Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verib. MİDA-dan Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-si saat 10:00-da başlayacaq və avqustun 7-si saat 10:00-dək davam edəcək.
Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunur. Bununla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.
Mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.
Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı
Mənzilin qiyməti
(manat)
Əlavə endirim məbləği
(manat)
Əlavə endirimdən sonra
mənzilin satış qiyməti
(manat)
1
29 925
2 993
26 932
2
47 282
4 728
42 554
3
65 626
6 563
59 063