Axtarış...

Xəstəliyin adını eşidəndə qapıdan qaytaran poliklinikalar... - tapşırıq üstün gələcək, qorxu?

Xəstəliyin adını eşidəndə qapıdan qaytaran poliklinikalar... - tapşırıq üstün gələcək, qorxu?

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov bu yardımın nədən ibarət olduğu haqqında açıqlama verib.

Sputnik Azərbaycan xəbər verir ki, Nabil Seyidovun sözlərinə görə, bu yardım metodiki tövsiyələr və təşkilati məsələlərin həll edilməsindən ibarətdir.

Nabil Seyidov bildirib ki, evdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və əhali tərəfindən müraciətlərin artması nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) yüklülüyünün azaldılması məqsədilə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərindən keçirilməsi və davamlı təqibi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib. O, həmçinin xəbər verib ki, Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib.

N.Seyidovun verdiyi açıqlamaya əsasən, Səhiyyə Nazirliyinin tövsiyələrində bildirilir ki, vətəndaşlar COVID-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq müvafiq poliklinikalarla əlaqə saxlayacaqlar. Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və COVID-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər faktorlar (məsələn, təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə göndəriləcək və testlər üçün nümunələr məhz orada götürüləcək.

"Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən, simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək. Pasiyentlərin səhhətlərində baş verən hər-hansı pisləşmə və ya mənfi dinamika müəyyən edilən kimi onlar poliklinika həkimi tərəfindən təkrar qiymətləndiriləcəklər. Obyektiv pisləşmə olduqda həmin an hospitalizasiya olunacaqlar.
Onu da qeyd etmək istəyirəm ki, poliklinikalar COVID-19-un müalicəsi ilə yanaşı, öz adi fəaliyyətlərini davam etdirir. Yəni dispanser qeydiyyatı olan digər xəstəliklərlə pasiyentlər poliklinikalarla telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib, müayinədən keçə bilərlər", – deyə Nabil Seyidov bildirib.

Eyni zamanda N.Seyidov hazırda koronavirusa yoluxma riskinin artdığı vəziyyətdə vətəndaşların digər məsələlərlə bağlı poliklinikaya gəlişlərinin məhdudlaşdırılmasını məqsədəuyğun hesab edir. Testlərin yalnız göstərişlərə uyğun olaraq aparılacağını bir daha xatırladan N.Seyidov vətəndaşların öz poliklinikalarına zəng etməklə COVID-19 infeksiyası və onun profilaktikası, habelə evdə müşahidə və müalicə ilə bağlı müvafiq məlumat və təlimat əldə edə biləcəklərini qeyd edib.

İşçi qrupunun üzvü müsahibəsini bu sözlərlə bitirib: "Bütün bu tövsiyələrin yerinə yetirilməsi nəticəsində ilkin səhiyyə xidməti olan poliklinikalar COVID-19 xəstələrinə daha yaxşı tibbi yardım göstərməyə cəlb edilmiş olacaq, TTTY-nin yüklənməsi azalacaq və vətəndaşlarımıza COVID-19 pandemiyası dönəmində tələb olunan tibbi xidmətin göstərilməsi davam etdiriləcəkdir".

Bəs maraqlıdır, poliklinikalar və sahə həkimləri bu işin öhdəsindən gələ biləcəklərmi?

Bu haqda tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a danışıb: "Təbii ki, poliklinikalarda yetərli kadrlar yoxdur. Amma bütün bunlarla yanaşı, tədricən müəyyən işlər də görülür. Evə yazılan bəzi ambulator xəstələri "bluetooth" ilə əlaqələndirmək, onların hərəkətinə telefonla nəzarət etmək belə, yetərli deyil. Bu işin təşkili üçün gərək ki, bu işi görəcək həkimlərin konkret yerləri olsun. Ya poliklinikada, ya da qərərgahlarda bunlar üçün lazımi şərait yaradılmalı, müəyyən avadanlıqlar quraşdırılmalıdır. Yəni xəstələrə bir-bir nəzarət etmək, gündəlik xəstəliyin dinamikasını, xəstələrin dərman təminatını izləmək üçün bütün bunlar çox vacibdir. Bundan başqa, lazımi qədər tibb bacıları da olmalıdır".

"Bu istiqamətdə müəyyən işlərin görülməsinə başlanılsa da, problemlər, şikayətlər də qalmaqdadır. Xəstələr şikayət edirlər ki, test nəticələri müsbət çıxsa da, onlara baş çəkən yoxdur. Bu isə kadr çatışmazlığını göstərir. Bu səbəbdən hələlik ümumi vəziyyəti, bu işi tam qənaətbəxş hesab etmək olmaz", - deyə ekspert əlavə olaraq bildirib.
O, müalicə aldıqdan sonra nəticəsi neqativ olan bəzi xəstələrə poliklinikada sahə həkimlərinin: "Sən xəstəsən", - deyib içəri girməsinə qadağa qoymasına da münasibət bildirib: "Poliklinika üçün xəstəliyin adını eşidib xəstəni içəri buraxmamaq ən asan yoldur. Nəticəsi neqativ olan şəxslər də təlimatlandırılmalıdırlar".
A.Qeybulla bildirib ki, bu işə cəlb olunan həkimlərin maaşları artırılmalıdır ki, onlarda da bu işi görməyə maraq olsun: "Bu həkimlərə yanaşma digərlərindən fərqli olmalıdır. Bundan sonra təcili şəkildə poliklinikanın da strukturu bu işi görməyə uyğunlaşdırılmalıdır".

Artıq belə fikirlər dolaşır ki, növbəti həftələrdən etibarən şübhəsi olan xəstələr özləri poliklinikaya müraciət edib yaxma verəcəklər. Sual yaranır, bəs belə olan halda rəqəmlər daha da artmayacaqmı?

A.Qeybulla bu suala cavab olaraq bildirib ki, buna qalsa, bu gün xeyli xəstə ictimai nəqliyatda sərbəst gəzir, xəstəliyi ayaqüstə keçirir.

Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün poliklinikaların əsas problemlərindən biri sahə həkimləri və tibb bacılarının çatışmazlığıdır:

"Çünki onların arasında da yoluxanların sayı kifayət qədər çoxdur. Yaşlı tibb işçiləri isə prosesə cəlb edilə bilməzlər. Prezidentin sərəncamının (tibb işçilərinin vəzifə maaşlarınin 3-5 misli qədər müddətli Prezident əlavəsinin verilməsi haqqında) icra edilməməsi də məsələyə olduqca ciddi mənfi təsir göstərib. Nəticədə əvvəl fəal iştirak etmiş tibb işçilərinin prosesdən yayınması halları kəskin artıb".
Text-to-Speech

DİNLƏ






Şərh yaz