirayə üsulu ilə satılacaq mənzillər üçün tələb olunan sənədlər ipoteka krediti üçün istənilən sənədlərlə eynidir. Bu isə sıravi vətəndaşlar üçün ciddi çətinliklər yaradır:
“Bu gün bəzi tikinti şirkətləri inşa etdikləri binalarda 20 illik ipoteka krediti ilə vətəndaşlara mənzillər satırlar. Onların ilkin ödənişi demək olar ki, dövlət ipoteka kreditlərindəki məbləğlə eynidir. Lakin həmin tikinti şirkətləri digər banklardan fərqli olaraq, vətəndaşlardan külli miqdarda sənədlər tələb etmirlər.
Mövcud vəziyyətdə uzunmüddətli kreditlə mənzil satan bəzi şirkətlər onlara kredit ayıran bankları cox ciddi təhlükə qarşısında qoyublar. İlkin ödənişini ödəyib aylıq ödənişlərini gecikdirən yüzlərlə sakin isə bankların problemli kreditlərinin həcmini artırıblar. Belə hallar bankları müflis olma təhlükəsi ilə üz-üzə qoya bilər”.
Ekspert bildirir ki, kirayə mənzillərin satışı digər istiqamətə köklənməli və vətəndaşlar üçün əlçatan şərtlərə əsaslanmalıdır:
“Bu gün Bakı şəhərindəki mənzillərin təxmini 25 faizində yaşayanlar kirayəşinlərdirlər. Mövcud reallığa əsasən, kirayə verilən mənzillərin 80 faizi dövlətə vergi ödəmir. Bu isə hər ay milyonlarla manatın dövlət büdcəsindən yayındırılması deməkdir.
Dövləti bu sahədən qazandırmaq üçün yeni təkliflər hazırlamaq lazımdır. Kirayədə qalan vətəndaş ev sahibi ilə notarial müqavilə bağlamalı və hər ay ödənişlərini bank vasitəsi ilə ödəməlidir. Kirayəlik mənzilin müqaviləsi notarial qaydada təsdiqlənərsə, həmin mənzil sahibinin kirayə vergisindən yayınması mümkün olmayacaq.
Kirayədə qalan vətəndaşlar ücün də yeni fürsətlər yaradılmalıdır. Vətəndaş bir və ya bir neçə il kirayədə yaşayırsa, hər ay ev pulunu bank vasitəsi ilə ödəyirsə və ödənişlərində gecikmələri yoxdursa, rəsmi iş yeri olmasa da, kirayə mənzillərin satışından, yaxud hər hansı bir ipoteka krediti ilə mənzil satışından yararlanmaq imkanına malik olmalıdır.
Belə bir vəziyyət yaranarsa, dövlət büdcəsi, banklar və eyni zamanda, vətəndaşlar ciddi şəkildə faydalana bilərlər”.
Qeyd edək ki, kirayə yolu ilə təklif olunan evlərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.
Mənzillərin qiyməti Bakının ərazisindən asılı olmayaraq eynidir və 1 850 manat ətrafında dəyişir. Belə ki, mənzilin bir kvadratmetrinin qiyməti 1 841 manata başa gələcək. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək.