Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, deyəsən, soyuq şimal ölkəsində “qış yuxusu”na gedib və Azərbaycanın rəsmi mövqeyindən, diplomatiyasından bixəbərdir.
Belə olmasaydı, keçirdiyi mətbuat konfransında hər şeyi üzünə-gözünə bulaşdırmazdı, Ermənistan üçün “kart-blanş” olacaq təklifi ortalığa atmazdı. Səfirin açıqlaması Azərbaycan Prezidentinin milli maraqlar üzərində apardığı qəti iradəsinə qarşı çıxmaq idi.
Azərbaycan 44 gün dişi-dırnağı, qanı-canı ilə torpaqları azad edib, düşməni hərbi kapitulyasiyaya imza atdırıb, bir gülləsiz Laçın, Kəlbəcər və Ağdamı boşaltmağa razı salıb, di gəl ki, Bülbülün oğlu ermənilərin maraqlarına xidmət edəcək mövqedən elə “cəh-cəh” vurur ki, adamın matı-qutu quruyur.
“Yeni Müsavat” bir daha yada salır ki, Rusiyadakı səfirimiz bir diplomata yaraşmayan, Azərbaycanın rəsmi dövlət siyasətini bərbad şəkildə ifadə edən açıqlamalar verib. Belə ki, Bülbüloğlu 9 noyabrda Rusiya helikopterinin Naxçıvan yaxınlığında, Ermənistan ərazisində vurulması ilə bağlı rus dilinin xarakterinə uyğun təxminən belə bir ifadə işlədib: “Müharibədə hər şey ola bilər”.
Bu, o deməkdir ki, ya səfir Azərbaycan XİN-in rəsmi bəyanatından xəbərdar deyil, ya da qəsdən edir, körükləyir. Bu, kimə xidmətdir, cənab səfir? Amma P.Bülbüloğlu dayanmır, daha da irəli gedir, əlavə edir ki, Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər.
Bu açıqlamadan sonra onun Azərbaycanın səfiri funksiyasını icra etməyə heç bir mənəvi haqqı qalmır.
Sitata baxın: “Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanını nəzərdən keçirir. Bu gün Dağlıq Qarabağın statusu yoxdur. Bu, ən yaxşı halda orada yaşayan erməni əhali üçün mədəni muxtariyyət ola bilər”.
Əvvəla, kim deyir ki, Azərbaycan qərb bölgəsində yaşayan, rəsmi rəqəmlərə görə 130, qeyri-rəsmi və real olan rəqəmlərə görə isə 60 min erməniyə mədəni muxtariyyət verilməsi məsələsini müzakirə edir?
Əgər Azərbaycan hakimiyyətinin siyasətini müəyyən edən şəxs Prezident İlham Əliyevdirsə, o, 10 noyabr tarixində xalqa müraciətində açıq şəkildə elan etdi: “Nə qədər ki, mən Prezidentəm, heç bir status olmayacaq”.
Heç bir status yoxdur, cənab səfir, müğənni, xalq artisti Polad Bülbüloğlu?! Aydındır? Mədəni muxtariyyət isə status deməkdir. Ona görə də səfirin cavabı ən yüksək səviyyədə gecikmədi. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirdi ki, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir.
H.Hacıyevin sözlərinə görə, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə, Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər.
Bu münasibət və rəsmi açıqlama həm də deməyə əsas verir ki, P.Bülbüloğlu Bakıya çağırıla bilər. Özü də çoxdan vaxtı yetişib.
Polad Bülbüloğlu bu xalqın çox böyük sənətkarının oğludur, özü də çox böyük sənətkardır. Amma Azərbaycan əsgərinin qanı-canı bahasına aparılan misilsiz milli siyasəti təmsil etmək imkanına malik olmadığını nümayiş etdirdi. Onun diplomat mandatının ləğvi və çamadanını yığıb Moskva-Bakı reysi ilə geri qayıtması ən optimal addım olardı.
Serbiyada səfir olmuş, hazırda dörd divarlıq hücrədə saxlanan Eldar Həsənovdan fərqli olaraq, Bakıda ahıl ömrünü sakit yaşaması Bülbüloğu üçün ən yaxşı sonluq olardı. Hər halda ölkə rəhbərliyi ictimai rəyi də diqqətlə izləyir. Sosial media platformalarında insanlar, tanınmışlar Rusiyadakı səfirimizi istefaya çağırırlar.
Deputat Elman Nəsirov da “Yeni Müsavat”a qeyd etdi ki, P.Bülbüloğlunun son hadisələrlə bağlı səsləndirdiyi fikirlər haqlı olaraq ictimai rezonans doğurub. Deputat xatırlatdı ki, bu məsələ parlamentdə də qaldırıldı, sosial şəbəkələrdə də ciddi müzakirə olunmaqdadır.
E.Nəsirovun sözlərinə görə, Ermənistanın baş naziri üçtərəfli sənədə imza atmaqla ölkəsinin hərbi kapitulyasiyanı etiraf edib və bu zəfərin qəhrəmanı Ali Baş Komandandır, Ordumuzdur və xalqdır. “Bu reallıq fonunda isə ictimai vəzifə tutan şəxslər belə səhvlərə yol verməməlidir, çıxışlarında diqqətli olmamalıdır. Təəssüf ki, Polad Bülbüloğlu iki səhvə yol verib. O, Azərbaycan Prezidentinin yürütdüyü siyasətdən xəbərsiz olduğunu göstərib. Halbuki, səfir Prezidentin siyasətini bilməlidir. Prezident xalqa müraciətində bəyan etdi ki, Qarabağla bağlı heç bir status yoxdur, keçmişə qayıdış olmayacaq. Səfir isə mədəni muxariyyətdən, hansısa statusdan danışır, saralmış konspektdən nələrisə oxuyur. Bu, qəbuledilməz yanaşmadır”, - deyə deputat vurğuladı.
E.Nəsirov səfirin çıxışında ikinci səhvin isə hərbi vertolyotla bağlı olduğunu söylədi: “Bu faciəvi hadisə ilə bağlı Prezident rusiyalı həmkarı ilə danışıb, vəziyyətə aydınlıq gətirib, faktla bağlı cinayət işi açılıb. Bu məsələ ilə bağlı günahkarlar cəzalandırılacaq, eyni zamanda zərər çəkənlərin yaxınlarına kompensasiya ödəniləcək. Prezidentin bu mövqeyi olduğu halda səfirin ”müharibədə belə şeylər olur" söyləməsi kobud səhvdir, Rusiya siyasi dairələrində ciddi narazılığa səbəb yaratmaqdır. Hesab edirəm ki, bu məsələlərdən sonra Polad Bülbüloğlunun tutduğu vəzifə ilə bağlı qərar verilməsi gündəmə gəlir".
REAL Partiyasının sədri İlqar Məmmədov feysbuk hesabında “yaxşı ki, rəsmi Bakı Polad Bülbüloğlunun müsahibəsini tənqid etdi” yazıb. Partiya lideri bildirib ki, P.Bülbüloğlu Rusiyanın “RBK” telekanalına geniş müsahibə verib Ermənistana qarşı sərt görünən ifadələr işlətsə də, onun Türk sülhməramlılarına dair sözləri Türkiyə tərəfinin açıqlamaları ilə üst-üstə düşmürdü: “Ən incə mövzuya dair Azərbaycan rəhbərliyinin sükut saxladığı özəl məqamda Rusiyadakı səfirin belə bəyanat verməsi çox yanlış idi. Onun bəyanatı Azərbaycan-Türkiyə yaxınlığına tərs baxanların istinad nöqtəsinə çevrilə bilərdi. Yaxşı ki, müsahibənin bütövlükdə çox da ciddi olmadığını Bakı öz reaksiyası ilə dərhal bildirdi, hətta başqa səbəbə görə olsa da”.
Deputat Vahid Əhmədov da parlamentdə çıxışında deyib ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar: “Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir. Belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər. Özləri istefa verib getməlidirlər”.
V.Əhmədov qeyd edib ki, Prezidentin dediyi kimi Azərbaycan heç vaxt, heç bir muxtariyyət barədə söhbət etməyəcək: “Heç bir muxtariyyət verilməyəcək. Prezidentin dediyi kimi, nə qədərki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır”.
“Yeni Müsavat”