Yerevanda pulsuz müalicə üçün xəstəxanaya götürülməyən Ermənistan vətəndaşı özünü yandırmaq istəyib.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 24-də Yerevanın mərkəzindəki dövlət xəstəxanasının qarşısında özünü yandırmaq istəyən 62 yaşlı vətəndaşla bağlı “911” zəng mərkəzinə məlumat daxil olub.
Məlum olub ki, kəskin ağrılardan əziyyət çəkən vətəndaş bir gün əvvəl xəstəxanaya müraciət edib, lakin ona bildiriblər ki, dövlət hesabına müalicə olunmaq üçün müvafiq arayış təqdim etməlidir. Səhiyyə Nazirliyinə göndərilən xəstəni oradan da paytaxt meriyasına yollayıblar. Şəhər meriyasından isə təcili tibbi yardıma möhtac olan vətəndaşa bir neçə gündən sonra gəlməsi məsləhət görülüb. Ağrıları şiddətlənən yaşı adam xəstəxananın qarşına gələrək üzərinə benzin töküb və özünü yandırmaq istəyib.
Hazırda faktla əlaqədar polis tərəfindən araşdırma aparılır. Xəstə isə səhiyyə idarəsi və xəstəxananın baş həkiminin uzun sürən danışıqlarından sonra həkim müayinəsindən keçirilib.