Bakıda bahalı mənzillərin kirayəsinə tələbat kəskin azalıb. Bunu “MediaPost”a açıqlamasında daşınmaz əmlak üzrə rieltor Asif Yusubov deyib. Onun sözlərinə görə, pandemiya ilə bağlı mart ayından etibarən məhdudiyyətlərin tətbiq edilməsi Bakıda mənzillərin və obyektlərin icarəsinə tələbatı kəskin azaldıb. Söhbət Bakının mərkəzi hissələrində kirayə haqqı 1500-2500 manat olan dəniz mənzərəli lüks mənzillərdən gedir. Bu mənzillərə tələbat 50% azalıb:
“Bahalı mənzillərin əsas müştəriləri neft sektoru ilə əlaqəli xarici şirkətlərdə çalışan işçilərdir. Pandemiyanın yaratdığı durğunluq həmin şirkətlərin xərclərini optimallaşdırmasına və işçilərini müvəqqəti olsa da, geri göndərməsinə səbəb olub. Belə olan halda fəaliyyətini burda davam etdirən xarici müştərilər daha ucuz mənzillər kirayələməyə üstünlük verirlər. Məsələn, əvvəl 2500 manatlıq mənzil kirayələyən italyan müştəri indi kirayə haqqı 1000-1500 manat mənzil üçün müraciət edir”.
A.Yusubov bildirib ki, yaranan vəziyyət “Port Baku Residence” kimi iri layihələrdə kirayə mənzillərin 30-40%-nin boşalması ilə nəticələnib.
İcarəyə verilən obyektlərə tələbatın azalmasına gəlincə, rieltor bunu karantin rejiminin tətbiqi ilə əlaqədar bəzi biznes sahələri üzrə fəaliyyətin dayandırılması ilə əlaqələndirib: “Bunlar əsasən Nizami küçəsi və digər mərkəzi hissələrdə kafe-restoran, geyim mağazaları və digər ictimai-iaşə obyektləridir. Obyekt sahibi icarə haqqını tələb edir. Fəaliyyət göstərməyən sahibkar isə gəliri olmadığı üçün icarədən imtina edir”.