Məlum olduğu kimi, qarşıda məcburi köçkünlərimizin işğaldan azad olunan rayonlarda yerləşdirilməsi prosesi başlanır.
Bu proses böyük maliyyə ilə yanaşı həm də zaman tələb edir.
“Bütün işğal dövründə biz artıq 300 min qaçqın və məcburi köçkünü yerləşdirmişik” - bunu Prezident İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, son illər ən güclü təsir bağışlayan illər olub:
“Çünki təkcə bu il biz 7 min köçkün ailəsini yerləşdiririk. Beləliklə, düşünürəm ki, biz ildə 7 mindən 10 minədək ailəni köçürə bilərik. Lakin, əlbəttə ki, bunun üçün bizim infrastruktura ehtiyacımız var. Biz bunu hər şeyin hazır olduğu Bakıda edirik. Lakin hər şeyin dağıdıldığı həmin ərazilərdə bizim elektrik stansiyalarına, yollara, su təchizatına ehtiyacımız var. Beləliklə, bütün bunlar vaxt aparacaq. Mən bilmirəm bu, nə qədər vaxt aparacaq. Lakin biz bunu maksimum qısa zamanda həyata keçirmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.
Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə yerləşdrilməsi nə qədər zaman və maliyyə vəsaitləri tələb edir? Bununla bağlı qiymətləndirilmələr aparılıbmı?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Cebhe.info-ya açıqlamasında sözügedən rayonların tamamilə infrastrukturunun dağıldığını, ekoloji genosidin baş verdiyini qeyd edərək, onların bərpasının mərhələli şəkildə həyata keçiriləcəyini bildirib:
“Birinci mərhələdə minalardan təmizləmə prosesi olacaq, ikinci mərhələdə infrastrukturun bərpası, bundan sonra isə məcburi köçkünlərimizin həmin rayonlara qayıdışı baş verəcək. Yeddi rayonla yanaşı həm də əvəllər keçmiş Dağlıq Qarabağda yaşayan məcburi köçkünlərimiz də öz şəhər və kəndlərinə qayıdacaqlar.
Artıq müqavilənin imzalandığını nəzərə alsaq, 2022-ci ilin sonuna doğru məcburi köçkünlərimizin geri qaytarılması başlana bilər. Biz təklif edirik ki, ilk növbədə sosial vəziyyəti nəzərə alaraq, hələlik Bakı və digər rayonlarda evlə təmin olunmayan məcburi köçkünlərimiz qaytarılsın. Monitorinqlərimiz göstərir ki, hələ də inzibati binalarda məskunlaşan məcburi köçkünlərimiz var, birinci növbədə onların geri qaytarılması vacibdir. Zaman baxımından qiymətləndirməmiz ondan ibarətdir ki, ikinci ilin sonundan başlayaraq köçkünlərimiz ora qaytarılmağa başlanması və prosesin 4 il ərzində tamamlanması mümkündür”.
İqtisadçı deputat bildirir ki, bu proses həm də beynəlxalq qurumların, xarici investisiyaların cəlbindən asılı olacaq:
“Bu prosesi müəyyən qədər tezləşdirə bilər. Prosesin nə qədər maliyyə tələb etməsi ilə bağlı rəqəm söyləmək mümkün deyil. Məlumdur ki, işğaldan azad olunan bölgələrdə müvəqqəti idarəetmə yaradılıb və həmin idarəetməyə iqtisadiyyat nazirliyi cəlb olunub. İqtisadiyyat Nazirliyi həmin ərazilərdə mövcud infrastrukturun inventar qiymətləndərilməsini həyata keçirir, daha sonra isə hər bir rayon üzrə hazıranacaq bərpa planının xərcini hesablamaq mümkündür”.