Azərbaycan ordusu komanda-qərargah hərbi oyunları çərçivəsində növbəti genişmiqyaslı təlimlər keçirir. “Yeni Müsavat” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hərbi oyunlarda hücum əməliyyatları zamanı qruplaşmaların hərtərəfli təchizatı və idarə edilməsi, habelə qarşılıqlı şəkildə əlaqələndirilməsi məsələləri məşq edilir.
Verilən məlumatlara görə, hərbi oyunlara cəlb edilən vəzifəli şəxslərin təlimlərdə operativ vəziyyət barədə məruzələri dinlənilib və qruplaşmaların hücum üçün ilkin vəziyyətə gətirilməsinə nəzarət təşkil olunub. Bundan əlavə, təlimlər çərçivəsində Naxçıvan qarnizonu da muxtar respublikadakı Əlahiddə Ümumqoşun Ordusu komandanın rəhbərliyi ilə tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Göründüyü kimi, təlimlərdə əsas hədəf sırf hücum ssenarisini, antiişğal ssenarisini mənimsəməkdir.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan qanunsuz hərbi təlim keçirib. Özü də bu təlimlər baş nazi əvəzi Nikol Paşinyanın Qarabağa növbəti qanunsuz səfərindən dərhal sonra başlamışdı. Bu xüsusda Azərbaycan ordusunun komanda-qərargah təlimləri həmin avantüraya operativ və layiqli cavab sayıla bilər.
*****
Erməni qaynaqlarının xəbərinə görə, qanunsuz təlimlər müdafiə xarakteri daşıyıb. Yəni “Azərbaycanın mümkün hücumu”na qarşı hazırlığı artırmaq niyyəti güdüb. Ancaq Azərbaycan başqa dövlətə, o cümlədən Ermənistana hücum eləməyə hazırlaşmır. Onun öz sərhədləri daxilində də kiməsə hücum eləməsindən yox, antiterror əməliyyatı aparmasından söhbət gedə bilər. Bu yaxınlarda Naxçıvan istiqamətində silahlı qüvvələrimizin bir az da irəliləyərək daha uğurlu mövqe tutması da Ermənistana hücum niyyəti güdmür. Yalnız preventiv, xəbərdaredici mesaj xarakteri daşıyır.
Başqa sözlə desək, əgər Qarabağda antiterror əməliyyatı zamanı, yaxud Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilərkən Ermənistan bilavasitə separatçılara kömək eləsə, o zaman o, həm də Naxçıvan tərəfdən sarsıdıcı zərbələr almış olacaq. Yəni “ikinci cəbhə” məsələsi.
Gələn məlumatlara görə, düşməni ən çox qorxudan da budur - Naxçıvandan, arxadan “ikinci cəbhə”nin açılması. Düşmən tərəfin yuxusunu qaçıran həm də odur ki, Naxçıvan Qars müqaviləsinə görə Türkiyənin qarantı altındadır və onun uzaq nöqtəsindən İrəvana isə cəmi 50 km-lik məsafə var. Bu, o deməkdir ki, düşmən ölkənin paytaxtı, Metsamor AES asanca Naxçıvanda yerləşən, Türkiyə istehsallı “Qasırğa” raket kompleksinin hədəfinə gələ bilər.
Maraqlıdır ki, bu arada Dağlıq Qarabağdakı separatçı rejimlə Ermənistan arasında “hərbi-siyasi müttəfiqlik sazişi” məsələsi yenidən gündəmə gəlib. Belə ki, “Yeni Müsavat”ın erməni KİV-ə istinadən verdiyi xəbərə görə, “DQR”-in “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan “Aravot” qəzetinə deyib ki, separatçı rejim və Ermənistan tezliklə belə bir müqavilə imzalayacaq. “Biz bu təkliflə Ermənistan rəhbərliyinə hələ mayda müraciət etmişik. Lakin Ermənistan daxilindəki hadisələrə görə onun imzalanması təxirə salınıb. Ancaq fikrimcə, parlament seçkilərindən az sonra sənəd imzalanacaq”, - deyə separatçı əlavə edib.
Təbii ki, bu da Azərbaycanın masa üzərinə gələn antiişğal ssenarisindən yana artan təlaşla bağlıdır.
*****
Söz yox ki, Ermənistan da Rusiyanın KTMT-nin üzvüdür. Rusiya isə indi nə Azərbaycan, nə də Türkiyə ilə hərbi toqquşmada maraqlı deyil. Çünki getdikcə daha da sərtləşən sanksiyalardan əziyyət çəkən Rusiya regionun bu iki mühüm dövləti sıx iş birliyindədir. Söhbət ilbəil genişlənən iqtisadi-ticari, turizm əlaqələrindən, nəqliyyat və energetika sferalarında razılaşdırılmış çoxmilyardlıq ortaq layihələrdən (“Şimal-Cənub” nəqliyyat dəhlizi, “Türk axını”, Akkuyu AES layihəsi və s.), həmçinin Bakı və Ankara ilə çoxmilyardlıq hərbi-texniki əməkdaşlıqdan gedir.
Moskva şübhə yox ki, ermənilərin torpaq iddialarına görə bütün bunların, öz köklü maraqlarının üstündən xətt çəkə, üstəgəl, dostların qıt olduğu dönəmdə özünə daha iki ciddi düşmən qazanmaq istəməz. Bu mənada işğalçı ölkə əslində Rusiya üçün getdikcə əlavə lazımsız yükə, daha dəqiqi, “qulpsuz çamadan”a çevrilir, yazsaq, yəqin ki, yanılmarıq.
Demək, Rusiya vaxt itirmədən Qarabağ konfliktinin nizamlanması yönündə diplomatik həmləyə nail olmalıdır. Çünki bunu hər şeydən öncə onun öz maraqları diktə edir. Ən azından, vəziyyətin nəzarətdən çıxaraq, genişmiqyaslı müharibə variantına keçməməsi üçün Kreml bir an öncə təsirli tədbirlər görmək zorundadır. Çünki heç kim zəmanət verə bilməz ki, təmas xəttində hər gün özünü göstərən qığılcımlar günün birində böyük müharibəyə nədən olmayacaq.
Müharibəyə qarşı ən yaxşı sığorta isə Dağlıq Qarabağ ətrafında heç olmasa, beş rayonun qeyd-şərtsiz Azərbaycana qaytarılması ola bilər. Bəzi təhlilçilərə görə, Rusiya hələ ki Ermənistanda növbədənkənar parlament seçkilərinin yekununu və orada legitim hakimiyyətin formalaşmasını gözləyir. Ondan sonra, daha dəqiqi, Nikol Paşinyan hökumətinin xarici siyasət oriyentasiyasına əmin olduqdan sonra Kreml Qarabağ məsələsində də mövqeyini dəqiqləşdirəcək.
*****
Müharibə amilinə İran ətrafındakı vəziyyətin də təsiri mümkündür. Nəzəri səslənsə də, İranın parçalanması halında Güneylə Quzey Azərbaycanın birləşməsi Ermənistanı qat-qat qəliz vəziyyətə salardı. Çünki birləşmiş Azərbaycan üçün Qarabağ ixtilafını hərbi yola nizamlamaq problem olmayacaq. Bu variantı az öncə erməni ekspertlərindən biri də dilə gətirmişdi.
Qısası, zaman artıq ermənilərə işləmir. Düşünmək üçün İrəvanın vaxtı azalır. Elə Moskvanın da...
“Yeni Müsavat”