Dünya hər yerində sürətlə yayılmağa davam edən koronavirusun qarşısının alınması məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib.
Koronavirus demək olar ki, bütün dünya üçün yeni qaydalar gətirib. Artıq bir çox ölkələr, insanlar da koronavirusun və sərt karantin rejiminin tələb etdiyi qaydalarla yaşamağa alışıblar. Lakin bütün qaydaların tətbiq edilməsinə baxmayaraq müəyyən yumşalmalardan sonra bəzi ölkələr bu virus qarşısında yenidən aciz durumda qalıb.
Hazırda bəzi ölkələrdə infeksiya yenidən daha da güclənir, yoluxma halları rekord həddə çatıb. Ekspertlərin payızda ikinci dalğanın olacağı ilə bağlı proqnozları da dövlətləri əlavə zəruri tədbirlər görməyə məcbur edib. Hər bir ölkə yoluxma tempi və pandemiyanın yayılma dinamikası və arealından asılı olaraq, karantin rejiminin tətbiqi və yenidən sərtləşdirilməsi, qapanma ilə bağlı müxtəlif qərarlar qəbul edir.
Bəzi ölkələr ikinci dalğanın daha təhlükəli olmağından ehtiyat edirlər.
Qeyd edək ki, yüz il əvvəl “İspan qripi”nin ikinci dalğası birincisindən daha ölümcül idi.
Maraqlıdır, hazırda hansı ölkələrdə koronavirusun ikinci dalğası yaşanır? Onlar koronavirusun ikinci dalğası ilə mübarizə aparmaq üçün hansı tədbirləri görüblər?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünya boyu rekord 350,000 yoluxma halından təxminən üçdə biri Avropada qeydə alınıb.
Şənbə günü Portuqaliya, Niderland, Polşa və Rusiyada gündəlik yoluxmalar rekord səviyyəyə çatıb.
Çex Respublikası da cümə günü gündəlik yoluxma hallarının ardıcıl olaraq dörd gün ərzində rekord səviyyəyə çatdığını bildirib.
Artıq bəzi ölkələr rəsmi şəkildə koronavirusun ikinci dalğasının yaşandığı barədə məlumat verib. Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Çexiya, Yunanistan, Niderland, Serbiya, Slovakiya, Sloveniya və İspaniyada rəsmi şəkildə koronavirusun ikinci dalğasının yaşandığı barədə məlumat verilib.
İspaniya höküməti regional məhkəmənin məhdudiyyətlərin aradan qaldırılmasına dair qərarından sonra Madrid və ətrafında yaşayan bir neçə milyon insan üçün qapanma tədbirlərini yenidən tətbiq etmək məqsədilə fövqəladə vəziyyət elan edib.
Eyni zamanda İsrail də 25 sentyabrdan etibarən ölkə ərazisində ümumi karantin tətbiq etməyə başlayıb. Sinaqoqlar, müəssisələr, marketlər bağlanıb, ictimai nəqliyyat marşrutlarının sayı azaldılıb.
Avropada vəziyyət gərgindir. Belə ki, karantini yumşaldan ölkələrdə yenidən sərtləşmə tədbirləri həyata keçirilir. Məsələn, Almaniyada Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib. Bununla yanaşı, bildirilib ki, gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açıb. Fransada da eyni vəziyyət müşahidə olunur. Hökumətin nəzdində fəaliyyət göstərən Elmi Şura bəyan edib ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. Bununla bağlı tanınmış “Le Figaro” qəzeti yazıb ki, epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir.
University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları da xəbərdarlıq ediblər ki, İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək.
Estoniyada da koronavirusla bağlı vəziyyət mürəkkəb olaraq qalır. Ölkənin Səhiyyə Departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən açıqlayıb. Ötən ay 1 olan yoluxma səviyyəsinin indi 2,6-ya çatdığı bildirilib və hökumət yenidən koronovirusla mübarizə tədbirlərini sərtləşdirməyə məcbur olub.
Şimal qonşumuz Rusiyada da epidemiya ilə bağlı vəziyyət gərgindir. Moskva şəhərinin meri Sergey Sobyanin koronovirusla bağlı məhdudiyyətlərin hələ bir neçə ay davam edəcəyini bildirib və xəbərdarlıq edib ki, paytaxt sakinləri əvvəlki kimi maska, sosial məsafə, gigiyena qaydaları tələblərinə əməl etməlidirlər.