“İranla Türkiyə arasında anlaşılmazlıq aradan qaldırılıb”.
İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend “Twitter” hesabında belə yazıb. Səfir paylaşımında Türkiyə və İran XİN başçılarının dünənki telefon söhbətində yanlış anlaşılmanın aradan qaldırıldığını qeyd edib:
"Son zamanlar yaşanan yanlış anlaşılma aradan qaldırıldı və hər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, daha da gücləndirilməsinin önəmi vurğulandı”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın dekabrın 10-da Bakıda çıxışı zamanı səsləndirdiyi şeyirə İran XİN-də siyasi xarakter verilib. Bununla bağlı dekabrın 11-də Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq izahat tələb olunub. Ardınca isə İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə XİN-ə çağırılaraq bunun yanlış anlaşılma olduğu bildirilib. Lakin İran mətbuatında Türkiyə prezidentinin əleyhinə ifadələr yer alan yazılar dərc olunub, eləcə də Türkiyənin Təbrizdəki konsulluğu qarşısında R.T.Ərdoğan əleyhinə şüarlar səsləndirilib.
İran parlamentinin 286 millət vəkilindən 225-i Türkiyə prezidentini qınayıb. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu İran XİN başçısı Cavad Zərifə telefon danışığında yanlış anlaşılmanı siyasiləşdirilməsinə və Ərdoğana qarşı edilən yolverilməz davranışlara ciddi etirazını bildirib. Türkiyəyə qarşı tənqidi hücumlar edən İran rejimi yaranmış fürsətdən istifadə edib həm də Azərbaycana qarşı ərazi iddiasını ortaya qoydu. Rəsmi Tehran bununla həm də Türkiyəni regionda özünün ən böyük rəqibi gördüyünü bir daha nümayiş etdirdi. Bu mübahisənin uzanması təbii ki, iki ölkə arasındakı münasibətlərə ciddi ziyan vura bilərdi. Ona görə də Türkiyə və İran bu narazılığı dayandırmağa qərar verdi.
Politoloq Natiq Miri hesab edir ki, İranın narahatlığına səbəb olan başlıca məsələ prezident Ərdoğanın işlətdiyi ifadələrdən daha çox Türkiyənin Azərbaycanda hərbi mövcudluğu ilə bağlıdır. Digər tərəfdən, Türkiyə prezidentinin Zəfər paradında söylədiyi Araz çayının parçalanması və perspektivdə Azərbaycanın bütövləşməsinə işarə vurmasını İranı təhlükəsizlik nöqteyi-nəzərindən özünə təhdid hesab edir. Ona görə də İran bu məsələyə sərt reaksiya verdi:
“Lakin İran bunun bir bayatı olduğunu və xalqın nəzərində hər zaman səsləndirildiyini nəzərə almalı idi. Deməli, məsələ bayatının mahiyyəti ilə bağlı deyil. Həm də İran rəsmiləri hansı şəxsiyyətin bu ifadəni işlətməsindən qıcıqlanıb. Çünki Rəcəb Tayyib Ərdoğan sıradan bir fenomen deyil. O, çıxışlarını yalnız Türkiyənin prezidenti kimi deyil, dünyaya nizam vermək istəyən qlobal lider kimi edir. Rəcəb Tayyib Ərdoğanın fikirləri həqiqətə söykənir. Bu gücün qarşısında nə ABŞ prezidenti Tramp, nə də Rusiya prezidenti Putin kimi siyasətçilər dayana bilir. Çünki həqiqətin qarşısında hər kəs acizdir.
İranı qıcıqlandıran amillər də budur. Yaranmış bu ziddiyyətdən təbii ki, ziyan çəkən tərəf İran ola bilər. Ona görə ki, İran ABŞ-ın tətbiq etdiyi sanksiyaların altında əzilməkdə davam edir. İran çöküşə doğru sürətlə irəliləyir. Artıq İranın regionda hegemon dövlət olması sual altına düşüb. Bütün bu sanksiyaların fonunda İrana nəfəslik açan Türkiyə də məhdudiyyətlər tətbiq edərsə, rəsmi Tehran bu yolu qapatmış olardı. Eyni zamanda, Dağlıq Qarabağ probleminin həlli fonunda Türkiyənin bölgəyə gətirdiyi əməkdaşlıq formatı İranın da geosiyasi maraqlarına cavab verir. Əgər İran bu prosesi pozmağa cəhd edərdisə, regional səviyyədə təklənməsinə səbəb olacaqdı. İranın belə reaksiya verməsinin səbəblərindən biri yalnız prezident Ərdoğanın bayatı söyləməsi ilə bağlı deyil. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif səviyyəsində bəyanat verməklə dünya güclərinə mesaj verir. Bununla da regionda Türkiyəyə qarşı dayanan güclər arasında İranın da olduğunu bildirmək istəyirlər. Dolayısı ilə ABŞ-a və Avropa Birliyində Türkiyəyə qarşı çıxan ölkələrə mesaj verilir ki, İran Türkiyəyə qarşı cəbhədə yer ala biləcək ciddi amildir. İran özünü dünya güclərinə təqdim etməklə müəyyən güzəştlər əldə etməyə çalışır. Ancaq Tehran rejimi nəzərə almalıdır ki, blokada şəraitində İrandan neft, qaz və məhdudiyyət qoyulan digər məhsulları alan ölkə məhz Türkiyədir. İki ölkə arasında ticarət anlaşmaları var. İranın maliyyə vəsaitləri Türkiyədə reallaşdırılır. Türkiyənin bundan imtina etməsi İran üçün intihara bərabər olardı. Ona görə də İran dərhal geri çəkildi”.