Böyük Britaniyada aşkar edilmiş koronavirusun yeni növü sürətlə yayılır və əhalidən daha çox ehtiyatlılıq tələb edir.
Bu barədə Böyük Britaniyanın baş həkimi, professor Kris Uittinin bəyanatında deyilir.
O, qeyd edib ki, İngiltərənin Cənub-Şərqində yeni virus növünün sürətlə yayılması ilə əlaqədar olaraq Tənəffüs Virusu Təhlükələri Məsləhət Şurası bu virus növünün daha sürətli şəkildə yayıla biləcəyini güman edir.
"Biz Ümumdünya Səhiyyə Təşkilatını xəbərdarlıq etdik və anlayışımızın yaxşılaşması üçün mümkün məlumatları təhlil etməyə davam edirik. Yeni virus növünün daha yüksək ölüm halına səbəb olması və ya peyvəndlərə, müalicələrə təsir etməsi barədə hələ məlumat yoxdur, lakin bunu təsdiqləmək üçün təcili araşdırmalar aparılır", - Uitti qeyd edib.
"Bu xəbərləri nəzərə alaraq, indi insanların öz ərazilərində virusun yayılmasını azaltmaq üçün hərəkətə keçmələri hər zamankindən daha çox vacibdir”, - İngiltərənin baş həkimi əlavə edib.
Britaniyanın Səhiyyə naziri Mett Xenkok dekabrın 14-də ölkədə virusun yeni növünün aşkar edilməsi haqqında bildirib.