Axtarış...

Məmurların yeni KABUSU: Maliyyə Nazirliyi... - Artıq xəbərdarlıq edildi...

Məmurların yeni KABUSU: Maliyyə Nazirliyi... - Artıq xəbərdarlıq edildi...


Xəbərdarlıqda bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətlər (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).

“Auditor xidməti haqqında” Qanuna görə, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

“Mühasibat uçotu haqqında” Qanunun 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın internet səhifəsi olduqda, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur: “Eyni zamanda ”Mühasibat uçotu haqqında" Qanunun 12-1.9-cu maddəsinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur".

Nazirlik xatırladır ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.

Maliyyə Nazirliyi həmçinin qeyd edir ki, dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər “Mühasibat uçotu haqqında” Qanunun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. Bu qurumlardan eyni zamanda maliyyə hesabatlarını qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur.

Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Maliyyə Nazirliyinə verilməlidir.

Qeyd edək ki, Maliyyə Nazirliyi bir qayda olaraq hər il belə xəbərdarlıqla çıxış edir. Lakin qanunvericilikdə maliyyə hesabatının açıqlanması məcburi olan xeyli sayda qurumlar, xüsusilə iri dövlət qurumları bu xəbərdarlığa əməl etmirlər.

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a bildirdiyinə görə, maliyyə hesabatlılığının zəif olması Azərbaycanda bir çox sahələrdə dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradır: “Uzun illərdir ki, Azərbaycanda dövlət büdcəsindən irihəcmli vəsaitlər, dövlət zəmanəti ilə böyük kreditlər alan, həmçinin dövlətin nəzarətində olan qurumların maliyyə hesabatlılığı ciddi problem olaraq qalır. Təsəvvür edin ki, biz bir neçə dövlət qurumunun maliyyə hesabatını onların kredit aldıqları xarici maliyyə təşkilatlarının saytlarından tapmalı oluruq. Çünki öz internet saytlarında, mətbuatda bu hesabatlar açıqlanmır. Baxın, Sahibkarlığa Yardım Fondunun açıqladığı sonuncu hesabat 2018-ci ilin birinci yarısına aiddir. Bu qurum yenilənir son illərdə, amma hələ də maliyyə hesabatlılığı təmin olunmur. Hətta əvvəllər fondun maliyyə hesabatını 1 günlüyə saytda aktiv edib, sonradan qapatmaq kimi utanc gətirəcək hadisə də olub. Yəni dövlət qurumları, dövlətdən bəhrələnən kommersiya təşkilatları bir qayda olaraq hesabatlılıqdan qaçırlar. Düzdür, onlar Maliyyə Nazirliyinə qanunvericilikdə nəzərdə tutulan hesabatları təqdim edirlər. Lakin həmin hesabatların ictimaiyyətə açıqlanması məsələsində çox ciddi problemlər var. Təəssüf ki, qanunvericilik Maliyyə Nazirliyinə təqdim olunan hesabatları özü açıqlamaq səlahiyyəti vermir. Belə bir səlahiyyət verilsəydi, dövlət vəsaitlərindən istifadə sahəsində şəffaflığın təmin olunması sahəsində mühüm addım olardı”.

Ekspertin fikrincə, koronavirus pandemiyası ilə bağlı neft qiymətlərinin düşməsi gəlirlərin azalmasına, həmçinin yoluxmaların artması tibbi xərclərin artmasına səbəb olub. Bu şəraitdə dövlət vəsaitlərindən istifadə sahəsində nəzarətin gücləndirilməsi lazım gələcək: “Düşünürəm ki, hökumət ayrı-ayrı qurumların xərcləmələri üzərində nəzarət cidd şəkildə artırılacaq. Çünki gəlirlər əvvəlki həcmdə deyil ki, əvvəlki qaydada xərclənsin. Hökumət çalışacaq ki, maksimum qənaətə, təyinatlı xərcləmələrə nail olsun. Bu baxımdan, müavfiq maliyyə hesabatlarının açıqlanması sahəsində də nəzarətin gücləndirilməsi gözləniləndir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz