Rusiya Xarici İşlər Nazirliyi (XİN) erməni milliyyətindən olan Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmaması məsələsini yenidən qaldırıb. Bu dəfə ermənilərlə əlaqədar ölkəmizin Rusiyadakı səfirliyinə yaddaş qeydi göndərib. Sənəddə “Azərbaycanın hava limanlarında Rusiya vətəndaşlarına münasibətdə ayrı-seçkilik”dən narahatlıq əksini tapıb. Həmçinin bildirilib ki, “Azərbaycan tərəfi növbəti dəfə rusiyalı həmkarlarını ümidvar edib ki, problemin həll edilməsi üçün addımlar atılacaq”.
Ötən həftə isə Rusiya XİN sözçüsü Mariya Zaxarova Azərbaycan dövlətini aşağılayıcı tərzdə iddia eləmişdi ki, guya Bakı “öz səhvlərini düzəldəcəyinə” söz verib.
Azərbaycan XİN isə mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın timsalında ona sərt cavab vermiş, Bakının erməni vətəndaşlarla bağlı Moskvaya hər hansı bir vəd vermədiyini də diqqətə çatdıraraq, bir daha Azərbaycanın mövqeyini izah eləmişdi. Əsas motiv qismində isə Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması və həmin erməni vətəndaşların özlərinin təhlükəsizliyi də qeyd olunmuşdu.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə Rusiya tərəfinin səfirliyə yaddaş qeydi göndərməsini təsdiqləyərək deyib ki, diplomatik təcrübədə qeyd kimi ötürülmüş informasiyanın KİV-də yayımlanması düzgün deyil. “Ona görə ki, bu, rəsmi diplomatik yazışma deyil. Mənə bu məlumatın KİV-ə ötürülməsi təəccüblü gəlir, belə ki, lap bu günlərdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yaranmış vəziyyətə dair obyektiv şərh vermişdi. O da təəccüblüdür ki, məlumatda Azərbaycan tərəfinin problemin tənzimlənməsi ilə bağlı hansısa ümid verməsindən danışılır. Sual yaranır: Azərbaycan tərəfi dedikdə kim nəzərdə tutulur? Şəxsən mən, bir səfir kimi, heç kimə ümid verməmişəm. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu cür tənzimləmələr həmin kateqoriyadan olan şəxslərə qarşı onların vətəndaşlıq mənsubiyyətindən asılı olmadan tətbiq edilir və bu vəziyyət Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi ilə əlaqədardır və ilk növbədə elə həmin şəxslərin özlərinin təhlükəsizliyinin qorunmasına yönəldilib. Beynəlxalq təcrübədə var ki, ölkələr səbəbini belə izah etmədən müəyyən şəxslərə öz ərazilərinə daxil olmağa icazə vermirlər”, - deyə o qeyd edib.
Beləliklə, açıq-aşkar görünür ki, Rusiya-Azərbaycan münasibətlərində erməni məsələsinə görə bir sərtləşmə prosesi gedir. Bu barədə “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, son dövrlər Rusiya hökumətinin bir qanadı Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi bir zamanda bu münasibətləri sanki korlamaq qərarına gəlib: “Ortalıqda da ciddi bir səbəb olmadığından erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana girişinin qarşısı alınması məsələsini süni söz-söhbət obyektinə çevirirlər. Bu məsələdə mahiyyəti ermənipərəst şəxs olan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha fəal görünür. Amma bu fəallığın arxasında bir ”dirijor çubuğu"nun olduğunu görməmək də mümkün deyil. Həmin “dirijor çubuğu”nun işarəsi ilə Mariya Zaxarova Azərbaycanı guya beynəlxalq konvensiyaları pozmaqda təqsirləndirir, erməni əsilli Rusiya vətəndaşlarının ölkəyə buraxılmasının qarşısının alınmasını insan haqları pozuntusu kimi təqdim etməyə çalışır. Amma bu, çox əsassız və məntiqdən uzaq bir iddiadır. Azərbaycan uzun müddətdir Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun, sadəcə, öz doğma rayonu olan Kəlbəcərə gedib anasının məzarını ziyarət etməsinə görə Ermənistan silahlı qüvvələri tərəfindən tutularaq qondarma “Dağlıq Qarabağ məhkəməsi” tərəfindən ömürlük cəzaya məhkum edilməsi ilə bağlı dəfələrlə Rusiyaya müraciət etsə də Rusiya öz vətəndaşının taleyi ilə zərrəcə maraqlanmayıb. Ancaq indi hansısa erməni vətəndaşının Azərbaycana gediş-gəlişinin qayğısına qalır. Halbuki heç Rusiyanın özü də təminat verə bilməz ki, Azərbaycana gəlmək istəyən erməni əsilli Rusiya vətəndaşlarının sırasından təxribatçılıq məqsədilə, casusluq məqsədilə gəlməyənlər olmayacaq. Rusiya Xarici İşlər Nazirliyi unutmamalıdır ki, Azərbaycan torpaqları hələ də ermənilərin işğalı altındadır, bu işğal aradan qalxmayınca ermənilərə Azərbaycanda münasibətin dəyişməsini gözləmək məntiqsizlikdir. Əsli erməni olan Sergey Lavrov bütün bunları bildiyi halda Rusiya-Azərbaycan münasibətlərində problem yaratmağa çalışır".
Politoloq qeyd etdi ki, bununla Rusiya XİN-də kök atmış ermənilər və ermənipərəst qüvvələr Ermənistana kömək edirlər: “Rusiya-Ermənistan münasibətlərində son zamanlar baş verən soyuqluğu, gərginliyi onlar gündəmdən çıxarmağa, Rusiya ilə Azərbaycanın münasibətlərini pozmağa çalışırlar. Məsələnin bu tərəfi kifayət qədər diqqət çəkicidir. Onların Azərbaycanın Rusiyadakı səfirliyinə yazdığı məktublarda müəyyən qədər təhdid xarakterli fikirlər yer alsa da, səfirlik haqlı olaraq bunun diplomatik normalardan kənar olduğunu əsaslandıraraq qəbul etməmişdi. Belə görünür ki, Rusiya elitasının yuxarı dairələri ilə, xüsusilə Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında dostluq münasibətlərinin daha da dərinləşməsi, Azərbaycan-Rusiya münasibətlərinin az qala strateji müttəfiqliyə doğru yön alması Rusiya XİN-dəki qüvvələri hətta provokasiya xarakterli addımlar atmağa sövq edir. Mariya Zaxarovanın bir həftənin içində ikinci dəfə məlum məsələni o şəkildə ortaya atması provokasiyadır və münasibətləri korlamağa hesablanıb. Bütün bunlar onu göstərir ki, Rusiyanın XİN-dəki ermənipərəst lobbi qrupu bundan sonra daha da fəallaşacaq”.
Q,Hüseynli hesab edir ki, Rusiyadan Azərbaycana qarşı addımlarda Azərbaycanın Avropa İttifaqı ilə saziş imzalamasına hazırlıq məsələsi də müəyyən qədər təsir göstərir: “Martın sonlarına doğru Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalaması gözlənilir. Bu saziş 2018-ci ildə tərəflər arasında müzakirə edilərək paraflanmış və demək olar ki, imzalanmağa hazır vəziyyətdədir. Rusiya tərəfindən Azərbaycana qarşı bəhanələrlə təzyiqlər edilməsində bu amil də dayana bilər. Rusiya tərəfi Azərbaycanın qərbyönümlü siyasətinin, Avropa İttifaqına inteqrasiyanın qarşısını müxtəlif maneələrlə almağa çalışır. Bütün bu əngəlləri yaratmaq missiyasını isə xüsusilə Rusiya XİN və onun rəhbərliyi həyata keçirmək niyyətindədir”.
Politoloq sonda vurğuladı ki, Rusiyada Azərbaycanın mövqeyini müdafiə edən qüvvələr də var. “Həm rəsmi dairələrdə, həm ziyalılar, həm politoloqlar sırasında belə qüvvələrin sayı getdikcə artır. Azərbaycanı müdafiə edən qüvvələrin sayının getdikcə artmaqda olduğunu hiss edən Rusiya XİN-dəki ermənilər və ermənipərəstlər bütün güclərini işə salıblar ki, iki ölkə arasında münasibətlər soyuqlaşsın. Lakin hesab edirəm ki, həmin məkrli qüvvələr öz məqsədlərinə nail ola bilməyəcəklər. Münasibətlər hər iki dövlətin başçılarının müəyyən etdiyi hədəflər uğrunda davam edəcək”, - deyə politoloq əlavə elədi.