Koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlər, ardınca torpaqların azadlığı uğrunda aparılan Vətən müharibəsi Azərbaycanın 2020-ci ildəki xərclərini kifayət qədər artırıb. Gəlirlərin azaldığı bir vaxtda bu azalma hökumət qarşısında bir sıra mühüm çağırışlar formalaşdırır. Ən böyük çağırış artan xərcləri qarşılamaq üçün qısamüddətli dövrdə maliyyə mənbələri tapmaqdır. Bunu həm də azad olunan ərazilərin bərpası istiqamətində görüləcək işlər zəruri edir.
Qeyd edək ki, artıq azad olunan ərazilərdən Şuşa şəhərinə avtomobil, Ağdam şəhərinə dəmiryol xəttinin çəkilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Eyni zamanda hökumətə bütün ərazilər üzrə infrastrukturun bərpası üçün proqramların hazırlanması tapşırılıb. Ayrı-ayrı nazirliklərdə belə sənədlərin hazırlığına da başlanıb. Bu isə ən geci gələn ildən bu proqramların həyata keçirilməsinə başlanması üçün irihəcmli vəsaitlərin ayrılmasını zəruri edir.
Bundan əlavə, Azərbaycan koronavirus pandemiyasının daha kəskin dalğasını yaşamaqdadır. Mütəxəssislər ən azı iki həftəlik kəskin məhdudiyyətlərə gedilməsini zəruri sayırlar. Bu isə dövlətin biznesə əlavə dəstək verməsini tələb edir.
İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, dövlət kiçik və orta biznesin sabit xərclərinin kompensasiya olunması barədə düşünməlidir: “Hansısa formada sabit xərc yükü formalaşdıran sosial siğorta öhdəlikləri, vergi öhdəlikləri və kredit xərclərinin kompensasiya yolu ilə məhdudlaşdırılması, əvəzlənməsi haqqında qərarlar qəbul edilməlidir. Kredit tətilləri verilməlidir, bunun əvəzində Azərbaycan Mərkəzi Bankı banklara likvidlilik dəstəyi, faizsiz mərkəzləşdirilmiş kredit verməlidir və ən azından növbəti bir ildə sahibkarlıq subyektlərinin kredit öhdəlikləri dondurulmalıdır. Bu yolla hansısa formada müəssisələrin maliyyə dayanıqlığının qorunmasına çalışmaq lazımdır. Bu istiqamətdə görüləsi çox işlər var. Amma çalışmaq lazımdır ki, bu işlər dövlətə həm fiskal yük formalaşdırmasın, həm də ciddi maliyyə itkilərinə gətirib çıxartmasın. Həm də müəssisənin müəyyən müddətdə fəaliyyətlərinin qorunub saxlanılması üçün haradasa bir yol olsun. Dünyanın ən inkişaf etmiş ölkələrində belə biznes şəbəkələri pandemiya şəraitində özünü ayaqda saxlaya bilmirlər, çünki pandemiya faktiki olaraq istehlak gücünün azalmasına, fəaliyyətlərinin məhdudlaşmasına səbəb olur. Bəzi hallarda işçilərin xəstələnməsi səbəbindən əmək münasibətlərin pozulmasına, bütün seqmentlər üzrə dəyər zəncirinin bütün halqaları üzrə fasilələrə gətirib çıxarır. Bu isə sahibkarlara müəyyən zərər formalaşdırır”.
Artan xərcləri qarşılamaq üçün zəruri maliyyə mənbələrinin qısa müddətdə ölkə daxilində təmin olunması aydın məsələdir ki, mümkün deyil. Buna görə də hökumət xarici investisiyaların cəlbi üçün addımlar atmağa başlayır. Belə ki, Azərbaycanda Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə 2021-2025-ci illəri əhatə edəcək birbaşa investisiyaların cəlb edilməsinə dair strategiya hazırlanır. Bunu “Caspian Energy Club”ın təşkilatçılığı ilə keçirilən onlayn “B2G Forum”da çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, strategiyada konkret olaraq birbaşa investisiyaların hansı sahələrə, hansı formada, hansı müddətə və şərtlərlə cəlb olunması olduqca önəmli yer tutur: “İnvestisiya strategiyasının hazırlanmasına ciddi mütəxəssislər cəlb olunub. Əlavə olaraq, bizim ”Invest in Azerbaijan" mexanizmləri də hazırlanır və şirkətlərin qlobal dəyər zəncirinə qoşulması məsələsi müzakirə olunur. Biz bu işləri “McKenzy” şirkəti ilə birgə həyata keçiririk. İşlər gələn ilin ortalarında tamamlanacaq. Orada da çox maraqlı layihələr və mexanizmlər olacaq".
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, hazırda Azərbaycanda qarşıda duran ən mühüm vəzifə Vətən müharibəsində əldə olunan qələbədən maksimum yararlanmaqdır: “İndi əsas bir məsələ var - Hərbi Qələbəmizi siyasi, sosial, iqtisadi uğura çevirməliyik. Görüləcək işlər çoxdur, məmləkətin illərdir həll edilməyən xroniki problemləri var. Azərbaycanda müxtəlif iqtisadi sahələrdə islahatların aparılmasının vacibliyi illərdir ki, müzakirə mövzusudur. Vergi və gömrük islahatlarının aparılması, ”kölgə iqtisadiyyatı"nın aradan qaldırılması, “maliyyə amnistiyası”nın tətbiqi, sahibkarlığın inkişafı üçün şəraitin yaradılması iqtisadi müzakirələrin mərkəzində dayanır. Məlum olduğu kimi, müharibə külli miqdarda vəsait hesabına başa gəlir. Digər tərəfdən isə pandemiya digər ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatını da kiçildib, gəlirlər azalıb. Qarşıda isə işğaldan azad olunmuş bölgələrimizin yenidən qurulması, əhalinin bu ərazilərə köçürülməsi işləri dayanır. Bu məqsədlə yeni maliyyə mənbələrinin yaranması üçün Azərbaycan iqtisadiyyatında hansı islahatlar aparıla bilər və mövcud şəraitdə hansı işlərin görüləcəyi daha real görünür?!
Məncə, bir-birini tamamlayan üçistiqamətli - qısamüddətli, ortamüddətli və uzunmüddətli planın hazırlanmasına ehtiyac var.
Bizə qısa müddətə - yəni 1, 2 ili nəzərə alaraq böyük maliyyə vəsaiti lazımdır. Çox təəssüf ki, Azərbaycan reallığında qısa müddətdə əlavə maliyyə mənbələri tapmaq çətin olacaq. Ya Dövlət Neft Fondunun vəsaitlərindən daha çox istifadə etməyə məcburuq, ya da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı gələn il daha ciddi addımlar atılmalıdır. Böyük dövlət əmlakına malik olan müəssisələrin qismən və ya hissə-hissə özəlləşdirilməsi xarici kapitalın daxil olmasına şərait yarada bilər. Bu, təbii ki, qısamüddətli tədbirlərdir".
Qeyd edək ki, bu ildən Azərbaycanda iri dövlət şirkətlərinin idarəçilyinin müasir idarəetmə standartlarına uyğunlaşdırılması, fəaliyyətlərinin bazar prinsipləri əsasında təşkili ilə bağlı işlərə başlanıb. Avqust ayında Prezident İlham Əliyevin fərmanı ilə bu şirkətlərin idarəetməsini həyata keçirəcək Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Eyni zamanda AİH-in əsasnaməsi, fəaliyyətini tənzimləyən digər sənədlər təsdiqlənib. Prezidentin noyabrın 6-da imzaladığı sərəncamla SOCAR, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “AzerGold” və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-lər AİH-in tabeliyinə verilib.
N.Cəfərli deyir ki, ölkədə biznes fəaliyyətinin liberallaşdırılması, rəqabətli mühitin artırılması, müəyyən vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı da işlər aparılmalıdır: “Vergi dərəcələri sadələşdirilməldir. Ən azı yaxın 5 illik müddətdə yeni Vergi Məcəlləsinə - sadələşdirilmiş Vergi Məcəlləsinə ehtiyac var. Burada ancaq fəaliyyət növü üzrə, dövriyyədən vergi nəzərdə tutulmalıdır. Vergi növləri çoxdur, qarışıqlıq yaradır, biznesə maneə törədir. 1980-90-cı illərdə Dubayda tətbiq olunan vergi sisteminə bənzər bir sistem yaradılmalıdır. Burada istiqamət növləri müəyyənləşdirilirdi və ancaq dövriyyədən vergi tutulurdu. Məsələn, istehsalla məşğul olanlarda dövriyyənin 2 faizi, ticarətlə məşğul olanlarda dövriyyənin 5 faizi, xidmətlə məşğul olanlarda dövriyyənin 10 faiz (bəzi ölkələrdə restoran, kafelərdə müştəridən hesabdan əlavə vergi də alınır) ola bilər.
Azərbaycana yaxın 5-10 ildə Qarabağın bərpası üçün 10 milyardlarla dollar vəsait lazım olacaq, bu vəsaitin yalnız Dövlət Neft Fondundan əldə edilməsi mümkün deyil. Pandemiya ilə əlaqədar dünyada, o cümlədən də Azərbaycanda iqtisadi aktivlik azalıb, iqtisadi daralma var, neftin qiymətinin hələ uzun müddət aşağı olacağı gözlənilir. Bugünlərdə dünyanın ən böyük neft şirkətlərindən olan “ExxonMobil” şirkəti böyük bir hesabat açıqlayıb. Onlarla səhifəlik bir hesabatda yaxın 7-8 illik bir dövr ərzində - yəni 2027-2028-ci illərə qədər neftn qiymətinin 50 dollardan aşağı olacağı proqnozlaşdırılır. Bu baxımdan, biz artıq resurs iqtisadiyyatından real iqtisadiyyata keçid etməliyik. İşğaldan azad olunmuş torpaqların bərpası, orada normal sistemin qurulması bizim iqtisadi yüksəlişimizin əsas mühərriki ola bilər. Bu yolla neftdən asılılığımızı da azalda bilərik".
Maliyyə mənbələrinin əldə edilməsi istiqamətində görüləcək işlər sırasında “maliyyə amnistisiyası”nın tətbiqi də mühüm rol oynaya bilər: “”Maliyyə amnistiyası" mütləq olmalıdır. Gec-tez iqtisadi münasibətlər “ağardılmalıdır”. Təbii ki, “maliyyə amnistiyası”nın şərtləri var. Maliyyə vəsaitlərinin hansı yolla əldə edilməsinə baxılmalı, ona uyğun olaraq da “maliyyə amnistiyası”nın vergisi, “ağarma” xərcləri müəyyənləşdirilməlidir, bu, 25 faiz də, 50 faiz də ola bilər. Bu faiz ümumi razılığa əsasən müəyyən olunar. “Maliyyə amnistiyası” ilə bağlı həm də zəmanətlər olmalıdır. İndiyə qədər müxtəlif üsullarla - əksər təqdirlərdə korrupsiya ilə əldə olunan vəsaitlər bəyan edildikdən sonra onların insanların əlindən alınmayacağına dair bir zəmanət olmalıdır. Əvvəl də təklif etmişdik ki, bununla bağlı bir “Tərəqqi” fondu yaradıla bilər. Həmin fondun vəsaitləri yalnız kiçik və orta sahibkarlığın inkişafına, sosial layihələrə xərclənər. Bu fond vasitəsilə kiçik və orta sahibkarlara aşağı faizlərlə və ya faizsiz kreditlər verilə, şəhid ailələrinin və qazilərimizin bütün sosial problemlərini həll etmək olar. Biz həm də bunu etməyə borcluyuq, çünki hərbi qələbə onların sayəsində mümkün olub. Bir çox sahələr üzrə kompleks düşünülmüş böyük tədbirlərə ehtiyac var". //musavat.com//