İranda Bakı və Tehran arasındakı münasibətləri pozmaq istəyən qüvvələr yenidən fəallaşıblar. Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzvü Mahmud Əhmədi Bilaş Azərbaycan və Türkiyəni hədəf alaraq, təhdid edib.
“Yeni şafak” qəzetinin yazdığına görə, parlamentin iclasında ölkəsinin xarici siyasətindən söz açarkən deputat Bilaş deyib ki, İran hökuməti Qarabağ müharibəsində diplomatik tərbiyəni bir kənara buraxıb, Ermənistanın yanında olmalıydı. O əlavə edib ki, Qarabağ müharibəsi keçmişdə qalsa da, görüləsi işlər də az deyil. Onun sərsəm iddiasına görə, İran ilk növbədə, gələcəkdə mütləq Azərbaycandan topraqlarını geri almalıdır. Azərbaycan düşməni onu da bildirib ki, İran Amerikanın və Avropanın Türkiyəyə qarşı sanksiyalarını birmənalı şəkildə dəstəkləməlidir. İranın Şazand şəhərindən seçilmiş deputatın fikrincə, Ermənistanı dəstəkləmək İranın xarici siyasətində əsas vəzifə olmalıdır. “Qarabağ müharibəsi zamanı Ermənistanı açıq dəstəkləməməyimiz böyük səhv oldu. Bugünkü Azərbaycan Respublikası ilə Güney Qafqazın bəzi qismləri orjinal tarixi sənədlərə görə İranın bir parçasıdır. Ona görə də gələcəkdə bu torpaqlar İrana qaytarılmalıdır. İran, Amerikanın və Avropanın Türkiyəyə qarşı sanksiyalarını birmənalı şəkildə dəstəkləməlidir”, - deyib türk düşməni əlavə edib.
Qeyd edək ki, Qarabağ müharibəsinin həlledici mərhələyə daxil olmasından sonra Tehran prosesdə vasitəçilik etmək niyyətini fəal şəkildə ortaya qoymuşdu. Hətta bu məqsədlə münaqişə tərəfi olan ölkələrə, həmçinin Moskvaya rəsmi heyət də göndərildi. Təqdir olunan budur ki, cənub qonşumuz heç vaxt olmayan şəkildə, özü də ən müxtəlif səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən mövqelərlə çıxış etdi, Dağlıq Qarabağın birmənalı şəkildə Azərbaycana məxsus olduğunu bildirdi. Təbii ki, bütün bunlar Azərbaycanın dövlət rəhbərliyinin İranla münasibətlərdə xoş məram nümayiş etdirilməsinin məntiqi nəticəsi idi. İran rəhbərliyi Bakının mövqeyinin qarşılığında adekvat münasibət nümayiş etdirdi və bu da məmnunluq doğurdu. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıdakı hərbi paradda Araz haqqında bayatı söyləməsinə Zərifinin kobud reaksiyası və siyasi iddialara əsaslanan qərəzli mövqeyi Tehrandan həm Bakıya, həm də Ankaraya yönəlik gərgin notlar doğurdu.
Ancaq bu kimi söz-söhbətlərin qarşısını İran prezidenti müəyyən qədər aldı. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tanıdığıma görə onun İrana və İranın ərazi bütövlüyünə hörmətsizlik etdiyinə inanmıram”, deyən İran prezidenti əlavə etdi ki, ölkəsində bu məsələyə reaksiyanın göstərilməsi başa düşüləndir. Çünki ərazi bütövlüyü İran üçün önəmlidir. Görünür, Türk düşmənləri fəallaşmaq üçün fürsət gəzirmişlər.
Bu arada baş nazirin müavini Şahin Mustafayev İranda bu ölkənin energetika naziri Rza Ərdakanian ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Ş.Mustafayev qeyd edib ki, Azərbaycan İranla münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Dünyanı Cənginə alan koronavirus pandemiyasına baxmayaraq, dövlətlərimiz arasında müxtəlif sahələr üzrə əlaqələr davam etdirilir. Vurğulanıb ki, iki ölkənin birgə başladığı layihələri uğurla başa çatdırmaq əhəmiyyətlidir. Araz çayı üzərində Xudafərin və Qız Qalası su hidroqovşaqlarının inşasının tamamlanması ölkələrimizin enerji və kənd təsərrüfatı sahələrinə böyük fayda verəcək. Baş nazirin müavini Qarabağın işğaldan azad olunmasına toxunaraq bildirib ki, Azərbaycan burada geniş tikinti və quruculuq işləri həyata keçirərək regionu yenidən bərpa edəcək. Ötən 7 ildə dövlətlər arasında imzalanan sənədlər üzrə işlər davam etdirilir. Hazırda İran, Azərbaycan və Rusiya arasında elektrik enerjisi mübadiləsi həyata keçirilir ki, bu da tərəflərin hər biri üçün faydalıdır. Azərbaycanın İranla sərhədə yerləşən rayonlarının işğaldan azad edilməsi qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradıb və bu imkandan istifadə etmək zəruridir. Azərbaycan-İran sərhədi dostluq və qardaşlıq sərhədidir və bu, digər dövlətlər üçün nümunədir.
Rza Ərdakanian deyib ki, İran Azərbaycanın işğaldan azad olunan ərazilərində su və elektrik sahəsini bərpa edə bilər. Bu istiqamətdə çalışmaq istəyən çoxlu şirkətlər var. Nazirin sözlərinə görə, İran Qarabağın bərpasında yaxından iştirak etməyə hazırdır. Söhbət zamanı qarşılıqlı maraq doğuran bu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.
İran prezidenti isə Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini son açıqlamaları ilə nümayiş etdirib. “Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı baxımından müsbət oldu”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib. “Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı üçün müsbət oldu. Bu, ilk növbədə ”Xudafərin" su bəndi ilə bağlı yekun razılığa gələ bilməyimiz baxımından səmərəli oldu ki, artıq həm elektrik enerjisindən, həm də Araz çayının su ehtiyatlarından daha sərbəst istifadə edə bilərik. Sözügedən bənd 120 min hektar ərazimizi su ilə təmin edə bilər, bu da mühüm addımdır", - deyə İran prezidenti vurğulayıb. O qeyd edib ki, Azərbaycan ərazilərinin azad edilməsinin həm dəmir yolları, həm də tranzit sahəsində İran üçün müsbət təsiri olacaq.
Göründüyü kimi, həm Bakı, həm də Tehrandan ən yüksək səviyyədə əməkdaşlıq mesajları verilir. Bəs İrandakı Türk düşmənləri yenə niyə fəallaşdı? İran müharibədə Ermənistanı dəstəkləsəydi, nə dəyişəcəkdi?
“İnanmiram ki, İran hakimiyyəti hansısa bir başıxarab deputatın sözü ilə işğalçı Ermənistana açıq dəstək verərdi. Təsadüfi deyil ki, müharibənin başlamasından bir neçə gün sonra İranın din xadimlərindən tutmuş, rəsmilərinədək az qala hər kəs Azərbaycana dəstək ifadə etdilər, Dağlıq Qarabağın Azərbaycana aid olduğunu vurğuladılar”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi.
Siyasi ekspertin sözlərinə görə, Azərbaycanla əməkdaşlıq onlar üçün daha vacibdir: “Üstəgəl, Azərbaycanın qalib tərəf olacağı İrana da bəlli idi. Ona görə də açıq-aşkar Azərbaycana qarşı gedə bilməzdilər. O ki qaldı həmin deputatın çıxışına, həmin şəxs ilk dəfə deyil belə məntiqsiz çıxışlar edir. Keçən dəfə də demişdi ki, guya Azərbaycanla Naxçıvan arasında rabitənin, dəhlizin yaranması İranın maraqlarının əleyhinədir. Başa düşmürəm, niyə İranın maraqlarının əleyhinədir? Yəqin yanlış olaraq elə başa düşünürmüş ki, Mehri dəhlizi tamamilə Azərbaycanın nəzarətinə keçir və İranın Ermənistanla sərhədi olmayacaq. Yəni çox yanlış fikirlər söyləyib”.
E.Şahinoğlu müşahidələri ilə bağlı təəssüfünü də əlavə etdi: “Çox təəssüf ki, İran parlamentinin spikeri və digər deputatlar bu adamın ağzının üstündən vurmurlar. Halbuki Azərbaycan parlamentində bir neçə deputat İran haqqında tənqidi fikir söyləyən kimi, onlara töhmət verildi. Bu da anlaşılmaz bir şeydir ki, deputata öz fikrini bildirdiyi üçün necə töhmət vermək olar? Amma İran parlamentində biri çıxır, ağzına gələni danışır, ağzının üstündən kimsə vurmur, bu, bir az məyusluq doğurur”.
“Atlas” rəhbəri hesab edir ki, bütövlükdə İran hakimiyyəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır: “Təsadüfi deyil ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun müharibədən sonra ziyarət etdiyi ilk ölkə də məhz İran oldu. Bugünlərdə başqa bir ziyarət də həyata keçirildi, baş nazirin müavini Şahin Mustafayevin Tehrana səfəri reallaşdı. Çünki İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsi mövzuları var. Ona görə də həmin deputatın çıxışı İran hökumətinin və hakimiyyətinin mövqeyini əks etdirmir. Amma bir daha qeyd edirəm, onun ağzının üstündən vurulmaması bizdə müəyyən suallar doğurur”.